Məhkəmə qərarları › İş №2(054)-31/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-31/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-31/2025 22.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı 12000 manat pul, vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat və 127,50 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə 22 yanvar 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 12000 manat pul, vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat və 127,50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayon Padar kənd sakinidir. Respublikanın rayonlarından birində hərbi polisdə rəis müavini işləyir. Oğuz şəhər sakini- Cavabdeh bibisi oğludur. 2021-ci ilin ortalarında Ruslanın “MERSEDES C230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bilmişdir. İyul ayında onunla görüşüb avtomobilin qiyməti barədə razılaşmışlar. Daimi yaşayış yeri olan Padar kəndinə qayıtmış, 10000 manat pulu evdən götürüb Oğuz şəhərinə qayıdaraq “Nar Mobile” mağazasının içərisində Ruslana vermişdir. Həmin gün maşını götürüb aparmışdır. Cavabdeh səhəri gün ona avtomobili sürmək üçün etibarnamə vermişdir. Etibarnamə veriləndə özü iştirak etməyib. Qalan 2000 manat pulu sentyabr ayında verəcəyinə dair əlavə razılaşmaları olmuş, pul sentyabr ayında da cavabdehə verilmişdir. Avtomobil Cavabdeh adına olduğundan sürərkən ona problem yaransa da, Ruslan avtomobilin onun adına keçirilməsi ilə bağlı hərəkətləri etməkdən yayınmış, baş etibarnamə istəsə də cavabdeh hər dəfə bəhanə gətirmişdir. Qohum olduğuna və yoldaşlıq etdiklərinə, şübhələnmədiyinə görə bu məsələdə dərinə getməmişdir. Sonra eşitmişdir ki, maşına görə əlavə pul istəyir, buna görə öz təklifini versə də Ruslan buna ehtiyac olmadığını bildirmiş və sənədləri verəcəyini demişdir. Avtomobil həmin vaxtdan təxminən 3 il müddətində onun istifadəsində olmuşdur.Bu müddətdə maşını cavabdehin qardaşı Rəsul da idarə etmişdir. Bir gün Rəsul ona zəng edərək maşını vurduğunu, düzəltdirib ona qaytaracağını demişdir. Bir müddət sonra Rəsul ona zəng edərək demişdir ki, Ruslan maşını sexdən götürüb aparıb və Bakı şəhərində satıb. Bundan sonra dəfələrlə Ruslanın atası, anası və özü ilə danışsa da Ruslan onun pulunu qaytarmamışdır. Hətta məhkəməyə müraciət etməzdən əvvəl o özü, ətrafında olan şəxslər də bu barədə Ruslanla söhbət etmişlər, lakin o təkid edərək səbəbini bildirmədən pulu verməyəcəyini söyləmişdir. Bütün ailə maşının pulunun ödənildiyi, buna baxmayaraq Ruslan tərəfindən maşının ondan götürüldüyü və pulun qaytarılmadığı barədə məlumatlıdır. Ruslandan belə bir hərəkət gözləməyib. Onun həmin avtomobili 2021-ci ilin ortalarında Cavabdeh satın aldığını, avtomobilin dəyəri olan 12000 manat pulu ona ödədiyini Ruslanın qardaşı X8, digər yoldaşları X2, X4 və X5 adlı şəxslər də təsdiq edə bilərlər. Belə ki, Mirsəidlə birlikdə maşının qiyməti barədə Ruslanla danışıb. Fəridlə isə “Nar Mobile” –də pulu Ruslana verib. Pul 50-lik və 100-lük əskinazlardan ibarət olub. Avtomobili sürmək üçün etibarnamə səhəri gün verilib. Fikirləşib ki, qalan 2000 manatı vermədiyindən Ruslan ona baş etibarnamə vermir. Buna görə sentyabr ayını gözləyib, lakin 2000 manatı ödədikdən sonra da Ruslan öhdəliklərinin icrasından yayınıb. 6 ay sonra cərimələr gəlməyə başlayanda narazılıq başlamışdır. Maşın 2023-cü ildə sürülməyib, evində saxlanılıb. Sonra Rəsul ara-sıra sürüb, məhz qəzanı da o vaxt törədib. 2016-cı ildən hərbi polisdə işləyir, 2021-ci ildən isə bölük komandiri işləyib.Vəzifəli şəxs olduğundan xidməti avtomobili var, yəni işi ilə əlaqədar avtomobilə ehtiyacı olmayıb. Mübahisəli avtomobili isə şəxsi işi üçün almışdır. Ruslanla aralarında təkər söhbəti olub, lakin onunla təkər mübahisəsi etməyib, deyib ki, qardaşıgildə olan təkərləri götürə bilər. Təkərləri götürmək üçün adam göndərsə də təkərlər orada olmamışdır. Ruslan ona təkərləri satdığını, maşının üstündəki təkərlərin onda qalmasını demişdir. Kəndə ildə bir dəfə gəlib-gedir. İddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, pulun iki dəfəyə verildiyini sonradan bilib. Ancaq fakt budur ki, 12000 manat pul verilib. Şahidlər də bunu təsdiq edirlər. İddia həm aktla, həm də şahidlərin izahatı ilə təsdiq edilir. Cavabdeh qeyd edilən qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi mənafeyinə cəmi 12000 manat maddi zərər dəymişdir. İddia tələbi əsaslı olduğundan iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır, absurddur. Maşının pulla verilməsi barədə söhbət olmayıb, sadəcə sürmək üçün etibarnamə verilib. Problemin səbəbi ailə daxili problemdir, həmin problemi yalnız cavabdeh özü deyə bilər. Ruslan özü üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyib, amma iddiaçı tərəfin arqumentlərini qəbul etmir. Ruslanı evdən çıxarılmağa qədər gətirib çatdırıblar. Ailədə Ruslana qarşı mənfi münasibət var. İddiaçı tərəfindən maşının sənədinin alınmamasının səbəbi barədə sübut yoxdur. İddiaçı 3 il qabaq niyə iddia qaldırıb, yaxud iddianı niyə indi qaldırıb. Bunun səbəbi bilinmir. Maşın Poladda 3 il deyil, keçən ilin əvvəlində qısa müddət ərzində olub. Şahidlər öyrədilib, ona görə onların izahatı sübut ola bilməz. Şahidlərin heç biri pulun verilməsində iştirak etməyib. Cavabdehin qardaşı Rəsul deyir ki, pulu onun yanında veriblər, amma heç kim demir ki, həmin vaxt Rəsul həqiqətən orda olub. Keçən yay sürmə ilə bağlı etibarnamə ləğv edilib. Ruslan deyir ki, maşını dayısı oğluna sürmək üçün verib, amma Bakıya aparmamağını xahiş edib. Polad isə ona qulaq asmayaraq maşını işi ilə bağlı Bakı şəhərinə sürüb. Mötəbər sübut yoxdur. Ruslana qarşı qərəz var. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X4 izahat verərək bildirmişdir ki, Poladla yoldaşlıq edirlər. Polad maşın almaq istəyirdi, ona görə əvvəldən tanıdığı Ruslanın yanına maşına baxmağa birlikdə gediblər.Təxminən 4 il əvvəl yay ayında səhər vaxtlarında Ruslanın yanına mağazaya getmişlər. Danışıq zamanı Polad əlində 10000 manat olduğunu demişdir. Qalan 2000 manat pulun fındıq mövsümü vaxtı veriləcəyi ilə bağlı razılığa gəlmişlər.Bundan sonra Polad təklif etmişdir ki, evə gedib məsləhətləşsin və pulu gətirsin. Günortadan sonra Polad digər yoldaşı Fəridlə gəlib, 10000 manatı verib və maşını götürüb, kəndə gətirəndə görüşüblər, çay içib “xeyirli olsun” deyiblər. Həmin vaxt Polad maşına 10000 manat verdiyini deyib. Ruslan yaxın adam olduğundan həmin vaxt maşının sənədləşməsi tələbi olmayıb. Polad Ruslandan onun yanında sənəd istəməsə də, birlikdə olanda ona sənədləşməni aparmasını məsləhət görmüşlər. Ruslanla Poladın arasında təkər söhbəti olmuşdu, belə ki, Ruslan deyirdi ki, maşının üstündəki təkərlər bahalıdır. Polad isə həmin təkərlərin ona lazım olmadığını, diskləri çıxarmasını, başqa təkər verməsini Ruslana təklif edirdi. Ruslan həmin vaxt Polada maşını hələlik sürməsini bildirdi. 6 ay keçmiş Ruslan təkərləri istəyəndə Polad əvəzində başqa təkər tələb etdiyindən Ruslan qardaşının həyətində təkərlərin olduğunu bildirmişdir, lakin həyətdə təkər olmamışdır. 2000 manat pulun fındıq yığılan vaxt verildiyini bilmişdir. Hər iki məbləğin verilməsində bilavasitə iştirak etməyib. Ruslan ümumi yoldaşları olduğundan və söhbətlərdən məlumatı olduğundan Poladın 12000 manat pulu verməsini, sonradan Ruslanın maşını aparıb satmasını yaxşı bilir. Ruslandan səbəbini soruşanda deyirdi ki, “yaxşı edirəm”. Hərəkətini başqa heç nə ilə izah etməyib. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X8 izahat verərək bildirmişdir ki, iddiaçı dayısı oğlu, cavabdeh doğma qardaşıdır. 3 ildir ki, aralarında problem var. Qardaşına 2021-ci ilin sentyabr ayında toy edəcəkdilər. Ruslan maşınını bundan əvvəl-yayda Polada satdı, belə ki, Polad Səidlə gəlib maşına baxdılar, sonra Polad gətirib 10000 manat pulu Ruslana verdi, qalan 2000 manat pulu sentyabr ayında verməyə razılaşdılar. Maşının texniki müayinə vaxtı bitəndə Polada cərimələr gəlməyə başladı.Ruslana sənədləşməni aparmaq, maşını Poladın adına keçirməyi təklif etdi, lakin Ruslan ancaq vəd verirdi. 800 manata yaxın cərimə gəlmişdi. Sonra özü qardaşının əvəzinə maşını tanış vasitəsi ilə sığorta etdirmişdir. Bu və digər səbəblərə görə maşın sürülmürdü. Daha sonra maşının motoru xarab oldu. Maşın xarab olmasın deyə o özü arabir maşını götürüb sürürdü. Belə günlərin birində maşını aşırdığından təmir üçün sexə qoymuş, təmir xərcini də özü çəkmişdir. Ruslan həmin vaxt ona demişdir ki, “maşını ver, aşağı düşüb gəlirəm”. Daha sonra o qayıdıb gəldi ki, maşını qaytarmayacaq. Qohum-əqrəba çalışsa da, Ruslanı başa sala bilmədilər. Maşını aparıb 2-3 ay gizlətdi, sonra satdı. Maşını 8000 manata satıb, həmin şəxs də başqasına satıb. Polad Ruslana 10000 və 2000 manat olmaqla cəmi 12000 manat pul verib. 10000 manat pulu onun telefon mağazasında verib. 2000 manatı onun yanında verməsələr də həmin pulun verildiyini bilir. Ruslan pulu alandan sonra ona deyib ki, özünə başqa maşın almağa gedir. Maşınla bağlı bütün danışıqlar onun yanında olub. Dayısı, yəni Ruslanın atası ona deyirdi ki, Ruslan əlavə pul istəyirsə versinər. Ruslanın sənədləri verməməsinin, sonra maşını götürüb satmasının, pulu qaytarmamasının səbəbini bilmir. Cərimələri Polad ödəyib. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Poladla dostdurlar. Ruslanı da tanıyır. Təxminən 3 il bundan əvvəl maşın alınan gün Poladla günortadan sonra Oğuz şəhərinə gəlmişlər. Telefon mağazasına gedərək 10000 manat pulu Ruslana vermiş, ondan satın alınmış maşını da sürüb aparmışlar. Pulu sayanda o da kömək etmişdir. Əskinazlar 50-lik və 100-lük olmuşdur. Şəhərə gəldikləri maşını Polad sürmüş, qayıdanda həmin maşını o, alınan maşını Polad sürmüşdür. Bayram günü olduğundan Ruslan sənədi səhəri gün verəcəyini bildirmişdir. Polad qalan 2000 manat pulu fındıq mövsümündə verəcəkdi. Maşının açarını Ruslan özü Polada vermişdir. Sonradan problem olduğunu bilmişdir. Ruslana pul onun yanında verilib. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Poladla dostdurlar. Ruslanı da tanıyır. O da dostları sayılır. Hər iki tərəflə yoldaşlıq edir. Söhbətin bu yerə çatmasının səbəbini bilmir. Pulun verildiyini birbaşa görməyib, amma maşının alınıb-satıldığı barədə hər şeyi, yəni 12000 manata satıldığını, pulun verildiyini bilir. Pul 10000 və 2000, cəmi 12000 manat olmaqla iki dəfəyə verilib.Bu barədə söhbətləri olub. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə Oğuz (Vartaşen) rayon Kərimli (vardanlı) kəndində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, N.Nərimanov küçəsi, ev 6-dır. İşə əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh “Mersedes-Benz C 230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2027-ci il tarixədək nəqliyyat vasitəsindən istifadə hüququ ilə xx.xx.2021-ci il tarixdə İddiaçı etibar etmiş, etibarnaməyə xx.xx.2024-cü ildə xitam verilmişdir. İddiaçı, Rəsul Yusubov, Fərid Adıgözəlov, Mirsəid Yunuslu və Emil Dadaşzadənin iştirakı ilə tərtib edilmiş, işə əlavə edilmiş, imzaların Oğuz rayon İHB Padar kənd İƏD üzrə nümayəndəsinin möhürü ilə təsdiq edildiyi aktdan görünür ki, İddiaçı 2021-ci ildə “Mersedes- Benz C 230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədilə Cavabdeh 12000 manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2021-ci ilin iyul ayında iddiaçı bibisi oğlu olan cavabdehdən “Mersedes-Benz C 230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata almış, həmin pulun 10000 manatını dostluq münasibətində olduğu Fərid və cavabdehin qardaşı Rəsulun yanında ona vermiş, qalan 2000 manat pulun isə sentyabr ayında verilməsi barədə razılaşmışlar. Cavabdeh 10000 manat pulun verildiyi gün maşını iddiaçıya təhvil vermiş, xx.xx.2021-ci il tarixdə isə iddiaçıya avtomobildən istifadə hüququna dair etibarnamə vermişdir. Məhkəmə iclasında şahidlərin bildirdiyinə görə qalan 2000 manat pul sentyabr ayında cavabdehə verilmişdir. İddiaçı hərbçi, həm də vəzifəli şəxs olaraq xidməti avtomobilindən istifadə etdiyindən aldığı maşını kənddə saxlamışdır. Cavabdehin qardaşı Rəsul arabir maşını sürmüş, sonuncu dəfə maşını aşırdığından təmir sexinə aparmış, öz xərci ilə təmir etdirmişdir. Bundan sonra cavabdeh tərəfindən maşın müvəqqəti olaraq götürülmüş, sonra o, maşını qaytarmayacağını bildirmiş, qardaşı Rəsulun izahatına görə 8000 manata satmışdır. Etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.Şahidlərin izahatına görə cavabdeh iddiaçıdan maşını götürsə də, pulunu qaytarmamışdır. Məhkəmə iclası məhz cavabdehin iştirakının təmin edilməsi üçün təxirə salınsa da o, məhkəmə iclasında iştirak etməmiş, onun nümayəndəsi və vəkili şahidlərin izahatını qəbul etməyərək iddianın əsassız-absurd olduğunu, problemin səbəbinin ailə daxili problemlə əlaqədar olduğunu, həmin problemi yalnız cavabdehin özünün deyə biləcəyini, maşının Poladda 3 il deyil, keçən ilin əvvəlində qısa müddət ərzində olduğunu, şahidlərin öyrədildiyini, ona görə onların izahatının sübut ola bilmədiyi arqumentini irəli sürmüş, mötəbər sübut olmadığından və Ruslana qarşı qərəz olduğundan iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi cavabdehin məhkəmə iclasında iştirak edərək öz sübutlarını və izahatını təqdim etməməsinin səbəblərini izah etməmiş, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin izahatlarının yalan olduğuna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə bildirir ki, hazırki vəziyyətdə iddiaçı tərəfindən sübutlar təqdim olunduğundan və həmin sübutların məhkəmə tərəfindən qəbul edilməməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən məhkəmə tərəfindən mübahisəyə həmin sübutlar daxilində qiymət verilməlidir. Beləliklə, məhkəmə gedişində müəyyən edilənlərə əsasən tərəflər arasında olan razılaşma üçün hüquqi əsasın, yəni qanuni əsas və ya müqavilənin olmadığı işin mübahisələndirilməyən halı olduğu qəbul edilməklə məhkəmə bütün qeyd olunanlara mülki qanunvericiliyin yuxarıda göstərilən norma və müddəaları nöqteyi-nəzərindən qiymət verərək hesab edir ki, hazırki iş üzrə cavabdehin hərəkətləri hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməklə iddia tələbi təmin edilməli, 12000 manat pul ondan tutularaq iddiaçıya verilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. "xxxx" ASC-nin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən göründüyü kimi İddiaçı tərəfindən Nümayəndə1 ******************** saylı hesabına 500 manat pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş məbləğ 300 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən cavabdehdən təmin edilmiş məbləğə uyğun 126,9 manat dövlət rüsumu alınıb iddiaçıya verilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat pul, vəkilə hüquqi yardım üçün 300 (üç yüz) manat və 126,9 (bir yüz iyirmi altı manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar