Məhkəmə qərarları › İş №2(054)-35/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-35/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-35/2024 20.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Sadəddin oğlunun, iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Adıgözəlli Nihat Eldəniz oğlunun iştirakı ilə İddiaçı (iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4) Cavabdeh qarşı 9820 manat məbləğində maddi ziyanın və 119 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair işə 20 may 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) (iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4) Cavabdeh (cavabdeh) qarşı 9820 manat məbləğində maddi ziyanın və 119 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər.Tərəflərin nümayəndə və vəkillərinin məhkəmə iclsında iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Ford Focus” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil Naxçıvan Muxtar Respublikası Şərur rayonu Tənənəm kənd sakini olan iddiaçının mülkiyyətində olmaqla xx.xx.2020-ci il tarixdə adına nəqliyyat vasitəsinin AD 842798 nömrəli qeydiyyat şəhadətnaməsi hazırlanmışdır. Həmin avtomobil xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən Oğuz rayonu Şirvanlı kənd sakini X1 15200 manata satılmışdır. 3-cü şəxs borcundan 10000 manatını vermiş, qalan 5200 manatı isə başqa şəxsdən borc alaraq iddiaçıya vermiş, hazırda həmin borcu faizlərlə borclu olduğu şəxsə ödəyir, yəni pul tamamilə ödənilib qurtarandan sonra iddiaçı maşını 3-cü şəxsin mülkiyyətinə verəcəkdir. Avtomaşın faktiki olaraq və qanuni əsaslarla Nihat Adıgözəllinin istifadəsindədir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində Nihat Adıgözəlli avtomobillə Oğuz rayonu Bayan kəndi istiqamətində hərəkət edərkən şəhərin çıxışında dairəvi yola çatdıqda Oğuz rayonu Calud istiqamətindən gələn qara rəngli “Mersedes ML” markalı, ** OS *** qeydiyyat nişanlı avtomobil “dayanmadan keçmək qadağandır” nişanının tələbini pozaraq dairəvi yola daxil olmuş, Nihat Adıgözəlli əyləci sıxsa da idarə etdiyi avtomobili saxlaya bilməmiş və avtomobillər toqquşmuşdur. Toqquşma zamanı Nihat Adıgözəllinin sol əlinin üst hissəsi və sağ diz oynağı zədələnmişdir. Cavabdeh özü də hadisəni olduğu kimi etiraf edib. 05 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarla sürücülük hüququ olmadan avtomobili idarə etmiş Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.2-ci maddələrinin tərkibi olduğu müəyyən edilmişdir. Beləliklə, cavabdeh öz hərəkətləri ilə qəzaya şərait yaradıb. İşə əlavə edilmiş qüsur aktına görə dəymiş ziyanın cəmi məbləği 9820 manat müəyyən edilib.İddiaçı həmin məbləği və ödənilmiş dövlət rüsumunu tələb edir. İddianın təmin olunmasını xahiş etmişdir. 3-cü şəxs Nihat Adıgözəlli məhkəmə iclasında Nümayəndə1 izahatını təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini rədd edərək bildirmişdir ki, xx.xx.2023-cü ildə işdən çıxıb. Dayanma-durma qaydalarına riayət edib. Hadisə vaxtı digər sürücünün sürət həddi çox olub, ona görə də avtomobillər toqquşub. 21 minlik maşına ziyan dəyib. Ziyanı qəbul etmir. Yuxarıdan gələn maşını görməsi mümkün deyildi. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, əslində hər iki sürücünün təqsiri müəyyən edilməli idi. Ekspertiza təyin edilsə digər sürücünün sürət həddinin çox olması və nəticədə belə qəzanın baş verməsi arasında səbəbli əlaqə aşkar ediləcək. Dəymiş maddi ziyan tələbi ilə də razı deyillər. Məbləğ şişirdilib. İşə əlavə edilmiş qüsur aktının dəqiqliyinə kifayət qədər şübhələr mövcuddur. Dəymiş ziyanın-avtomobilin ehtiyat hissələri və xidmətlərin dəyərinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfi, 3-cü şəxsi və cavabdeh tərəfi dinləyib iş materiallarını araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş və xx.xx.2023-cü il tarixli, 2(054)-677/2023 saylı qərardada əsasən işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Sözügedən iş (yeni nömrə 2(054)-35/2024) xx.xx.2024-cü il tarixli, 9/608 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, ekspert rəyinə etirazının olmadığını bildirdi və qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, ekspert rəyi ilə razı olduğunu bildirdi və qanunamüvafiq qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfi və 3-cü şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, 04 avqust 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi faktı üzrə sürücü Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğundan və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Oğuz RPŞ-nin DYPB-nə göndərilməsi, HK-1/357 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında toplanmış materialın Oğuz RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. “X8”in mütəxəssisi X3 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Nihat Adıgözəllinin sorğusu əsasında qəzaya uğramış 2014-cü il buraxılışlı “Ford Focus” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, ehtiyat hissələri və xidmət xərci hesablanmaqla avtomobilə 9820 manat zərər dəydiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2023-cüil tarixli protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində “Mersedes Benz ML350 minik” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/608 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “X8” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Ford Focus” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7717,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsindən istifadə edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə sürücülük vəsiqəsi olmadan idarə etmiş olduğu “Mersedes Benz ML350 minik” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuş, təhqiqat orqanının müəyyən etdiyinə əsasən onun idarə etdyi avtomobillə İddiaçı məxsus “Ford Focus” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyatsızlıqdan 9820 manat məbləğində maddi ziyan vurulmişdur. Məhkəmə hesab edir ki, iddiaçının qəza nəticəsində avtomobilə dəymiş zərəri qanunla müəyyən edilmiş şəkildə tələb etmək hüququ yarandığından iddiaçı dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə münasibətdə məhkəmə bildirir ki, cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti əsasında dəymiş ziyanın məbləğinin yenidən müəyyən edilməsi üçün məhkəmə texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekspert rəyi ilə 2014-cü il buraxılışlı “Ford Focus” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7717,00 manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə ekspertizanın gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddia tələbi qismən təmin eilməli, dəymiş zərərin məbləği 7717,00 manat həddində qəbul edilməli, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(054)-677/2023 saylı qərardadı ilə məhkəmə-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/608 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun hesablanmış 97,17 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməli, 100 manat ekspertiza xərcinin 22 manat hissəsi işin hallarına uyğun olaraq iddiaçıdan və 78 manat hissəsi cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 7717 (yeddi min yeddi yüz on yeddi) manat maddi zərər və 97,17 (doxsan yeddi manat on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin 22 manat hissəsi İddiaçı və 78 manat hissəsi Cavabdeh bərabər qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. İddia tələbi 2103 manat maddi ziyan və 21,83 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar