Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-29/2022 21.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə 1346,93 manat əsas borc, 4,49 manat faiz borcu, 33,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin mərhum Quliyeva Validə Ərzuman qızının vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Quliyeva Validə Ərzuman qızı arasında bağlanmış 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Quliyeva Validə Ərzuman qızına istehlak məqsədi ilə 36 ay müddətinə illik 24 % dərəcəsi ilə 1500,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli əsasında Quliyeva Validə Ərzuman qızı müqavilə ilə müəyyən edilmiş müddətdə 2117,76 manat əsas borc və faiz borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Quliyeva Validə Ərzuman qızı 28.09.2019-cu il tarixdə vəfat etmişdir. Quliyeva Validə Ərzuman qızının vəfatından sonra onun uşaqları - hazırki iş üzrə cavabdehlər mərhum analarından qalan miras əmlakı qanun üzrə vərəsələr kimi qəbul etmişlər. 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlər gecikdirilmişdir. Hazırda həmin kredit müqaviləsi üzrə iddiaçıya 1346,93 manat əsas borc və 4,49 manat faiz borcu qalmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra edilmədiyinə görə iddiaçının mərhum Quliyeva Validə Ərzuman qızının vərəsəsinə qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etməmiş, mərhum Quliyeva Validə Ərzuman qızı ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 33,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı hazırda 1346,93 manat əsas borc, 4,49 manat faiz borcu, 33,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iş materiallarında mövcud olan sübutlar əsasında işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan davam etdirilməsini qərara almışdır. İddiaçının nümayəndəsi X2 iştirak etdiyi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Quliyeva Validə Ərzuman qızının vəfatından sonra ondan qalan miras əmlakı onun uşaqları - hazırki iş üzrə cavabdehlər qanun üzrə vərəsələr kimi qəbul etmiş və həmin əmlak 05.03.2020-ci il tarixdə cavabdehlər tərəfindən satılmışdır. Lakin cavabdehlər mərhum Quliyeva Validə Ərzuman qızı ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyinə görə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İddiaçı hazırda 1346,93 manat əsas borc, 4,49 manat faiz borcu, 33,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Quliyeva Validə Ərzuman qızı onun anası olmuşdur. Quliyeva Validə Ərzuman qızı ilə iddiaçı arasında bağlanmış 22.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Quliyeva Validə Ərzuman qızına 1500,00 manat məbləğində kredit verilmişdir. X3 Ərzuman qızı kredit müqaviləsi bağlanandan cəmi bir neçə ay sonra - 28.09.2019-cu il tarixdə vəfat etmişdir. Quliyeva Validə Ərzuman qızı və onun ailə üzvlərinin birgə mülkiyyətində torpaq sahələri olmuş, anasının vəfatından sonra o və digər cavabdehlər ondan qalan miras əmlakı qanun üzrə vərəsələr kimi qəbul etmişlər. Bundan sonra onlar birgə mülkiyyətdə olan torpaq sahələrini rəsmi alqı-satqı müqavilələrinə əsasən öz dayılarına satmışlar. Əslində anası özü vəfat etməzdən əvvəl həmin torpaq sahələrini şifahi razılaşma ilə qardaşına satmış, alqı-satqı müqavilələri isə sonradan rəsmiləşdirilmişdir. Anasının vəfatından sonra kredit müqaviləsi üzrə aylıq ödənişlərdə gecikmələr olmuşdur. Kredit müqaviləsi üzrə 1346,93 manat əsas borc və 4,49 manat faiz borcunu faiz borcu hissə-hissə ödəniləcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi, həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəli, 22.04.2019-cu il tarixli məxaric orderi, 18.10.2019-cu il tarixli AZ-İİ 047563 nömrəli ölüm haqqında şəhadətnamə, X5 Xidmət Mərkəzinin Notariat Ofisinin 03.09.2021-ci il tarixli 3322 nömrəli sorğuya cavab məktubu, 28.02.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 05.03.2020-ci il tarixli AN-İ ******* nömrəli və AN-İ ******* nömrəli alqı-satqı müqavilələri, 07.09.2021-ci il tarixli PKİD-0437 nömrəli xəbərdarlıq məktubu, 12.10.2021-ci il tarixli maliyyə arayışı və 14.10.2021-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə Quliyeva Validə Ərzuman qızı arasında bağlanmış 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Quliyeva Validə Ərzuman qızına istehlak məqsədi ilə 36 ay müddətinə illik 24 % dərəcəsi ilə 1500,00 manat məbləğində kredit verilmişdir. Quliyeva Validə Ərzuman qızına müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 2117,76 manat əsas borc və faiz borcunu ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Quliyeva Validə Ərzuman qızı 28.09.2019-cu il tarixdə vəfat etmişdir. Quliyeva Validə Ərzuman qızının vəfatından sonra onun uşaqları - hazırki iş üzrə cavabdehlər mərhum analarından qalan miras əmlakı qanun üzrə vərəsələr kimi qəbul etmişlər. Miras əmlak mərhum Quliyeva Validə Ərzuman qızının vərəsələri - hazırki iş üzrə cavabdehlər tərəfindən 05.03.2020-ci il tarixdə satılmışdır. 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlər gecikdirilmiş, hazırda həmin kredit müqaviləsi üzrə iddiaçıya 1346,93 manat əsas borc və 4,49 manat faiz borcu qalmışdır. 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 33,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İddiaçı hazırda 1346,93 manat əsas borc, 4,49 manat faiz borcu, 33,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsi və ona əlavə edilmiş sənədlərə, həmçinin, X5 Xidmət Mərkəzinin Notariat Ofisinin sorğuya cavab məktubuna, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, miras əmlaka dair alqı-satqı müqavilələrinə istinad edir. Cavabdeh1 iddia tələbinə etirazı olmadığını, 1346,93 manat əsas borc və 4,49 manat faiz borcunun hissə-hissə ödəniləcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər cavabdehlər məhkəməyə gəlməmiş və iddia tələbinə hər hansı etiraz bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Quliyeva Validə Ərzuman qızı vəfat etdikdən sonra 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, Quliyeva Validə Ərzuman qızının vəfatından sonra ondan qalan miras əmlakı onun uşaqları - hazırki iş üzrə cavabdehlər qəbul etmişlər. Ona görə də məhkəmə hesab edir ki, 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə Quliyeva Validə Ərzuman qızının iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə cavabdehlərin üzərinə düşür. İddiaçı ilə mərhum Quliyeva Validə Ərzuman qızı arasında bağlanmış 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərin mülki məsuliyyətinin həddləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, mərhum Quliyeva Validə Ərzuman qızından miras qalan torpaq sahələrinin də daxil olduğu 1,3984 hektar və 1,2447 hektar - cəmi 2,6431 hektar torpaq sahəsi ümumilikdə 6000 manata satılmışdır. Qeyd olunan torpaq sahələri ümumi birgə mülkiyyətdə olan torpaq sahələri olub, hər bir mülkiyyətçinin (mərhum Quliyeva Validə Ərzuman qızı və hazırki iş üzrə cavabdehlər olmaqla, cəmi 6 nəfər) payı 0,4405 hektar, hər bir payın dəyəri isə 1000 manat miqdarında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahələrində mərhum Quliyeva Validə Ərzuman qızına məxsus olmuş və ondan miras qalan torpaq sahələrindən əldə olunan vəsait 1000 manat miqdarında müəyyən edilsə də və bu məbləğ hazırda cavabdehlərdən tələb olunan məbləğdən daha artıq olsa da, qanunvericiliyə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vərəsələrin, yəni hazırki iş üzrə cavabdehlərin üzərinə düşdüyündən, cavabdehlər isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiklərindən məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehlər miras qoyanın, yəni anaları mərhum Quliyeva Validə Ərzuman qızının borclarına görə tam həcmdə məsuliyyət daşıyırlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Quliyeva Validə Ərzuman qızı ilə iddiaçı arasında bağlanmış 22.04.2019-cu il tarixli BPM**********53 saylı kredit müqaviləsi üzrə öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə maddi məsuliyyət daşıdıqları üçün həmin kredit müqaviləsi üzrə 1346,93 manat əsas borc və 4,49 manat faiz borcu da bilavasitə cavabdehlərdən birgə borclu kimi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 33,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləği də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 22.04.2019-cu il tarixli BPM**********53 nömrəli kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1346,93 manat əsas borc, 4,49 manat faiz borcu, 33,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı - cəmi 1385(bir min üç yüz səksən beş) manat 34(otuz dörd) qəpik müştərək qaydada tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-29/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-29/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver