Məhkəmə qərarları › İş №2(054)-22/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-22/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-22/2025 03.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızının iştirakı ilə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı cavabdehdən 70000 manat pulun və 300 manat dövlət rüsumunun xeyrinə alınması, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları və yaxud onların dəyərinin alınması tələbinə dair mülki işə 03 fevral 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 70000 manat pulun və 300 manat dövlət rüsumunun xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə daxil olmuş qarşılıqlı iddia ərizəsi ilə İddiaçı 1 ədəd, dəyəri 5800 manat olan “Luch” markalı qızıl saat, 1 ədəd, çəkisi 100 qram, dəyəri 9500 manat olan tros sep (zəncir), 1 ədəd, çəkisi 10 qram, dəyəri 950 manat olan üzük, gəlininə məxsus, dəyəri 12000 manat olan komplektdən (1 ədəd zəncir, 1 cüt sırğa, 1 ədəd bilərzikdən ibarət dəst) ibarət qızıl-zinət əşyalarının, yaxud onların dəyərinin tutularaq ona verilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh bağ sahəsi almaq məqsədilə iddiaçının atası X1 70000 manat pul almış, lakin sonra pulu qaytarmamışdır. İddiaçının atası xx.xx.2024-cü il tarixdə vəfat etmiş, iddiaçı vərəsə olaraq onun əmlakını idarə etməyə başlamışdır. Buna görə də iddiaçı cavabdehdən həmin pulu istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı bu barədə Bakı şəhəri, Sabunçu rayon polis idarəsi 14-cü polis şöbəsinə ərizə ilə mürciət etmiş, buna uyğun olara araşdırma aparılarkən cavabdeh izahat verərək mərhuma 34000 manat borcunun olmasını etiraf etmiş, borcu hissələrlə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq cavabdeh həmin məbləğdən də ödəniş etməmişdir. İddiaçının iddia tələbinin əsaslı olması ilə bağlı şahidləri də vardır. Beləliklə, cavabdeh etibardan sui-istifadə edərək iddiaçını və atasını aldatmış, dələduzluq edərək onlara ziyan vurmuşdur. Cavabdeh mərhuma olan borcunu onun varisi olan iddiaçıya qaytarmaq əvəzinə özünün və gəlininin qızıl-zinət əşyalarını guya Yaqub İsa-zadəyə verdiyini bildirir və qarşılıqlı iddiasının təmin edilməsini xahiş edir. Halbuki onun qızıl-zinət əşyalarını iddiaçının mərhum atasına verdiyinə dair sübutu yoxdur. İlk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı Nərgiz Abdullayeva onun keçmiş qonşusu, mərhum İsa-zadə Yaqub Mabud oğlunun qızıdır. İddiaçının anası atasından boşanmış və iddiaçı da ayrı yaşamaqla öz atası ilə maraqlanmamışdır. O isə bir qonşu kimi Yaquba daim qulluq edib xəstələnəndə sağalmasına köməklik edərək 21 il müddətində qulluğunda durmuşdur. Həmin müddətdə bir dəfə də olsun qızı Nərgizi onun yanında görməmişdir. İsa-zadə Yaqub nə qızının, nə də başqa birinin yanında ona pul verməmişdir. Onun sübutu ola bilməz. 2022-ci ilin aprel ayında o, Qəbələ rayonunda babasından qalan bağ sahələrini sənədləşdirmək və sonra satıb gəlir əldə etmək məqsədilə İsa-zadə Yaqub Mabud oğlundan borc pul istəmiş, Yaqub yalnız bağ sahəsinə baxdıqdan sonra qızıl girov qoymaq şərtilə ona faizə borc pul verəcəyini söyləmişdir. Onunla razılaşmış və yoldaşına məxsus 1 ədəd, dəyəri 5800 manat olan “Luch” markalı qızıl saat, özünə məxsus 1 ədəd, çəkisi 100 qram, dəyəri 9500 manat olan tros sep (zəncir), 1 ədəd, çəkisi 10 qram, dəyəri 950 manat olan üzük, gəlininə məxsus, dəyəri 12000 manat olan komplektdən (1 ədəd zəncir, 1 cüt sırğa, 1 ədəd bilərzikdən ibarət dəst) ibarət qızıl-zinət əşyalarını girov verərək Yaqub İsa-zadədən 34000 manat borc pul götürmüşdür. Bu barədə Yaqub İsa-zadə öz dəftərinə qeyd etmiş, hər ikisi imza etmişlər. Həmin dəftər hazırda iddiaçıdadır. Babasından qalan bağ sahələri yol çəkilişi ilə əlaqədar plana düşdüyündən sənədləşmə işləri alınmamışdır. Bu səbəbdən artıq faiz ödəməmək üçün borc götürdüyü pulun 14800 manat hissəsini dərhal qaytarmışdır. Həmin vaxt qalan 19200 manat pulu hissə-hissə faizi ilə birgə geri qaytaracağını və qızıllarını geri götürəcəyini Yaqub İsa-zadəyə bildirmişdir. Hətta pensiya kartını da ona vermişdir. İddiaçının atası kartdan 19 ay müddətində 4 ay hər dəfə 370 manat, qalan 15 ay hər dəfə 500 manat götürüb borcundan çıxmışdır. 2022-ci ilin dekabr ayı da daxil olmaqla, yəni yoldaşı rəhmətə gedənə qədər 8 ay pensiyadan əlavə hər ay 500 manat nağd şəkildə faiz ödəmişlər. Yaqub İsa-zadənin xahişi ilə 2023-cü ilin sentyabr ayında ABB-dən 5400 manat kredit, oktyabr ayında oğlundan 3000 manat borc götürərək ona vermiş, həmçinin oktyabr ayında onun müalicə olunduğu Bayıl qəsəbəsində yerləşən “Dünyagöz” xəstəxanasının qarşısında 3700 manat borcundan qaytarmışdır. Noyabr ayında Yaqub İsa-zadənin yaşadığı İvanovka qəsəbəsinə gedib ona 1250 manat son borcunu qaytardıqdan sonra onun pensiya kartı geri verilmişdir. Həmin pulu onun qulluqçusu olan qadının yanında verib. Ümumilikdə faizlə birlikdə 41130 manat pulu Yaqub İsazadəyə qaytarmışdır və ona heç bir borcu qalmamışdır. Yaqubun borcunu qaytarmasaydı, o onu məhkəməyə verərdi. Yaqub İsazadə rəhmətə getməzdən əvvəl ondan verdiyi qızılları tələb etsə də, o, oğlunun aliment işinə görə qızılları onun razılığı olmadan girov qoyaraq 7000 manat pul götürdüyünü, qızılları tez bir zamanda qaytaracağını bildirdiyindən qonşuluq münasibətinə görə ondan şikayət etməmişdir. xx.xx.2024-cü il tarixdə Yaqub vəfat etdikdən sonra onun vərəsəsinin kim olduğunu bilmədiyindən qızılları tələb etməmişdir. Hazırki işin gedişində vərəsənin kimliyi məlum olduğundan qarşılıqlı iddia vermişdir. Pulun və qızılın alınıbverilməsini notariat vasitəsi ilə etməyiblər, çünki ora rüsum ödənilməli idi, Yaqub isə buna razı olmadı. Onun sübutları Yaqub İsa-zadənin iddiaçıda olan dəftərindəki məlumatlardır. Həmin dəftər Nərgizdən alınmalı və araşdırılmalıdır. İlk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, eləcə də cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası vətəndaşının iş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan Respublikasında anadan olub. Azərbaycan Respublikası vətəndaşının iş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsa-zadə Yaqub Mabud oğlu xx.xx.1954-cü ildə Azərbaycan Respublikasında anadan olub. İş materiallarında olan doğum haqqında Vİİ-JQ 257942 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci ildə 651 nömrə ilə qeyd edilmiş, atası İsa-zadə Yaqub Mabud oğlu, anası X2r. İş materiallarında olan ölüm haqqında AZ-İİ 402388 saylı şəhadətnamənin surətindən görünür ki, İsa-zadə Yaqub Mabud oğlu xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə İsmayıllı rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 18 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli, 2V- 343 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş İsazadə Yaqub Mabud oğlunun vərəsələri Bakı şəhər sakinləri-qızı İddiaçı və oğlu İsa-zadə Kamran Yaqub oğludur. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis şöbəsinin iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı vərəsəsi olduğu atası İsa-zadə Yaqub Mabud oğlunun İradə adlı qadına torpaq almaq üçün 70000 manat pul verməsi, lakin həmin qadının atasını aldadaraq torpağı almadığı, pulu isə qaytarmayaraq ona qarşı dələduzluq etdiyi barədə xx.xx.2024-cü il tarixdə şöbəyə müraciəti əsasında araşdırma aparılmış, aradırma zamanı Cavabdeh izahat verərək İddiaçı atasından babasından qalan bağı sənədləşdirmək üçün 34000 manat faizə pul aldığını, işi alınmadığından pulun 14800 manatını dərhal qaytardığını, 2023-cü ildə bankdan 5400 manat götürərək Yaqub İsa-zadəyə verdiyini, oktyabr ayında Yaqubun yaşadığı İvanovka qəsəbəsinə gedərək ona 1250 manat pul verdiyini, Yaqub ona az borcu qaldığını, əgər ölərsə həmin pulu ona halal etdiyini dediyini, 2024-cü ilin yanvarında Nərgizin ona zəng vuraraq atasının öldüyünü, yasa niyə gəlmədiyini dediyini, cavabında ona xəbər edilmədiyini dediyini bildirmişdir. İraşxandə izahatında daha sonra bildirmişdir ki, Nərgiz ona zəng edərək atasından aldığı pulu niyə qaytarmadığını soruşmuş, o isə cəmi 34000 manat pul aldığını, pulun böyük hissəsini qaytardığını, qalan pulu hissə-hissə ödəyəcəyini demişdir.İraşxandə daha sonra bildirmişdir ki, onun pensiya kartı iki il Yaqubda qalıb. Yaqubun kartdan çıxardığı pulları da hesablayıb qalan cüzi məbləği İddiaçı hissələrlə ödəyəcəkdir. Şikayət mahiyyətinə görə mülki xarakterli olduğundan sözügedən qərarla cinayət işinin başlanması rədd edilmiş, şikayət verən şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Yaqub İsa-zadədən 34000 manat borc pul götürmüşdür. O həm məhkəmə iclasında, həm iddia ərizəsinə etirazında, həmçinin qarşılıqlı iddia ərizəsində həmin pulu iddiaçının atası olan Yaqub İsazadədən faizə götürdüyünü, əvəzində ərinə, özünə və gəlininə məxsus qızıl-zinət əşyalarını giriv qoyduğunu, pulu faizlərlə birlikdə tam şəkildə Yaquba qaytardığını, lakin Yaqubun onun qızıllarını qaytarmadığını, sonra Yaqub öldüyündən və onun vərəsəsinin kim olduğunu bilmədiyindən məhkəməyə müraciət etmədiyini, iddiaçının məhkəməyə müraciəti nəticəsində vərəsəni müəyyən edərək qarşılıqlı iddia ilə qızıl əşyalarını və yaxud həmin əmlakın pulunu tələb etdiyini, bütün sübutların Yaqubda olmuş dəftərdə öz əksini tapdığını, dəftərin Nərgizdə olduğunu və onun Nərgizdən alınmasını bildirsə də, Yaqub kişi öldükdən sonra aparılan araşdırmaya dair cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla onun polis şöbəsində əks məzmunda izahat verdiyi, Yaqub İsa-zadənin varisini əvvəldən tanıdığı, Yaqub İsa-zadədən aldığı 34000 manat puldan bir hissəsini qaytardığını, qalan cüzi məbləği hissələrlə iddiaçıya qaytaracağını dediyi, Yaqub İsa-zadənin onun qızıllarını alıb-qaytarmadığına dair heç bir məlumat vermədiyi müəyyən edilmişdir. Beləliklə məhkəmə Cavabdeh ziddiyyətli izahatlarına qiymət verərək və 34000 manat pulu mərhum Yaqub İsa-zadədən aldığını etiraf etsə də, həmin pulu qaytardığına dair, habelə aldığı pulun müqabilində mərhuma cəmi 28250 manat dəyərində qızıl-zinət əşyalarını girov olaraq verdiyinə dair məhkəməyə sübut təqdim etmədiyini nəzərə alaraq mübahisəyə həmin aspektdən yanaşmaqla qiymət verməyi düzgün hesab edir. Belə ki, mülki prosessual qanunvericiliklə müəyyən edilmiş normalara əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mübahisə qeyd edilən hüquqi mövqedən araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 70000 manat pulun tutulmasını xahiş etsə də, mərhum atası tərəfindən cavabdehə həmin məbləğdə pulun verildiyinə dair sübutları məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh öz izahatları ilə mərhum Yaqub İsa-zadədən 34000 manat pul aldığını etiraf etmişdir. Bununla bərabər cavabdeh həmin pulun böyük bir hissəsini qaytardığını desə də, pulun qaytarılması ilə bağlı sübutetmə vəzifəsinin onun üzərinə düşdüyünə baxmayaraq sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin vərəsəliyə dair müddəaları tətbiq olunmaqla ilk iddia tələbi qismən təmin olunmalı, cavabdehdən 34000 manat pul alınaraq iddiaçıya verilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə bildirir ki, qarşılıqlı iddiaçı mərhum Yaqub İsa-zadədən pul alarkən əvəzində qızıl-zinət əşyalarını girov qoyduğuna dair sübutlarını təqdim etmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia tələbi qismən təmin edildiyindən cavabdehdən təmin edilmiş məbləğə uyğun hesablanmış 192 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. Cavabdeh 34000 (otuz dörd min) manat pul, 192 (bir yüz doxsan iki) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə verilsin. İlk iddia tələbi 36000 manat pul və 108 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar