Məhkəmə qərarları › İş №2(054)-232/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-232/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-232/2022 07.07.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1084,99 manat əsas borc, 245,12 manat faiz borcu, 368,28 manat cərimə - cəmi 1698,39 manat borc və 36,99 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 işə iddia icraatı qaydasında baxılması üzrə məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 056L**********17 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin adına 120 (bir yüz iyirmi) ay müddətinə 100.000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2018-ci il tarixli 056S**********03 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 uzunmüddətli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, zamin - hazırki iş üzrə digər Cavabdeh2 onunla birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 fərdi mikro kredit məqsədi ilə 12 ay müddətinə aylıq 2,1667 % dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməklə, müqavilə müddəti ərzində cəmi 4597,66 manat kredit borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2021ci il və xx.xx.2021-ci il sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir. Hazırda Cavabdeh1 xx.xx.2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 1084,99 manat əsas borc və 245,12 manat faiz borcu yaranmış, borcun gecikdirilməsinə görə 368,28 manat cərimə hesablanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ərizə ilə məhkəməyə müraciət etmək üçün 36,99 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 1084,99 manat əsas borc, 245,12 manat faiz borcu, 368,28 manat cərimə - cəmi 1698,39 manat borc məbləğini və dövlət rüsumu kimi ödənilmiş 36,99 manat məbləği müştərək qaydada cavabdehlərdən tələb edir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh1 oğlu məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməklə izahat verərək göstərmişdir ki, onunla iddiaçı arasında kredit müqaviləsi bağlandıqdan sonra bir müddət kreditin aylıq ödənişlərini həyata keçirmiş, lakin sonradan maddi imkansızlıq üzündən aylıq ödənişlərdə gecikmələr olmuşdur və yaxın vaxtlarda kredit borcunun qalan hissəsini ödəməyə çalışacaqdır. Lakin hesab edir ki, iddiaçı tərəfindən cərimə əsassız olaraq hesablanmışdır. Digər cavabdeh də onun qohumudur. Qeyd etdiklərinə əsasən onun və digər cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla cərimə məbləği ödəməkdən azad edilmələrini və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Cavabdeh2 məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 056L**********17 nömrəli uzunmüddətli kredit müqaviləsi, xx.xx.2018-ci il tarixli 056S**********03 nömrəli zaminlik müqaviləsi, xx.xx.2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması, ödəniş planı və həmin tarixli pul köçürmə sənədi, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il sazişlər və onlara aid ödəniş planları, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının və həmin məktublara aid xəbərnamələrin surətləri, xx.xx.2022-ci il tarixli maliyyə arayışı, xx.xx.2022-ci il tarixli hesabdan çıxarış və xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Cavabdeh1 müraciəti əsasında tərəflər arasında iddiaçı tərəfindən Cavabdeh1 adına 120 (bir yüz iyirmi) ay müddətinə 100.000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2018-ci il tarixli 056L**********17 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Cavabdeh1 fərdi mikro kredit məqsədi ilə 12 ay müddətinə aylıq 2,1667 % dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 4597,66 manat kredit borcunu tam şəkildə ödəməli olması barədə ödəniş planı təqdim edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2021ci il və xx.xx.2021-ci il sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin ödənişi qaydalarına tam riayət etməmiş, nəticədə faiz borcu artmış və borcun gecikdirilməsinə görə cərimə hesablanmışdır. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ərizə ilə məhkəməyə müraciət etmək üçün 36,99 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 1084,99 manat əsas borc, 245,12 manat faiz borcu, 368,28 manat cərimə cəmi 1698,39 manat borc məbləği və ərizə ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 36,99 manat dövlət rüsumu məbləğini cavabdehlərdən müştərək qaydada tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit və zaminlik müqavilələrinə, kredit razılaşmasına, pul köçürmə sənədinə, sazişlərə, ödəniş planlarına, xəbərdarlıq məktublarına və maliyyə arayışına istinad edir. Cavabdeh1 iddia tələbini qismən qəbul edir, onun və digər cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla cərimə məbləği ödəməkdən azad edilmələrini və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. Digər Cavabdeh2 məhkəmə iclaslarına gəlmədiyinə görə onun iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən - cərimə azaldılmaqla təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 1084,99 manat əsas borc və 245,12 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə borcun xeyli hissəsini məhkəməyə müraciət edilənədək ödəmişdir. Həmin kredit razılaşması üzrə 368,28 manat cərimə məbləği müqavilənin Cavabdeh1 tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, həmin məbləğ faiz borcu ilə müqayisədə və ümumilikdə yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Məhkəmə qərara gəlir ki, Cavabdeh1 maddi vəziyyəti və onun borcun xeyli hissəsini məhkəməyə müraciət edilənədək ödəməsi nəzərə alınmaqla iddia tələbinin xx.xx.2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 368,28 manat cərimə tutulmasına dair hissəsi qismən - 20,00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 36,99 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə 1084,99 manat əsas borc, 245,12 manat faiz borcu, 20,00 manat cərimə və 36,99 manat dövlət rüsumu - cəmi 1387 (bir min üç yüz səksən yeddi) manat 10 (on) qəpik müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar