Məhkəmə qərarları › İş №2(054)-228/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-228/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-228/2023 16.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiacı İddiaçı, onun vəkili Vəkil oğlunun, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15020 manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15020 manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə daxil olmuş vəsatəti ilə işin ərazi aidiyyəti üzrə qeydiyyatda olduğu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayonu Kərimli kəndində yaşayır. 2ci qrup Qarabağ əlilidir. Bakı şəhər sakini Cavabdeh2 və Oğuz rayon Xalxal kənd sakini Cavabdeh1 tanıyır, belə ki, 2021-ci ilin aprel ayında Cavabdeh2 onun sahibi olduğu, Oğuz rayon Kərimli kəndində yerləşən inşaat materialları mağazasına gələrək satıcıdan Oğuz rayon Xalxal kəndində Cavabdeh1 ilə birlikdə inşa etdiyi binanın tikintisi üçün inşaat materialları satın almışdır. Satın aldığı inşaat materiallarının pulunu ödəmişdir. Bundan sonra tez-tez mağazadan bəzən özü, bəzən də digər şəxslər, o cümlədən Cavabdeh1 vasitəsilə müxtəlif mallar satın alıb pulunu ödəmişdir. Özü gəlməyən hallarda onun sifarişi ilə göndərdiyi şəxsə nisyə mallar vermişdir. Bu minvalla inşa etdiyi bina tikilib başa çatanda onun mağazaya 15.020 manat borcu yaranmışdır. Aralarında qarşılıqlı hörmət və inam mövcud olduğundan bir müddət gözləmiş, sonra Cavabdeh2 və Cavabdeh1 dəfələrlə zəng edərək mağazaya qalan borcun ödənilməsini xahiş etmişdir. Son vaxtlar dəfələrlə cavabdehlərə müraciət edərək borcun ödənilməsini tələb etsə də onlar satın aldıqları inşaat materiallarının dəyəri olan borc məbləğindən qalan 15.020 (on beş min iyirmi) manat pulu ödəməkdən yayınırlar. Cavabdehlərin bu hərəkətləri nəticəsində hüquqları pozulmuş, hüquqlarının məhkəmə qaydasında bərpa edilməsi üçün vaxt və vəsait sərf etmək məcburiyyətində qalaraq maddi ziyan çəkmişdir, belə ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə bağlı hüquqi yardım üçün vəkilə 500 manat pul ödəmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə edilmiş diskə köçürülmüş səs yazıları ilə tələb edilən borcun böyük bir hissəsi etiraf edilir. Tikinti materiallarını cavabdehlərin ikisi alıb, obyekt tikiblər. Həmin obyekt “Bal ayı” restoranı kimi fəaliyyət göstərir. Cavabdeh1 həmin obyekti digər cavabdehlə birlikdə inşaat materialları alaraq inşa edib və işlədir. Yer və VÖEN Cavabdeh1 adınadır. Cavabdeh2 vəsatəti əsassızdır. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Oğuz rayon Kərimli kəndində yerləşən, iddiaçıya məxsus inşaat materialları mağazasından aldığı və ya verdiyi heç nə olmayıb. Oğuz rayon Xalxal kəndində tikilmiş olan obyektlə heç bir əlaqəsi yoxdur. İddiaçı ilə digər cavabdeh olan Nəsiminin tanışlığı onun vasitəsilə olmayıb. Kafedə oturanda Nəsimi və iddiaçının oğlu Tural özləri tanış olublar. Özü cavabdeh Nəsimiyə aid olan obyektdə usta işləyib. Onun iddiaçıya borcu yoxdur. Bildiyinə görə digər cavabdehin iddiaçıya 15000 manata qədər borcu vardır. Cavabdeh2 məxsus olan, Oğuz rayon Xalxal kəndində yerləşən həmin obyektin restoran hissəsini bir il ərzində o işlədib. Tikinti təhvil verildikdən sonra adına VÖEN açılıb, müqavilə bağlayıb, amma tikinti malları ilə işi olmayıb. Tikinti aparılanda tikintidə işləyib.Tikinti malları almağa getməyib, sadəcə gələn malları bölüşdürüb. Mallar digər cavabdeh olan Nəsiminin zəngi ilə onun özünün adına gəlib. Yalnız Arazın mağazasından alınmış malları yox, digər yerlərdən gələn malları da o qəbul edib. İddiaçının Cavabdeh2la öz aralarında olan məsələnin ona aidiyyəti yoxdur. İddiaçı iddiasının ona aid hissədə rədd edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən ********** VÖEN-lə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə hazırda aktiv fəaliyyətdədir. İşə əlavə edilmiş elektron çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən ********** VÖEN-lə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə fəaliyyətini müvəqqəti dayandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə görə aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir (Həmin Məcəllənin 32.6-cı maddəsi). Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. (Həmin Məcəllənin 32.7-ci maddəsi). Hazırki iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərdən keçirilərkən müəyyən edildi ki, İddiaçı və Cavabdeh1 vergi ödəyicisi olmaqla onların arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olub iddiaya baxılması MPM-in hazırda qüvvədə olan 30-cu maddəsinin tələbləri nəzərə alınmaqla kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğundan digər Cavabdeh2 vəsatəti qismən təmin edilməli, iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15020 manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar