Məhkəmə qərarları › İş №2(054)-36/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-36/2024

29.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-36/2024 29.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X14 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 Sadəddin oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın müayinəsi və ölçü işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki işə 29 yanvar 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı ünvan 1 ünvanında yerləşən, xx.xx.1992-ci il tarixli müqavilələr əsasında X11 və X5 adlı şəxslərdən satın aldığı fərdi yaşayış evləri və evlərin yerləşdiyi həyətyanı torpaq sahələrində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarının müayinə və ölçü işlərinin aparmasına maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclaının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Tərəfləri təmsil edən nümayəndə və vəkillərin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, İddiaçı və Cavabdeh1 doğma qardaşdırlar. İddiaçı xx.xx.1951-ci ildə Oğuz rayon Qarabulaq kəndində anadan olub. Ailə vəziyyəti ilə bağlı Rusiya Federasiyasında yaşayır, həmin ölkənin vətəndaşıdır. İddiaçı xx.xx.1992-ci ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2 müqavilə bağlamaqla ünvan 2 ünvanında 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini sahibi X7, ev 15 ünvanında 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini sahibi X3 satın almışdır. Evləri satın alarkən başqa ünvanda yaşadığından və evlər boş olduğundan qardaşı olan cavabdehə ailə üzvləri ilə birlikdə həmin evlərdə yaşamağa icazə vermişdir. Son vaxtlar qardaşından və ailə üzvləri olan digər cavabdehlərdən evi boşaltmağı tələb etmişdir. Onlar buna etiraz etdiklərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək hər iki ev barədə öz adına çıxarış sənədlərinin hazırlanmasını xahiş etmişdir. İdarənin əməkdaşları qeyd edilən ünvanlara gələrək müayinə və ölçü işlərini aparmaq istəsələr də, cavabdehlər tərəfindən təzyiq göstərildiyindən ona sənədlərin hazırlanmasının mümkün olmadığı bildirilməklə rəsmi məktublarla imtina verilmişdir. İddiaçı adına sənədlərin hazırlanmasını istəyir. Hələlik cavabdehləri evdən çıxarmayacaq. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı qardaşıdır. Qardaşı ünvan 3 ünvanda yerləşən evləri 1992-ci ildə alqı-satqı yolu ilə adları iddia ərizəsində qeyd edilən şəxslərdən alıb. Məsələnin mahiyyəti bundan ibarətdir ki, aralarında olan razılaşmaya əsasən qardaşının satın aldığı evləri onun adına, onun adına olan evləri isə qardaşı Bayramalının adına rəsmiləşdirməli idilər, lakin qardaşı onu aldatmışdır. Uzun illərdir həmin evdə ailəsi ilə birlikdə yaşayır. Onun başqa yaşayış yeri yoxdur. Evlərin abadlaşdırılmasına xeyli vəsait xərcləyib. Bundan əlavə evlərin yerləşdiyi torpaq sahəsinə-cəmi 599,5 kv.m olmaqla Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə onun adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanıb, hazırda qüvvədədir. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında Cavabdeh1 izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli ərazidə yerləşən evlərlə bağlı iddiaçının adına alqı-satqı müqavilələri olsa da torpaq sahəsi cavabdeh Qiyasın adına rəsmiləşdirilib. Qiyas və ailəsi uzun illər yaşadıqlarından həmin evdə onların da hüququ vardır. Gələcəkdə evlər iddiaçının adına rəsmiləşdirilsə və qarşılıqlı razılıq əldə olunmasa o zaman cavabdehlər çəkilmiş xərclərlə və digər məsələlərlə bağlı iddia qaldıracaqlar. Fərdi yaşayış evlərinin texniki pasportu ilə yerləşməsi arasında fərqlər mövcuddur. Müayinə və ölçü işlərinin aparıldığı təqdirdə bəzi məsələlərin aydınlaşması da mümkündür. Bu, hələ mülkiyyət hüququnun qeydə alınması hesab olunmur. Ona görə də cavabdeh tərəf olaraq hazırda iddianın təmin edilməsinə etiraz etmirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin iş materiallarına əlavə edilmiş 08 aprel 2023-cü il tarixli, 3-16-5/6-13-M-93-6/23 saylı məktubunun surətindən görünür ki, Qəbələ rayon dövlət notariat ofisində xx.xx.1992-ci il tarixdə 2M- 1/32 və 2M-1/33 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.1992-ci il tarixli, reyestrdə 32 nömrə ilə qeyd edilən müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Dallakova Arusyak X1 verilmiş xx.xx.1991-ci il tarixli 1286 saylı vəkalətnamə ilə Qəbələ rayon Dövlət Notariat Kontorunda ünvan 4 ünvanda 300 kv.m torpaq sahəsində yerləşən, 1961-ci ildə tikilmiş, divarları saman kərpiclə, üstü qirəmitlə örtülmüş, bir mərtəbəli, bir otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.1992-ci il tarixli, reyestrdə 33 nömrə ilə qeyd edilən müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Petonyan Melikset X2 verilmiş xx.xx.1991-ci il tarixli 1284 saylı vəkalətnamə ilə Qəbələ rayon Dövlət Notariat Kontorunda ünvan 5 ünvanda 300 kv.m torpaq sahəsində yerləşən, 1961-ci ildə tikilmiş, divarları saman kərpiclə, üstü qirəmitlə örtülmüş, bir mərtəbəli, bir otaqdan ibarət yaşayış evini İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş fərdi yaşayış evinin 1250 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Vartaşen şəhəri, Kommunist küçəsi 15 ünvanda yerləşən, 1961-ci ildə tikilmiş 1 otaqlı fərdi yaşayış evi xx.xx.1979-cu ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X6 bürosunda X13 adına, sonralar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər birinin payı bərabər olmaqla X5 və X10 adına, daha sonra İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 900 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Vartaşen şəhəri, Kommunist küçəsi 17 ünvanda yerləşən, 1961-ci ildə tikilmiş 1 otaqlı fərdi yaşayış evi may 1976-cı ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X6 bürosunda X8 adına, sonralar İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iş materiallarına əlavə edilmiş A 389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz şəhərində yerləşən 599,5 kv.m həyətyanı torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Cavabdeh1 verilmiş, X15 kitabında xx.xx.2012-ci il tarixdə 9536 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iş materiallarına əlavə edilmiş A 389553 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz şəhərində yerləşən 599, 44 kv.m həyətyanı torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Cavabdeh1 verilmiş, X15 kitabında xx.xx.2012-ci il tarixdə 9464 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X9 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı xx.xx.1992-ci ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2 müqavilə bağlamaqla ünvan 2 ünvanında 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini sahibi X7, ev 15 ünvanında 0,03 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini sahibi X3 satın almışdır. Evləri satın alarkən başqa ünvanda yaşadığından və evlər boş olduğundan qardaşı olan cavabdehə ailə üzvləri ilə birlikdə həmin evlərdə yaşamağa icazə vermişdir. Son vaxtlar qardaşından və ailə üzvləri olan digər cavabdehlərdən evi boşaltmağı tələb etmişdir. Onlar buna etiraz etdiklərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək hər iki ev barədə öz adına çıxarış sənədlərinin hazırlanmasını xahiş etmişdir. İdarənin əməkdaşları qeyd edilən ünvanlara gələrək müayinə və ölçü işlərini aparmaq istəsələr də, cavabdehlər tərəfindən təzyiq göstərildiyindən ona sənədlərin hazırlanmasının mümkün olmadığı bildirilməklə rəsmi məktublarla imtina verilmişdir. Buna görə də məhkəməyə müraciət edərək qeyd edilən ünvanlarda İdarənin əməkdaşları tərəfindən ölçü və müayinə işlərinin aparılmasına cavabdehlər tərəfindən edilən maneənin qadağan edilməsini xahiş edir. Cavabdeh tərəf məhkəmə icraatı zamanı ilkin olaraq iddia tələbinə etiraz etsə də, sonuncu məhkəmə iclasında iddia tələbini qəbul etmişdir. Yuxarıda qeyd olunanlara qiymət verərək və qanunun tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də iddiaçı ödənilmiş 100 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanlarda yerləşən fərdi yaşayış evlərində ölçü və müayinə aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilən maneə hərəkətləri onlara qadağan edilsin, fərdi yaşayış evləri üzərində mütəxəssislər tərəfindən müayinə və ölçü keçirilməsi təmin edilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar