Məhkəmə qərarları › İş №2(054)-360/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-360/2022

05.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-360/2022 05.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, İddiaçı, onun vəkili X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat - cəmi 386 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahından xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2021-ci il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlar nəticəsində onlar faktiki olaraq ayrılmışlar. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 315 / 2020 nömrəli qətnaməsinə əsasən X2 üçün cavabdehdən hər ay 150 manat və xx.xx.2021-ci il tarixli 2 (054) - 77 / 2021 nömrəli qətnaməsinə əsasən X3 üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda da uşaqlar onun himayəsindədirlər. O, uşaqları ilə birlikdə Oğuz rayonu Yaqublu kəndində öz valideynlərinin evində yaşayır və uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də cavabdehdən tutulаn alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh uşaqların ehtiyacları və qayğıları ilə maraqlanmır. Uşaqların yaşının artması, ərzaq, geyim və digər xərclərin artması əlaqədar maddi ehtiyacları da artmışdır. Həmçinin, uşaqların hər ikisinin səhhətində müəyyən problemlər olduğundan onların daimi həkim müayinəsinə və müalicələrə ehtyacı vardır. Cavabdehin ona ödəməli olduğu cəmi 300 manat aliment uşaqların zəruri xərclərini ödəməyə kifayət etmir və cavabdeh həmin məbləği də vaxtlı-vaxtında ödəmir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olaraq kifayət qədər gəlir əldə edir və ona hər ay hər uşaq üçün 193 manat - cəmi 386 manat aliment ödəməyə hər cür maddi imkanı vardır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmiş, bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının vəkili X9 da iddiaçının izahatında göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, daimi olaraq heç bir yerdə işləmir. Eyni zamanda, iddiaçı onun uşaqlarla ünsiyyətinə maneə törədir. Hazırki vəziyyətdə iddiaçıya hər ay hər uşaq üçün 193 manat - cəmi 386 manat sabit pul məbləğində aliment ödəməyə onun maddi vəziyyəti imkan vermir. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AZ-İ 346190 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surəti, xx.xx.2017-ci il tarixli AZ-T 022839 nömrəli və xx.xx.2021-ci il tarixli AZ-İV 526743 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054) - 315 / 2020 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 77 / 2021 nömrəli qətnamələri, Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli 358 nömrəli arayış və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X7 və xx.xx.2021-ci il tarixdə X8 adlı iki uşaqları anadan olmuşdur. Uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır. Tərəflərin birgə nikahından anadan olmuş uşaqlar hazırda da iddiaçının yanında yaşayırlar. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı mediasiya prosesində də iştirak etməmiş, iddiaçı mediasiya prosesi ilə bağlı 50 manat ödəmişdir. İddiaçı uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin hazırki şəraitdə uşaqların saxlanmaları üçün kifayət etmədiyini bildirməklə alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat - cəmi 386 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq uşaqların yaşının artması və qiymətlərin bahalaşması ilə əlaqədar xərclərinin xeyli artdığını, həmçinin, uşaqların səhhətində müəyyən problemlər olduğunu bildirir. Cavabdeh iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız daimi olaraq heç bir yerdə işləmədiyini bildirmişdir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra sonra keçən 2 ilə yaxın müddət ərzində tərəflərdən hər hansı birinin maddi və ya ailə vəziyyətində dəyişiklik olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Ancaq həmin vaxtdan sonra keçən müddət ərzində tərəflərin birgə nikahından anadan olmuş uşaqların yaşının artması ilə bağlı maddi ehtiyacları da artdığından, həmçinin, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu hər il artdığına görə məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Ona görə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə az olduğundan yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin uşaqların saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, hazırki vəziyyətdə cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 6 saylı DOST Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli **********2 nömrəli arayış və Sədərək rayon İcra Hakimiyyəti başçısının Dəmirçi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 751 nömrəli arayışda da cavabdehin adına əmək müqaviləsi bildirişi qeydə alınmadığı və onun heç bir yerdə işləmədiyi qeyd edilmişdir. Ona görə də tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanmaları üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Lakin cavabdehin daimi iş yerinin olmaması, maddi vəziyyətinin səviyyəsi, onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə uşaqların saxlanması üçün alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödəməli olduğu alimentin miqdarını, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində alimentin miqdarının artırılması barədə müraciət olunmadığını və alimentin miqdarının artırılmadığını, habelə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alır. İşin digər faktiki hallarına isə məhkəmənin xx.xx.2020-ci il tarixli 2 (054) - 315 / 2020 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 77 / 2021 nömrəli qətnamələri ilə hüquqi qiymət verilməklə həmin dövrlərdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu müvafiq olaraq 170 manat və 175 manat olduğu halda, hər uşaq üçün 150 manat aliment təyin edildiyi diqqətə alınaraq məhkəmə tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 170 manat - cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 170 manat - cəmi 340 manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 40 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 480 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 30 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 50 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 30 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. . NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat - cəmi 300 manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat - cəmi 340 manat sabit pul məbləğində müəyyən edilsin. X7 və X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat - cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar