Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-244/2024 18.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 18 aprel 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-19 sentyabr 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 160 manat alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh 30 dekabr 2021-ci ildə Şəki ŞİHB Qayabaşı kənd icra nümayəndəliyində 01 sayla qeydə alınmış nikahla ailə qurmuşlar. Birgə nikahdan onların 19 sentyabr 2022-ci il tarixdə anadan olmuş X2 adlı övladı vardır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, azyaşlı uşaq iddiaçının himayəsində saxlanılmaqla Cavabdeh qazancından və başqa gəlirlərindən 19 sentyabr 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat, uşaq üç yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin qətnaməsi qismən, uşağın 3 yaşına çatanadək ananın saxlanması üçün hər ay 50 manat və 200 manat aliment hissəsinin 40 manata aid hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, azyaşlı Yarən Rəhimlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından qətnamə ilə razılaşmalı olmuşlar. Alimentin təyin edildiyi vaxtdan 1 ildən artıq keçmiş, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.Buna görə də hesab edirlər ki, alimentin məbləği artırılmalıdır. Hazırda cavabdeh yığılmış borclar da nəzərə alınmaqla ayda 200 manat aliment ödəyir. Aliment borcunun qalıq məbləği 485 manatdır. Cavabdeh istəsə həmin borcu birdəfəyə ödəyə bilər. Cavabdehin ailə vəziyyəti 235 manat aliment ödəməyə imkan verir. Şəhriyar deyir ki, “traktor işlədirəm”, əslində isə o, traktor işlətmir, traktorların sahibidir, sahibkardır. İddiaçı işləmir, uşaq körpədir. İddia tələbinin təmin edilməsi, alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, əvvəl Bakıda yaşayıb, özəl sektorda satış müvəkkili işləyib, əmək haqqı 900 manat olub, lakin işdən çıxarılandan sonra Şəki rayonu Sarıca kəndinə qayıdıb. Kənddə traktor işlədir, evin bütün dolanışığı ona baxır, lakin iş az olur. Atası, anası və babası ilə birlikdə yaşayır. Maddi vəziyyəti ilə bağlı əvvəllər alimentdən borcu yığılsa da, hazırda hər ay 40 manat əlavə olmaqla 200 manat ödəməklə borcun aradan qaldırılmasına çalışır. Alimentin məbləğinin qismən artırılmasına etiraz etmir, yəni 20 manat əlavə ödəyə bilər. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 766811 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 122 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-35/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, azyaşlı övladının himayəsində qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 30 dekabr 2021-ci il tarixdə Şəki ŞİHB Qayabaşı kənd icra nümayəndəliyində 01 sayla qeydə alınmış nikah pozulmuş, 19 sentyabr 2022-ci il tarixdə anadan olmuş X2 İddiaçı himayəsində saxlanılmış, Cavabdeh qazancından və başqa gəlirlərindən 19 sentyabr 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat, uşaq üç yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. . Şəki Apelyasiya Məhkəməsinin işə əlavə edilmiş 2(107)-511/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-35/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi qismən, uşağın üç yaşına çatanadək ananın saxlanılması üçün hər ay 50 manat və 200 manat aliment hissəsinin 40 manata aid hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, 19 sentyabr 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından xx.xx.2022-ci il təvəllüdlü Yarən adlı qızı vardır. Tərəflərin nikahı pozulmuş, apelyasiya instansiyası məhkəməsinin 27 aprel 2023-cü tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği 160 manat müəyyən edilmişdir. İddiaçı 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olduğunu nəzərə almaqla alimentin məbləğinin həmin həddə müəyyən edilməsini xahiş edir. İddiaçı tərəfindən cavabdehin qazancı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında alimentin məbləğinin 20 manat artırılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə hesab edir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan, hər bir uşağın valideyndən bərabər şəkildə maddi təminat almaq hüququ nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsi ədalətli və mümkündür. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın yaşı və minimal maddi ehtiyacları nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü Yarənin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 185 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 185 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 19 sentyabr 2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-244/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-244/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver