Məhkəmə qərarları › İş №2(054)-246/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-246/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-246/2024 18.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 18 aprel 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-03 oktyabr 2014-cü il tarixdə anadan olmuş Kərimova (Süleymanova) Damla Zair qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 136 manat alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(054)-304/2015 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 atasının Cavabdeh olması müəyyən edilmiş, həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 60 manat alimentin tutulması qərara alınmışdır. Yenidən müraciəti əsasında Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 136 manat müəyyən edilmiş, qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Həmin vaxtdan indiyədək alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh özü Rusiyada işləyir, pul göndərir, valideynləri həmin puldan alimenti ödəyirlər. Özü alimentə arxayın olmur, tütün sahəsində, yaxud mövsümi iş olanda gedib işləyir, bu olmayanda başqa işlərdə çalışır. Qızı ilə birgə anasının yanında yaşayırlar. Uşaq böyüyüb, çox pul xərcləməli olur. Cavabdeh tərəfindən dəfələrlə borc yığılıb, təkid edəndən sonra ödənilib. Alimentin sonuncu dəfə təyin edildiyi vaxtdan 7 ildən artıq keçmişdir.Fikrində tutduğu məbləğ elə 235 manatdır. İddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. İddiaçı isə ötən illər ərzində alimentin artırılması iləbağlı məhkəməyə müraciət etməyib, buna görə də hesab edirlər ki, alimentin məbləği artırılmalıdır.Cavabdehin imkanı var, tələb olunan məbləği ödəyə bilərlər, lakin onlar tərəfdən qərəzli mövqe nümayiş olunur. Cavabdehin atası deyib ki, aliment artırılsa, ödəniş olmayacaq. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 687064 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Yaqubli kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 28 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 241604 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-304/2015 saylı, 24 iyun 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə Oğuz şəhərində anadan olmuş X2 atası olması müəyyən edilmiş, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 60 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. . Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-496/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ödənilən alimentin miqdarı artırılmaqla hər ay üçün 136 manat müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin işə əlavə edilmiş 2(107)-2593/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-496/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 iddia ərizəsində atalığın müəyyən edilməsindən əvvəl olmuş Süleymanova kimi qeyd edilməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin faktiki nikahından xx.xx.2014-cü il təvəllüdlü Damla adlı qızı vardır. 2015-ci ildə cavabdehin uşağın atası olması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və cavabdehdən 60 manat alimentin tutulması qət edilmişdir.Alimentin məbləği 2017-ci ildə məhkəmə qaydasında artırılaraq 136 manat müəyyən edilmişdir. Həmin vaxtdan indiyədək iddiaçı tərəfindən alimentin artırılması barədə məhkəməyə müraciət edilməmişdir. İddiaçı 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olduğunu nəzərə almaqla alimentin məbləğinin həmin həddə müəyyən edilməsini xahiş edir. İddiaçı tərəfindən cavabdehin qazancı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə hesab edir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan, hər bir uşağın valideyndən bərabər şəkildə maddi təminat almaq hüququ nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsi ədalətli və mümkündür. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın yaşı və minimal maddi ehtiyacları nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü Damlanın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 180 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 180 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş Kərimova (Süleymanova) Damla Zair qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar