Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-320/2023 13.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı 353,55 manat maddi ziyan tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzi məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh meşə qanunvericiliyini pozduğuna görə barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 57143 saylı akta əsasən ona 30,46 manat, xx.xx.2020-ci il tarixli, 64735 saylı akta əsasən 22,77 manat, xx.xx.2021ci il tarixli, 367 saylı akta əsasən 76,08 manat, xx.xx.2022-ci il tarixli, 003349 saylı akta əsasən 224,24 manat, cəmi 353,55 manat ziyan hesablanmışdır. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə xx.xx.2021-ci il tarixli, 567 saylı, xx.xx.2022-ci il tarixli, 27/2/99-127 saylı, xx.xx.2022-ci il tarixli, 27/2/99-306 saylı bildirişlər göndərilmiş və 10 gün müddətinə həmin ziyan məbləğinin ödənilməsi xahiş edilmişdir. Bildirişlərin nəticəsi olmadığından məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən 353,55 manat ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, “İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarının 17.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti inzibati orqanların təsnifatına aid edilmişdir. xx.xx.2011-ci il tarixdən qüvvəyə minmiş İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İİH Qanun) 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələbinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında“ Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə icraçıları tərəfindən icra edilir. Həmin maddənin 2-ci bəndinin tələbinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin maddənin 3-cü bəndinin tələbinə görə tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Hesab edirəm ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti mühafizə edilən təbiət ərazisinə vurulmuş zərərin məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi şəkildə hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyətinə malik olduğundan ərizəyə məhkəmə qaydasında baxılmamalı və qəbul etməkdən imtina olunmalıdır. Bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.1-ci maddəsinin şərh edilməsi ilə bağlı Laçın Rayon Məhkəməsinin müraciətinə dair xx.xx.2014-cü il tarixli qərardadı ilə izah verdiyini də iddiaçının nəzərinə çatdıraraq belə nəticəyə gəlirəm ki, qanunvericilikdə ziyanın məbləğinin ödənilməsi barədə iddiaçı tərəfindən müvafiq qərarın qəbul edilməsi imkanı nəzərdə tutulduğundan hazırkı iddiaya məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266 -268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı 353,55 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya qərardadın mətnində göstərilmiş qanunvericiliyə əməl etməklə dəymiş ziyanın cavabdehdən tutulması barədə qərar qəbul etdikdən sonra qərarın icrası ilə əlaqədar aidiyyəti icra və probasiya şöbəsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-320/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-320/2023
13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver