Məhkəmə qərarları › İş №2(054)-359/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-359/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-359/2024 21.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 21 iyun 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-06 fevral 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 155 manat alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə 07 oktyabr 2010-cu ildə Oğuz rayon İHB Bucaq kənd icra nümayəndəliyində qeydə alınmış nikahla ailə qurmuşlar. Birgə nikahdan onların 06 fevral 2012-ci il tarixdə anadan olmuş X2 adlı övladı vardır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(054)-321/2017 saylı qətnaməsi ilə aralarında nikah pozulmuş, azyaşlı uşaq onun himayəsində saxlanılmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(054)-258/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq 130 manat müəyyən edilmişdir. Nəhayət Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan 130 manat alimentin miqdarı artırılaraq 155 manat müəyyən edilmişdir. Hazırda qızı Mələklə birgə Oğuz şəhərində yaşayır. Özü işləsə də, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona alimentin məbləğini ödəməklə kifayətlənir, halbuki alimentin müəyyən edildiyi vaxtdan iki il keçmişdir. Bu müddətdə geyim, yaşayış xərcləri artmış, uşaq isə böyümüşdür. Cavabdeh yenidən ailə qurmuşdur və yaş yarımlıq bir uşağı vardır. Onda olan məlumata görə uşağa yüksək səviyyədə baxılır. Hesab edir ki, onunla birgə nikahdan doğulmuş uşaq da eyni diqqət və şəfqətə möhtacdır. Bəzən uşağın səhhəti ilə də bağlı problemlər olur, maddi vəsait tələb edilir. Qızının atası ilə ünsiyyətinə mane olmayıb. Böyük uşaqdır, özü istəyirsə atası ilə görüşsün. İddia ərizəsində 235 manat alimentin tutulmasını xahiş etsə də, azı 180-190 manat həddində aliment məbləği ilə razılaşa bilər. İşin hallarını nəzərə alaraq qanuni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, övladına baxır, baxmalıdır və bundan imtina etmir. Amma uşağı ilə görüşmək, danışmaq istəyir. Qızına telefon alıb-verib. İkinci dəfə ailə qurub, uşağı bir yaş üç aylıqdır. Qazancı isə azdır. Uşağın alimenti, ikinci uşağın xərcləri, ailənin xərcləri, öz şəxsi xərclərini hesablayanda alimentin artırılması maddi imkanlarına uyğun gəlmir. Alimentin məbləği 160 manat müəyyən edilsə ödəyə bilər. Ülviyyə özü işləyir. Onun isə aylıq qazancı iş tapmağından asılıdır. Belə ki, qış ayalrı qazancı az olur. Digər fəsillərdə işin həcminə görə 600-800 manat arası qazanc əldə edə bilir. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayon Bucaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Bucaq kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 815188 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 03 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-170/2022 saylı, 19 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən hər ay tutulan 130 manat alimentin miqdarı artırılaraq 155 manat sabit pul məbləğində müəyyən edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 20/12 saylı arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 473830 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 xx.xx.2022-ci il tarixdə Şəki Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 59 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdn sonra ərə Səmədov, arvada Məmmədli soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 836971 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Şəki şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 37 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X4r. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə əçzaçı və ətriyyat-kosmetika məhsulları üzrə xırdalayıcı avadanlıqda operator işləməklə aylıq əmək haqqı 370 manatdır. Sistemdə Cavabdeh gəlirləri bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından xx.xx.2023-cü il təvəllüdlü Mələk adlı qızı vardır. Tərəflərin nikahı pozulmuş, 2022-ci il tarixli qətnamə ilə cavabdehdən tutulan alimentin məbləği 155 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olduğunu nəzərə almaqla alimentin məbləğinin həmin həddə müəyyən edilməsini xahiş etsə də, məhkəmə iclasında alimentin məbləğinin 180-190 manat məbləğində müəyyən edilməsinə etiraz etməmişdir. İddiaçı tərəfindən cavabdehin qazancı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında alimentin məbləğinin 5 manat artırılmasını xahiş etmişdir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə hesab edir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan, hər bir uşağın valideyndən bərabər şəkildə maddi təminat almaq hüququ nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsi ədalətli və mümkündür. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının və cavabdehin himayəsində olan uşaqların yaşı və minimal maddi ehtiyacları, habelə alimentin sonuncu təyinatından sonra iki il müddətin keçdiyi, həmin müddətdə yaşayış minimumunun məbləğinin artması nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü Mələyin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 180 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 180 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 06 fevral 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar