Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-27/2022 29.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehi oğlunun iştirakı ilə İddiaçı Cavabdehi oğluna qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdehi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1500 manat maddi ziyan məbləği, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 37 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun sifarişi ilə Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, ona və ailə üzvlərinə məxsus olan həyətyanı torpaq sahəsində quraqlıq inşa etmiş, bunun müqabilində cavabdehə zəruri inşaat materiallarının alınması üçün 2500 manat, zəhmət haqqı kimi 500 manat olmaqla, cəmi 3000 manat pul vermişdir. Ancaq həmin tikilinin inşa edilməsindən qısa bir müddət keçdikdən sonra məlum olmuşdur ki, tikili keyfiyyətsiz inşaat materiallarından istifadə edilməklə inşa edildiyindən uçub dağılmaq üzrədir. Bu barədə cavabdehə məlumat verilmiş və o özü də gəlib tikiliyə yerində baxdıqdan sonra tikilinin uçub dağılmaq üzrə olduğunu etiraf etmişdir. Cavabdeh yaxın müddət ərzində tikilini sökərək keyfiyyətli şəkildə yenidən inşa edəcəyini vəd etsə də, sonradan vədinə əməl etməmiş və hazırda da tikilini yenidən inşa etməkdən yayınır. Hazırki vəziyyətdə tikilinin sökülüb yenidən inşa edilməsi üçün ən azı 1500 manat vəsait tələb olunur. Cavabdeh ona tapşırılan işi lazımi şəkildə yerinə yetirmədiyinə və yol verilmiş nöqsanları sonradan da aradan qaldırmadığına görə o, məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdeh onun sifarişini lazımi qaydada yerinə yetirməmişdir. Hazırki vəziyyətdə tikili uçub-dağılmaq təhlükəsindədir. Cavabdehin təqsiri üzündən ona 1500 manat miqdarında maddi ziyan dəymişdir. Tikilinin təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh onun müraciətlərinə məhəl qoymamışdır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, hüquqi yardıma görə vəkilə 100 manat, dövlət rüsumuna 37 manat ödəmişdir. Hazırda o, 1500 manat maddi zərər məbləği, vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 37 manat - cəmi 1637 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, iddiaçının izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehi oğlu iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı tikilinin inşa edilməsi üçün ona inşaat materiallarının alınması üçün 2100 manat və zəhmət haqqı kimi 400 manat pul vermişdir. Tikili üçün lazım olan inşaat materiallarını o özü seçmişdir. Tikili üçün dayaq kimi uzunluğu 3 metr olan dəmir borulardan istifadə edilmişdir. Həmin boruların 0,60 metrdən ibarət hissəsi yerə basdırılmış, tikilinin tavana qədər hündürlüyü isə 2,40 metr olmuşdur. Ancaq o, tikilini inşa etdikdən sonra iddiaçı tikilinin bir qədər də hündür olmasını tələb etmiş və bunun üçün dəmir dayaqlara calaq əlavə edilməli olmuşdur. O, belə bir əlavənin tikilinin möhkəmliyinə zərər verəcəyini bildirmişdir. İddiaçı dəmir dayaqlara calaq əlavə olunmasında təkid etsə də, o, bundan imtina etmişdir. Dəmir dayaqlara calaq başqa bir usta tərəfindən əlavə olunduqdan sonra o, yenidən tikintini davam etdirmiş və ona tapşırılan işi başa çatdırmışdır. Tikilinin ölçülərinin böyük olmasını, yəni hündür və uzun olmasını nəzərə alaraq o, möhkəmliyi və davamlılığı təmin etmək üçün divarın tam şəkildə hörülməsinə əlavə mişar daşı lazım olduğunu demiş, lakin iddiaçı buna maddi imkanının olmadığını bildirmişdir. O da divarın üst hissəsini ara məsafələri saxlamaqla dayaqlar şəklində hörməli olmuşdur. Sonradan isə cavabdeh tikilinin keyfiyyətsiz olduğunu deyərək söküb yenidən inşa etməsini ondan tələb etmişdir. O, iddiaçıya hər hansı miqdarda maddi zərər vurmamış, ona tapşırılan işi lazımi şəkildə və keyfiyyətlə yerinə yetirmişdir. Onun təqsiri üzündən tikilinin keyfiyyətsiz olduğu və iddiaçıya maddi ziyan dəydiyi müəyyən edilərsə, o, həmin maddi ziyanı aradan qaldırmağa razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar iddiaçıya məxsus olan, Oğuz rayonu Dəymədağlı kəndində yerləşən həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilən tikilinin (quraqlıq) tikinti-texniki normalarının tələblərinə cavab verilməklə inşa edilib-edilmədiyini, tikinti zamanı istifadə olunmuş materialların keyfiyyətinin yetərli olubolmadığını, tikintinin uçub-dağılmasına və sair şəkildə zərər görməsinə tikinti zamanı istifadə olunmuş dəmir dayaqlara calaq əlavə edilməsinin səbəb ola biləcəyini, tikintinin təmir edərək yararlı hala gətirməyin mümkün olub-olmaması, yaxud tikilinin sökülərək yenidən inşa edilməli olmasını, tikilini inşa edən şəxsin təqsiri üzündən həmin tikili keyfiyyətsiz və yararsız vəziyyətdə olduğu halda, sifarişçiyə dəymiş maddi zərərin miqdarını müəyyən etmək məqsədi ilə mütəxəssis rəyi əldə etmək üçün müvafiq orqana (Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə) sorğu göndərilmişdir. Mütəxəssisə onun qarşısında qoyulmuş suallara qeyd olunan tikilinin yerləşdiyi ərazisiyə tərəfləri dəvət edib baxış keçirilərək təqdim edilmiş sənədlər əsasında işin faktiki halları ilə əlaqəli şəkildə cavab verilməsi həvalə edilmişdir. Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş, 11.02.2022-ci il tarixli sorğuya cavab məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində və hesablama cədvəlində qeyd edilmişdir ki, Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, mübahisə predmetinə aid olan tikilinin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin tikilinin dam örtüyü tikinti normalarına uyğun inşa edilmişdir. Lakin üzərində dam örtüyü quraşdırılmış mişarlanmış əhəng daşından olan (mişarlanmış əhəng daşından 40 sm x 40 sm ölçüdə sütunlar qoyulmuşdur) 20 sm qalınlığında divarın və diametri 76 mm, hündürlüyü 2,6 metr olan metal boru dayaqların yükdaşıma qabiliyyəti qənaətbəxş deyildir. Tikinti zamanı istifadə olunmuş tikinti materiallarından yalnız dam örtüyü materiallarının keyfiyyəti qənaətbəxşdir. Tikilinin uçub dağılmasına və sair şəkildə zərər görməsinə tikinti zamanı istifadə olunmuş dəmir dayaqlara calaq əlavə edilməsi qismən səbəb ola bilər. Belə ki, buna əsas səbəb həmin dayaqların ölçüsünün (diametrinin), özülünün və divarın yükdaşıma qabiliyyətinin qənaətbəxş olmamasıdır. Tikintini bərpa-gücləndirilmə işləri yerinə yetirməklə yararlı hala salmaq olar. Belə ki, ölçüsü 10 sm x 10 sm olan metal boru dayaqlar quraşdırmaqla, divardakı sütunlar arasındakı boşluqlar hörülməklə, 20 sm x 20 sm ölçüdə B20 dəmir-beton qoruyucu kəmər quraşdırmaqla və dam örtüyünü divara bərkitməklə tikilini yararlı vəziyyətə salmaq mümkündür. Tikilini yararlı vəziyyətə salmaq üçün mal-materiallar, xidmət haqqı və sair xərclər də daxil olmaqla cəmi 1380,50 manat vəsait tələb olunur. İş materiallarına əlavə edilmiş 27.10.2021-ci il və 13.11.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün cəmi 37 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş 27.10.2021-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı vəkilin göstərdiyi hüquqi yardıma görə ona 100 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı iştirak edən şəxslərin izahatları və iş materialları ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçıya məxsus olan, Oğuz rayonu Dəymədağlı kəndində yerləşən həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən tikili (quraqlıq) inşa edilməsi ilə bağlı tərəflər arasında şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən tikili (quraqlıq) inşa edilmişdir. Cavabdeh tikilini iddiaçıya təhvil vermiş, lakin onun icra etdiyi iş iddiaçını qane etməmişdir. Hazırda iddiaçı ona məxsus həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən yerinə yetirilmiş tikinti işlərinin keyfiyyətsiz və yararsız şəkildə icra edildiyini, bununla da ona maddi zərər vurulduğunu bildirərək cavabdehdən maddi zərər məbləği olaraq 1500 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 37 manat məbləğ tələb edir. İddiaçı öz iddia tələbini əsaslandırdığı hallara dair mütəxəssisin rəyinə və tikilinin (quraqlıq) hazırki vəziyyətdə olan fotoşəkillərinə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir. Cavabdeh iddia tələbini qəbul etməməsinin əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmiş, yalnız ona tapşırılan işi lazımi şəkildə və keyfiyyətlə yerinə yetirdiyini, iddiaçıya hər hansı miqdarda maddi zərər vurmadığını bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə qarşı başqa hər hansı etiraz da daxil olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi hazırki iş üzrə cavabdeh podratçı olaraq sifarişçinin, yəni iddiaçının ona tapşırdığı işi tam, keyfiyyətli və qüsurlardan azad şəkildə yerinə yetirərək ona təhvil verməli, bununla bağlı üzərinə düşən vəzifəni tərəflər arasında razılaşdırılmış şifahi müqavilənin şərtlərində nəzərdə tutulan qaydada və müddətdə yerinə yetirməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçıya məxsus həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikinti işlərinin keyfiyyətinin qənaətbəxş hesab edilmədiyi, tikilinin (quraqlıq) istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsaitin miqdarının hal-hazırki dövrdə real bazar qiymətlərinə görə mal-materiallar, xidmət haqqı və sair xərclər də daxil olmaqla cəmi 1380,50 manat təşkil etdiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçı ilə razılaşdığı işi keyfiyyətli görməyi öhdəsinə götürməsinə və yerinə yetirəcəyi işin əvəzində iddiaçıdan müəyyən miqdarda vəsait almasına baxmayaraq öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə araşadırılmış faktlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, cavabdehin öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi zərər vurduğu iddiaçının dəlilləri ilə, eyni zamanda, iş materialları və işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurduğu maddi zərər məbləğini ona ödəməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan vəsaitin miqdarını müəyyən edərkən qeyd edir ki, iddiaçı hazırki iddia tələbində ona dəymiş maddi zərəri 1500 manat dəyərində qiymətləndirilsə də, mübahisə predmetinə aid olan tikilinin (quraqlıq) istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsaitin miqdarı mütəxəssis tərəfindən hal-hazırki dövrdə real bazar qiymətlərinə görə cəmi 1380,50 manat dəyərində müəyyən edildiyindən, iddiaçı isə ona dəymiş maddi zərərin daha artıq miqdarda olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən məhkəmə iddiaçıya dəymiş maddi zərərin 1380,50 manat miqdarında olmasını qəbul edərək qərara gəlir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla dövlət rüsumu kimi ödənilmiş 37 manat məbləğin 34 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 3 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin ağlabatan olduğu nəzərə alınmaqla nəzərə alınmaqla iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehi oğlundan maddi zərər məbləği olaraq 1380,50 manat, hüquqi yardıma görə ödənilmiş 100,00 manat və dövlət rüsumu kimi ödənilmiş məbləğin 34,00 manatdan ibarət hissəsi - cəmi 1514 (bir min beş yüz on dörd) manat 50 (əlli) qəpik tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş məbləğin 3,00 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-27/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-27/2022
29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver