Məhkəmə qərarları › İş №2(054)-288/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-288/2025

28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-288/2025 28.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4129 (dörd min bir yüz iyirmi doqquz) manat dəyərində maddi ziyanlıq məbləğinin və dövlət rüsumu kimi ödədiyi 62 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1966-cı il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Yaşadığı Xaçmaz kəndində özünə və ailə üzvlərinə məxsus fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi, həmin həyətyanı torpaq sahəsində yerləşən yardımçı tikililər və tövlələri vardır. O, hazırda heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini saxlamaq üçün gəlir əldə edir. Belə ki, qeyd etdiyi tövlədə bir neçə baş iri buynuzlu heyvana baxaraq müəyyən məbləğdə gəlir əldə edir. Onun və ailəsinin dolanışığı bu gəlirdən asılıdır. xx.xx.2024-cü il tarixdə qardaşı oğlu, eyni zamanda qonşusu Cavabdeh içkili vəziyyətdə gələrək həmin tövləni qəsdən yandırmışdır. Elnur və onun ailəsi ilə münasibətləri yaxşı olmasa da, qohum və qonşu olaraq bir-biriləri ilə işləri yoxdur. Səbəbsiz yerə onun bu qərəzli hərəkətinə görə ona və ailə üzvlərinə xeyli miqdarda ziyan dəymişdir. Belə ki, həmin tövlə 14 metr uzunluğunda olmaqla eni 4,5 metr olmuşdur. Tövlə Elnur tərəfindən yandırılan zaman mal-qaranın qış tədarükü üçün ot, saman və yonca kipləri olmuşdur. Tövlə yandırılan vaxt o kənd ərazisində olmuşdur. Həmin vaxt evdə olan oğlu-X1 Azərbaycan Respublikası FHN-nin Şimal-Qərb Regional İdarəsinin Xaçmaz kəndində yerləşən yerli Bölməsinə və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Yanğını FHNnin yerli bölməsinin əməkdaşları söndürmüş və yanğın nəticəsində ona dəymiş ziyanlıqla bağlı akt tərtib edilmişdir. Bundan əlavə hadisə ilə bağlı Murad Bilallının məlumatı əsasında Oğuz rayon X2 bölməsində araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izh edilmişdir. Ona məxsus tövlənin Cavabdeh tərəfindən qəsdən yandırılması nəticəsində tikilinin bütün yanar konstruksiyaları tamamilə yanaraq yararsız hala düşmüşdür. Yanğın nəticəsində ona dəymiş ziyanlığın məbləği aşağıdaki kimidir: 1) 14 ədəd dam örtüyü-dəmir. 1 ədədi 40 manatdan cəmi-560 manat. 2) Şam ağacından olan 5x15x6-28 ədəd mil.=1,26 kubmetr. Bir kubmetr materialın hazırki bazar qiyməti 350 manatdan cəmi-441 manat. 3) Şam ağacından olan 5x10x6-28 ədəd “atma”.=0,84 kubmetr. Bir kubmetr materialın hazırki bazar qiyməti 350 manatdan cəmi-294 manat. 4) Qovaq ağacından olan 2,5x20x3-105 ədəd tövlə çardağının döşəməsi üçün taxta=1,5 kubmetr. Bir kubmetr qovaq ağacından olan materialın hazırki satış qiyməti 200 manatdan cəmi-300 manat. 5) Qovaq ağacının materialından 160 metr “reyka”. Qiyməti 1 manatdan cəmi 160 manat. 6)Tövlənin yenidən tikilməsi üçün usta xərci 1000 manat.(güzəştli qiymətlə) 7) Ot “kip”i(pres) 150 ədəd, satış qiyməti 4 manatdan cəmi 600 manat. 8) Saman “kip”i(pres) 108 ədəd, satış qiyməti 3 manatdan cəmi 324 manat. 9) Yonca “kip”i (pres) 100 ədəd, satış qiyməti 4,5 manatdan cəmi 450 manat. Bütün sadaladıqları ziyanlığı ümumi olaraq topladıqda ona Cavabdeh tərəfindən cəmi 4129 (dörd min bir yüz iyirmi doqquz) manat maddi ziyan dəymişdir. O dəfələrlə Cavabdeh və onun ailə üzvlərindən ona dəymiş ziyanlığın ödənilməsini tələb etmiş, lakin heç bir nəticə olmamışdır. İddiaçı məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, tövlənin yanğından sonra divarları dağılmışdır. Onun yenidən inşası üçün ustaya 1000 manat pul vermişdir. Tövlə yanarkən dam örtüyü kirəmit olmuş, sonradan yenidən inşa zamanı örtüyü dəmirlə əvəzləmişdir. O, dam örtüyünü Ləkidən almışdır. Xərcin az çıxması üçün tövlənin bir hissəsini meşə materialı ilə tikmişdir. Ona dəymiş ziyanlığın 6000 manatdan yuxarı olmasına baxmayaraq hazırda ekspert rəyi və qiymətləndiricinin rəyi ilə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o iddia tələbini qəbul etmir. Belə ki, tövləni o, yandırmamışdır. Bununla bağlı şahidləri də vardır. Polis əməkdaşları həmin hadisəni onun boynuna qoymuşlar. Lakin polis şöbəsinin araşdıma materialında olan izahatındakı imzanın özünün olduğunu qəbul edir. Eyni zamanda o, aliment və kredit borcunu ödəyir. Onun iddiaçıya qeyd edilən məbləğləri ödəmək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqririn surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:44-də Oğuz rayonu Xaçmaz kəndində İddiaçı məxsus fərdi mal tövləsində baş vermiş yanğın hadisəsi barədə Oğuz rayon DYMH-nin 112 nömrəli YMB-nə məlumat daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Yanğın haqqında ilkin aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Xaçmaz kəndi ərazisində baş vermiş yanğın nəticəsində 60 kv.metr mal tövləsi və 7 ton ot bağlaması məhv olmuşdur. İş materiallarında olan məhkəmə sorğusu əsasında əldə edilmiş Oğuz RPŞ-də toplanmış xx.xx.2025-ci il tarixli HK-1/491 nömrəli materialın surətindən görünür ki, Oğuz rayon X2 Bölməsinin qərarı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7397 nömrəli rəyində qeyd edilmişdir ki, 150 ədəd adi ot presinin qiyməti 450 manat, 108 ədəd saman presinin qiyməti 108 manat, 100 ədəd yonca presinin qiyməti isə 400 manat olmaqla həmin malların 2024-cü ilin iyul ayına orta bazar qiyməti cəmi 958 manat təşkil edir. İş materialında olan Cavabdeh Oğuz rayon Polis Şöbəsində izahatından görünür ki, Cavabdeh izahatında qeyd etmişdir ki, “xx.xx.2024-cü il tarixdə kənd ərazisində Afiqin toy məclisində iştirak etdim sonra evə gələrək yatmışdım. Oyananda təxminən saat 17 radələrində həyətdə siqaret çəkirdim, siqareti bitirən zaman kötüyünü əlimlə kənara atanda siqaret kötüyü qonşumuz və əmim olan Daşqın tövləsinin damına düşdü. Daqşqın əmin tövlənin damında ot kipləri saxlayır. Mən otların alışdığını gördüm və qorxduğum üçün tez evimizə qaçdım. Qaçan zamanda fındıq topasına dəyib yıxıldım. Bir müddət saat sonra yanğın söndürənlər və polislər gəldi. Mən qorxduğum üçün evdə heç kimə bu barədə demədim.” O, ona verilən suallara cavab olaraq bildirmişdir ki “Tövlənin yanmasına səbəb mən oldum. Mən əlimdəki siqareti kənara atan zaman siqaret ot kiplərinin üzərinə düşdü və yanğın baş verdi. Yanmağa başlayan zaman heç kim yox idi. Məndə tez evə qaçdım”. İş materialında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətində görünür ki, İddiaçı məxsus tövlənin yanması ilə bağlı Oğuz RPŞ-də toplanmış xx.xx.2025-ci il tarixli HK-1/491 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/O 81-711,2025 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Oğuz rayonu Xaçmaz kəndində yerləşən yardımçı tikilidə (tövlədə) təmir və ya yenidənqurma işləri aparılmışdır. 14 ədəd dam örtüyü-588 manat, 28 ədəd taxta tir 5x10 sm, 6m – 294 manat, 168 m 5x5 sm ölçüdə laqa taxta – 168 manat, 5 kq mismar – 10 manat, 3 paçka şrup (vida) 15 manat, 30 m elektrik kabeli 2.5 mm – 60 manat olmaqla istifadə olunan materialların orta bazar qiyməti cəmi 1135 manat təşkil edir. Dam örtüyünün vurulması – 400 manat, 3 maşın zibilin daşınması – 90 manat və eksovatorla yığılma – 60 manat olmaqla təmin və ya yenidənqurma işləri ilə əlaqədar usta xərcinin məbləği 550 manat təşkil edir. (Aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir.) Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 18:30-da Oğuz rayonu Xaçmaz kəndi ərazisində yaşadığı həyətdə siqaret çəkdikdən sonra, yanar siqaret kötüyünü yerə atmaq istəyərkən siqaret kötüyü ehtiyatsızlıqdan qonşuluqda yerləşən İddiaçı məxsus tövlənin damına düşmüş və nəticədə tövlənin damı və içərisində olan ot kipləri yanaraq məhv olmuşdur. İddiaçı məxsus tövlənin yanması ilə bağlı Oğuz RPŞ-də toplanmış xx.xx.2025-ci il tarixli HK- 1/491 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: -8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, hadisənin baş verməsi və iddiaçının əmlakına maddi ziyan vurulması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı kimi isə hadisənin cavabdeh tərəfindən törədilməsi təşkil edir. Cavabdeh Oğuz rayon Polis Şöbəsində verdiyi izahatında hadisənin onun tərəfindən ehtiyatsızlıqdan törədildiyini etiraf etmişdir. Cavabdeh məhkəmə iclasında polis əməkdaşlarının həmin hadisəni onun boynuna qoyduğunu bildirsə də, izahatın altındakı imzanın özü tərəfindən icra edildiyini qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı hadisənin Cavabdeh tərəfindən kobud ehtiyatsızlıq səbəbindən törədildiyi öz təsdiqini tapmışdır. Yanğın hadisəsinin araşdırılması ilə əlaqədar Oğuz rayon X2 Bölməsinin qərarı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş, xx.xx.2024-cü il tarixli 9/7397 nömrəli ekspert rəyində 150 ədəd adi ot presi, 108 ədəd saman presi və 100 ədəd yonca presinin 2024-cü ilin iyul ayına orta bazar qiyməti cəmi 958 manat müəyyən edilmişdir. Obyektiv araşdırma aparılmasına nail olmaq, tərəflərin hər birinin hüquqlarının təmin olunması, həmçinin yaranmış suallara cavab alınması üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/O 81-711,2025 ekspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı məxsus Oğuz rayonu Xaçmaz kəndində yerləşən yardımçı tikilidə (tövlədə) təmir və ya yenidənqurma işləri aparılmışdır. Təmir və yenidənqurma işlərinin aparıldığı halda istifadə olunan tikinti materiallarının (ayrı-ayrılıqda) sayı və ölçüləri və həmin materialların orta bazar qiyməti 1135 manat təşkil edir. Oğuz rayonu Xaçmaz kəndində yerləşən iddiaçının mülkiyyətində olan tikiliyə baxış keçirilərək təmir və ya yenidənqurma işləri ilə əlaqədar usta xərcinin məbləği 550 manat təşkil edir. Məhkəmə bildirir ki, ekspert rəyləri digər sübutlarla birlikdə qiymətləndirilməklə, vurulmuş zərərin hesablamanın əsasını təşkil etmişdir. Belə ki, bu qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddia tələbi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə cəmi 2643 manat (958+1135+550=2643) vurulmuş maddi ziyanın əvəzi hesablanmalıdır. Göstərilənlərə əsasən 2643,0 manat pul məbləğində maddi ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddianın məhkəmə xərcinə daxil olan 62 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iddianın cavabdehdən tutulan pula münasibətdə, yəni 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 62 manat dövlət rüsumunun 22 manatı iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 400,0 manat məbləğində pul vəsaiti də iddia qismən təmin edildiyindən iddianın cavabdehdən tutulan pula münasibətdə Cavabdeh, qalan hissədə isə iddiaçıdan tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2643 manat pul məbləğində pul və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2683 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 62 manat dövlət rüsumunun 22 manatı iddiaçıya aid edil edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 400 (əlli) manat məbləğində ekspertiza xərcinin 256 manatdan ibarət hissəsi Cavabdeh, 144 manatdan ibarət hissəsi isə İddiaçı müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 2643 manat məbləğində pul vəsaiti və 40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2683 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. 22 manat dövlət rüsumu iddiaçıya aid edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ekspert rəyi verilməsi ilə bağlı ödənilməli olan 400 (dörd yüz) manat xərcinin 256 manatdan ibarət hissəsi Cavabdeh, 144 manatdan ibarət hissəsi isə İddiaçı müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar