Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-360/2024 21.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 21 iyun 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-03 iyun 2008-ci il tarixdə anadan olmuş X2 və 15 avqust 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 120 manatdan az olmamaqla müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 235 manatdan az olmamaqla, cəmi 470 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə 18 iyun 2007-ci ildə Oğuz rayon İHB Bucaq kənd icra nümayəndəliyində qeydə alınmış nikahla ailə qurmuşlar. Birgə nikahdan onların 03 iyun 2008-ci il tarixdə anadan olmuş Səmədzadə Röya və 15 avqust 2015-ci ildə anadan olmuş Səmədzadə Bəhram adlı övladları vardır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(054)-1904/2016 saylı qətnaməsi ilə aralarında nikah pozulmuş, azyaşlı uşaqlar onun himayəsində saxlanılmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-171/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmış, cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşağa 120 manatdan az olmamaqla alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Hazırda uşaqları ilə birlikdə Oğuz şəhərində yaşayır. Özü ingilis dili müəllimi işləsə də, uşaqlarını təkbaşına saxlamaqda çətinlik çəkir. Alimentin sonuncu dəfə artırılmasından 5 ildən çox müddət keçmişdir. Cavabdeh isə ona yalnız alimentin məbləğini ödəməklə kifayətlənir. Bu müddətdə geyim, yaşayış xərcləri artmış, uşaqlar isə böyümüşdür. Uşaqların ataları ilə ünsiyyətinə mane olmur. Cavabdeh özü hərəkətləri ilə onları uzaqlaşdırır. İddia ərizəsində 235 manat alimentin tutulmasını xahiş etsə də, cavabdehin ailə vəziyyətini, himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq qazancın 1/3 hissəsi miqdarında, lakin hər uşaq üçün 180 manatdan az olmayaraq alimentin təyin olunmasına razılaşa bilər. İşin hallarını nəzərə alaraq qanuni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda kirayədə yaşayır, çünki, ona müharibə əlili kimi dövlət tərəfindən verilmiş mənzili ailə mübahisələri zamanı iddiaçıya verib. Ona isə 12500 manat pul verilib. Afət özü müəllim işləyir, əmək haqqı var. Alimenti isə təqaüdündən tuturlar. Son aylar xəsarət aldığı qoluna görə işləyə bilmir, müalicəyə ehtiyacı var. Buna görə maddi cəhətdən çətinlik çəkir. Əvvəllər toylarda video çəkirdi, indi səhhəti ilə bağlı işləyə bilmir. Aliment ödəsə də uşaqlarla görüşə bilmir, onu görüb qaçırlar. İkinci dəfə ailə qurub, bir uşağı var. Aliment tutulduqdan sonra ona 109 manat qalır. 400 manat da Prezident Təqaüdüdür. Alimentin artırılmasına etiraz etmir, lakin iddiaçının tələb etdiyi məbləğ onun imkanlarına uyğun gəlmir. Ona görə də hər uşağa 150 manat olmaqla aliment verməyə etiraz etmir. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 112926 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 69 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 600891 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 172 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-171/2019 saylı, 22 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manatdan az olmamaqla alimentin tutularaq 03 iyun 2008-ci il tarixdə anadan olmuş X2 və 15 avqust 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 258755 saylı şəhadətnamənin surətindən görünür ki. Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş nikah haqqında AZ-T 012529 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 xx.xx.2018-ci il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 25 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdn sonra ər-arvada Səmədov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 428302 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Şəki rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 34 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X5r. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup müharibə əlili kimi 400 manat, 363,86 manat isə əlilliyə görə pensiya alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından xx.xx.2008-ci il təvəllüdlü qızı və xx.xx.2015-ci il təvəllüdlü oğlu vardır. Tərəflərin nikahı pozulmuş, 2019-cu il tarixli qətnamə ilə cavabdehdən tutulan alimentin məbləği onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, hər uşaq üçün 120 manat, cəmi 240 manatdan az olmayan məbləğdə müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olduğunu nəzərə almaqla alimentin məbləğinin cavabdehin qazancının 1/3 hissəsində,cəmi 470 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, məhkəmə iclasında alimentin məbləğinin hər uşaq üçün 180 manat məbləğində müəyyən edilməsinə etiraz etməmişdir. İddiaçı tərəfindən cavabdehin qazancı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında alimentin məbləğinin hər uşaq üçün 150 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə hesab edir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan, hər bir uşağın valideyndən bərabər şəkildə maddi təminat almaq hüququ nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsi ədalətli və mümkündür. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının və cavabdehin himayəsində olan uşaqların yaşı və minimal maddi ehtiyacları, habelə alimentin sonuncu təyinatından sonra beş il müddətin keçdiyi, həmin müddətdə yaşayış minimumunun məbləğinin artması nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında hər ay hər uşaq üçün 160 manatdan az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi middarında, lakin hər ay hər uşaq üçün 160 manatdan az olmamaqla aliment (vəsait) tutularaq 03 iyun 2008-ci il tarixdə anadan olmuş X2 və 15 avqust 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-360/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-360/2024
21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver