Məhkəmə qərarları › İş №2(054)-314/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-314/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-314/2023 01.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X8 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-20 yanvar 2012-ci il tarixdə anadan olmuş X3, 29 dekabr 2013-cü il tarixdə anadan olmuş X1 və 31 iyul 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh ilə 23 may 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 08 iyun 2003-cü il tarixdə X4, 20 yanvar 2012-ci il tarixdə X7, 29 dekabr 2013-cü il tarixdə X5 və xx.xx.2018-ci il tarixdə X6 adlı övladları anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5654/2022 saylı qətnaməsi ilə aralarında 23 may 2002-ci il tarixdə Ağdam rayon VVADQ şöbəsində 149 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 2012-ci il təvəllüdlü Harun, 2013-cü il təvəllüdlü Anisa və 2018-ci il təvəllüdlü Davud adlı uşaqlar yanında saxlanmaqla, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Oğlu Boqdan yetkinlik yaşına çatıb, tələbədir, qazancı yoxdur. Dörd uşağın bütün ehtiyaclarının təmin edilməsi, onlara qayğının göstərilməsi üzərinə düşdüyündən özünün işləməsi mümkün deyil. Birgə nikahda olarkən də işləməyib., əslində buna ehtiyac olmayıb, cavabdeh bütün ehtiyacları ödəyib. Alimentin miqdarı müəyyənləşdirilərkən cavabdehin aylıq gəliri barədə dedikləri əsas tutulub, lakin həmin məbləğ hazırki tələbatı ödəmir, çünki 3 uşağa cəmi 400-410 manat arası aliment hesablanır, həmin məbləğ isə yaşayış minimumuna uyğun deyil. Yığılmış 3510 manat məbləğində alimenti cavabdeh bu günlərdə ödəyib. Əfqanın ondan əvvəlki ailəsindən olan iki övladı yetkinlik yaşına çatıb. Oğlu Aqşinin 32 yaşı var, atası ilə əlaqə saxlayır. Onunla birgə nikahda olarkən isə Əfqan qeyri-rəsmi yenidən ailə qurub, bir uşağı var. Əfqanın övladlarına yüksək məbləğdə aliment ödəməyə gücü çatır, bunu Binəqədi Rayon Məhkəməsində işə baxılarkən özü də etiraf edib. Buna baxmayaraq yenə də cavabdehə qismən güzəştə gedə bilər. Alimentin məbləğinin 3 uşaq üçün 550 manat müəyyən edilməsinə etiraz etmir. Əks təqdirdə iddianın təmin edilməsi, 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğini artıraraq cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-68-12/7-171/2023 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, hal-hazırda Oğuz şəhəri, E.İsgəndərov küçəsi, ev 11 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş doğum haqqında İ-FP 875010 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə RF Tümen vilayəti Tümen şəhərində anadan olmuş, bu barədə Tümen şəhər Administrasiyasının inzibati departamentinin VVAQ komitəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 846 nömrə ilə qeyd edilmiş, atası Cavabdehoviç, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında İİ-FP 552333 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə RF Tümen vilayəti Tümen şəhərində anadan olmuş, bu barədə Tümen şəhər Administrasiyasının inzibati departamentinin VVAQ komitəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 514 nömrə ilə qeyd edilmiş, atası Cavabdehoviç, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 124442 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Şəki şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 163 nömrə ilə qeyd edilmiş, atası Cavabdehoviç, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(001)-5654/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə Ağdam rayon VVADQ şöbəsində 149 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 20 yanvar 2012-ci il tarixdə doğulmuş X7, 29 dekabr 2013-cü il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 iddiaçının himayəsində saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aylıq qazancının (başqa) gəlirlərinin yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, Cavabdeh müvəqqəti olaraq Rusiya Federasiyasında yaşadığı zaman başqa qadınla faktiki ailə münasibətində olduğunu, ondan bir uşağı olduğunu, buna baxmayaraq İddiaçı ilə münasibətlərini bərpa etmək istədiyini, qazancının, maddi vəziyyətinin ona həm iddiaçı ilə nikahdan olan uşaqlarını, həm də hazırda dini nikahda olan arvadını və uşağını saxlamağa imkan verdiyini bildirmişdir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin təsviri hissəsindən görünür ki, iddiaçı ilə cavabdeh birgə nikahda olarkən 5 daşınmaz (ev və torpaq sahəsi) və bir daşınar (avtomobil) əmlak əldə etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 193 manat, 2023-cü il tarixli Qanunla 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2002-cü il tarixli birgə nikahından 2002, 2012, 2013 və 2018-ci il təvəllüdlü dörd övladı doğulmuşdur. Uşaqların üçü yetkinlik yaşına çatmamışdır. 2022-ci ilin noyabr ayında tərəflərin nikahı pozulmuş, üç uşağın saxlanılması üçün cavabdehin qazancının yarısı məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçının izahatında bildirdiyinə görə həmin məbləğ üç uşaq üçün cəmi 400-410 manat arasında hesablanaraq verilmişdir. Bu isə uşaqların saxlanması üçün kifayət deyil. İddiaçı hazırda alimentin artırılaraq hər uşaq üçün qanunla müəyyən edilmiş 220 manat məbləğində müəyyən edilməsini tələb edir. İddiaçı tərəfindən cavabdehin qazancı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməsə də, iş materiallarına əsasən və nikahın pozulması ilə bağlı məhkəmə iclasında cavabdeh özü maddi vəziyyətinin həm rəsmi, həm də dini nikahdan olan ailəsini saxlamağa imkan verdiyini bildirmiş, bundan əlavə birgə nikahda olarkən iddiaçının işləmədiyi, tərəflərin bir neçə daşınmaz və daşınar əmlak əldə etdiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, qanunvericiliyə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki iş üzrə müəyyən edilənlərə əsasən valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği və üç uşağın mənafeyi, habelə iddiaçının işləmədiyi, hazırda təyin edilmiş aliment üzrə ödənilən aliment məbləğinin yaşayış minimumuna uyğun olmaması nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, bir uşağın saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşağa 180 manat həddində, cəmi 540 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 180 manat olmaqla cəmi 540 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 20 yanvar 2012-ci il tarixdə anadan olmuş X3, 29 dekabr 2013-cü il tarixdə anadan olmuş X1 və 31 iyul 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar