Məhkəmə qərarları › İş №2(054)-3/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-3/2025

06.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-3/2025 06.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməklə payların ayrılması tələbinə dair işə 06 fevral 2025-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Mollalı kəndində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış və xx.xx.2023-cü il tarixli, B 171241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1,75 hektar həyətyanı torpaq sahəsinin onun payına düşən 1/16 hissəsinin naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, atası vəfat etdikdən sonra 1,75 hektar həyətyanı torpaq sahəsi qardaşı və hazırki iş üzrə Cavabdeh1 faktiki istifadəsinə keçmişdir. Həmin torpaq sahəsində hazırda 2 ev mövcuddur, onlardan biri onun özünün, digəri isə Cavabdeh1 mülkiyyətindədir. Eyni zamanda həmin torpaq sahəsinə bitişik onun və ailə üzvlərinin mülkiyyətində 0,62 hektar həyətyanı torpaq sahəsi də mövcuddur. Mübahisə predmeti olan torpaq sahəsindən onun payı naturada ayrılmadığı müddətdə 0,62 hektar torpaq sahəsindən də istifadə edə bilmir. Qeyd edilən əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddaçının izahatına uyğun izahat verməklə iddia tələbini müdafiə etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir . Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsinə payların naturada bölünərək ayrılmasına etiraz etmir. Belə olan halda iddiaçının mülkiyyətində olan digər torpaq sahəsinə də iddiaçının özünə düşən torpaq payından yol yaranmış olacaqdır. Cavabdeh2 iş üzrə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən digər şəxslərin izahatlarını dinləyərək hesab etmişdir ki, iş üzrə məhkəmə ekspertizası təyin edilməlidir. Belə ki, hazırki işin materiallarından və məhkəmədə müəyyən edilmiş faktiki hallarından göründüyü kimi mübahisə predmetinə aid olan, 1,75 hektardan ibarət torpaq sahəsi xx.xx.2023-cü il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********71) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçının və digər şəxslərin (cəmi 4 nəfər) ümumi birgə mülkiyyətindədir. Məhkəmə qətnaməsi ilə həmin 1,75 hektar torpaq sahəsində İddiaçı müvafiq olaraq 1/16 hissədə payı müəyyən edilmişdir. İddiaçı öz payına düşən torpaq sahələrinin naturada ayrılaraq ona təhvil verilməsini xahiş edir. Lakin iddiaçının payına düşən torpaq sahəsinin 1/16 hissəsinin naturada ayrılmasının mümkün olub-olmaması, mümkündürsə, hansı qaydada ayrılmalı olması, cavabdehin mülkiyyətində olan, həmin torpaq sahəsinə bitişik digər torpaq sahəsi istiqamətində payının ayrılmasının mümkün olub-olmaması iş materialları ilə müəyyən edilməmişdir. Həmin suallara cavab verilməsi üçün xüsusi bilik tələb olunur və bunun üçün ekspertiza təyin edilməsi qanunamüvafiqdir. Tərəflər iş üzrə ekspertiza təyin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(054)-543/2023 saylı qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mülki iş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9065 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmiş, hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh2 istisna olmaqla həmin məhkəmə iclasında iştirak edən digər şəxslər işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında İddiaçı bölgü aparılarkən onun həmin torpaq sahəsinə bitişik-mülkiyyətində olan 0,62 ha torpaq sahəsinin olduğunun nəzərə alınmadığını, buna görə də rəylə razı olmadığını bildirmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, Qərib torpağın ekspert rəyi ilə müəyyən edilmiş hissəsindən verilməsinə ona görə razı deyil ki, Qəribin və ailəsinin mülkiyyətində həmin torpağa bitişik hissədə 0,62 ha torpaq sahəsi vardır. Qərib də ona düşən 1/16 hissədə torpaq sahəsinin öz torpağına bitişik hissədən verilməsini arzu edir. Rəydə göstərilən hissə üçün uzun məsafədə hasar çəkmək lazımdır. Bu isə maliyyə cəhətdən də mümkün deyil. Qəribin təklifi daha məqsədə müvafiqdir. Tərəflərin razılaşması məsələnin optimal həlli ola bilər. Əks halda demək lazımdır ki, Qəribin digər iddiası üzrə yolun açılmasına dair ekspert rəyi verilməyib. Buna görə də hər iki məsələnin birlikdə həll edilməsi üçün iki ekspertiza yenidən keçirilməlidir. Məhkəmə iclasında Cavabdeh1 ekspert rəyi ilə razı olduğunu, Qəribin təklifinə cavab olaraq isə onun tələb etdiyi yerdən torpaq sahəsinin ayrılmasının əvəzində torpaq sahəsinə çəkdiyi xərcin əvəzi olaraq 1000 manat pul veriləcəyi təqdirdə məhkəmədən kənar razılaşmanın mümkün olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab etmişdir ki, düzgün və ədalətli nəticənin əldə edilməsi məqsədilə İddiaçı Oğuz rayonu Mollalı kəndində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Çıxarış və xx.xx.2023-cü il tarixli B 171155 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində olan 0,62 hektar torpaq sahəsinə gedən yolun açılması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli Çıxarış və xx.xx.2023-cü il tarixli B 171241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 1,75 ha torpaq sahəsində 1/16 hissədə payının naturada bölünməsinin birlikdə araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Məhkəmə tərəfləri dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq bilmiş və xx.xx.2024-cü il tarixli, 2(054)-15/2024 saylı qərardada əsasən mülki işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, iş üzrə mübahisəli torpaq sahəsinə dair mülkiyyət və hüquqverici sənədlərin surətini Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərmişdir. Sözügedən iş (yeni nömrə 2(054)-03/2025) xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8083 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Türkiyə Respublikasında yaşayan Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı əvvəlki məhkəmə iclaslarında verdiyi izahatını təsdiq etdi, ekspert rəyi ilə tanış olduğunu, lakin onu qəbul etmədiyini bildirdi, əlavə olaraq izahat verərək göstərdi ki, ekspertizanın aparılması üçün pul ödəyib, ancaq mütəxəssis gəlib yerində baxmayıb, oturduğu yerdən sxem çəkib meşədən ona yol göstərir, halbuki torpağı ona ev tikmək üçün veriblər. 1-ci Qarabağ Müharibəsi veteranıdır, pulu ancaq müalicəsinə çatır. Mütəxəssis rəyi ilə razı deyil, hesab edir ki, məhkəmə özü gedib yerində baxış keçirməlidir. Belə bölgü ilə həmin torpaqda ev tikmək mümkün deyil. Qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 digər cavabdehin doğma bacısı olmaqla Türkiyə Respublikasında ərdə olduğunu və yaşadığını, məhkəmə iclasları barədə məlumatlı olduğunu bildirdi, əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, ekspert və mütəxəssis rəyi ilə tanış olduğunu, bölgü qaydası ilə razı olduğunu, başqa çıxış yolu olmadığını, bölgünün reallığa uyğun olduğunu bildirdi və iddianın bu qaydada təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası ƏMDX DƏDKR publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarışdan və torpaq sahəsinin xx.xx.2023-cü il tarixli, B 171241 saylı planı və ölçüsü sənədindən görünür ki, Oğuz rayonu Mollalı kəndində yerləşən 1,75 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi hüquq sahibləri-hər birinin payı 5/16 hissədə olmaqla Cavabdeh1, X1 və Cavabdeh2, payı 1/16 hissədə olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 162 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDX DƏDKR publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarışdan görünür ki, Oğuz rayonu Mollalı kəndində yerləşən 0,62 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi hüquq sahibləri-ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X3, X6, X7, X4 adına daşınmaz əmlakın dövlət reyestrində 157 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş, işə əlavə edilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8083 saylı ekspert rəyindən görünür ki, Oğuz rayonu, Mollalı kəndində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış sənədinə əsasən iddiaçının və cavabdehlərin paylı mülkiyyətində olan 1,75 ha həyətyanı torpaq sahəsinin tərəflər arasında onların paylarına mütənasib olaraq naturada bölünərək ayrılması mümkündür. Torpaq sahəsində bölgü yol yeri nəzərə alınmadan aparılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarış və xx.xx.2023-cü il tarixli B171155 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının mülkiyyətində olan 0,62 ha torpaq sahəsinə birbaşa gediş-gəliş yolu nəzərdə tutulmamışdır. 0,62 ha torpaq sahəsi 1/16 pay norması ilə ayrılmış torpaq sahəsi meşə torpaqları ilə həmsərhəd olduğuna görə həmin tərəfdən gediş-gəliş yolu ayrıla bilər. Torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Yenə həmin Məcəllənin 220.1-ci və 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Məhkəmə icraatı zamanı müəyyən edildi ki, Oğuz rayonu Mollalı kəndində yerləşən 1,75 ha torpaq sahəsinə 1/16 hissədə iddiaçının, hər birinin payı 5/16 hissədə olmaqla cavabdehlərin və onların mərhum anasının mülkiyyət hüququ tanınmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin torpaq sahəsində olan 1/16 hissədə payının digər mülkiyyətçilərin payından naturada ayrılmaı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizaya uyğun olaraq verilmiş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8083 saylı ekspert rəyi ilə bildirilmişdir ki, Oğuz rayonu, Mollalı kəndində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış sənədinə əsasən iddiaçının və cavabdehlərin paylı mülkiyyətində olan 1,75 ha həyətyanı torpaq sahəsinin tərəflər arasında onların paylarına mütənasib olaraq naturada bölünərək ayrılması mümkündür. Torpaq sahəsində bölgü yol yeri nəzərə alınmadan aparılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarış və xx.xx.2023cü il tarixli B171155 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının mülkiyyətində olan 0,62 ha torpaq sahəsinə birbaşa gediş-gəliş yolu nəzərdə tutulmamışdır. 0,62 ha torpaq sahəsi 1/16 pay norması ilə ayrılmış torpaq sahəsi meşə torpaqları ilə həmsərhəd olduğuna görə həmin tərəfdən gediş-gəliş yolu ayrıla bilər. Torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında göstərilmişdir. Məhkəmə iclasında iddiaçı naturada bölgünün ekspert rəyi ilə müəyyən edilmiş qaydada aparılmasına etiraz etsə də arqumentlərini əsaslandıra bilməmişdir. Beləliklə məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının 1,75 ha torpaq sahəsində müəyyən edilmiş 1/16 hissədə payı ekspert rəyinə əlavə edilmiş yerquruluşu plannına uyğun olaraq naturada bölünməklə iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8083 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 100 manat dövlət rüsumu və 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Oğuz rayonu Mollalı kəndində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli çıxarış və xx.xx.2023-cü il tarixli, B 171241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mərhum X1 mülkiyyətində olan 1,75 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 1/16 (0,1093 ha) hissəsi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə, habelə 05.112.2024-cü il tarixli, 10/8083 saylı ekspertiza rəyinə uyğun olaraq mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş qaydada naturada bölünərək iddiaçıya verilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. 100 manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar