Məhkəmə qərarları › İş №2(054)-361/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-361/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-361/2024 20.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 20 iyun 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-20 iyun 2012-ci il tarixdə anadan olmuş X2 və 05 iyul 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 210 manat alimentin məbləğinin artırılaraq hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə 2011-ci ildə faktiki nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2012-ci ildə Fatma və xx.xx.2014-cü ildə Xanarə adlı övladları doğulmuşdur. Fatmanın doğum qeydi cavabdehin atalıq haqqında ərizəsi ilə qeydə alınmış, Xanarənin atalıq faktı isə Oğuz Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(054)-19/2017 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(054)-290/2020 saylı qətnaməsi ilə hər uşaq üçün 105 manat olmaqla, cəmi 210 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. Uşaqlarla birgə Oğuz rayon Qumlaq kəndində yaşayır. Uşaqlar böyüyüblər, onları təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdeh arıçılıqla məşğul olur, mal-qarası var, amma alimentdən əlavə maddi yardım etmir, hətta 1000 manat qalıq borcu var. Uşaqlarla soyuq davranır, heç maraqlanmır. Alimentin təyin edilməsindən isə 4 il keçib. Həm qiymətlər, həm də yaşayış minimumu artıb. Buna görə də məhkəməyə müraciət etmişdir. Özü işləmir, ailəsinin də maddi imkanı yoxdur. İddia tələbinin təmin edilməsi, alimentin məbləğinin artırılaraq hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, ailəsi ilə birlikdə Şəki rayonu Baş Küngüt kəndində yaşayır. 3 övladı var.Yetkinlik yaşına çatıblar. Əvvəllər arıya baxırdı, sonra arılar qırıldı. Bir nəfər şəxsin bağına baxır, ordan aldığı 150 manatı alimentə ödəyir. Arvadı da işsizdir. Vaxtilə 250-300 manat aliment ödəyib. Hazırda xəstədir, müalicə xərclərini də ödəyə bilmir. Hər uşağa 150 manat verə bilər. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası, Oğuz rayon Qumlaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Qumlaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1966-cı il tarixdə Azərbaycan Respublikası, Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuş, yaşayış yeri Şəki rayonu Baş Küngüt kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 874746 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Şəki şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 146 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 088553 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Şəki şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 177 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-290/2020 saylı, 24 avqust 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh qazancından və başqa gəlirlərindən 20 iyun 2012-ci il tarixdə anadan olmuş X2 və 05 iyul 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 105 manat olmaqla cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. . Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin faktiki nikahından xx.xx.2012-ci il və xx.xx.2014-cü il təvəllüdlü iki qızı vardır. Oğuz Rayon Məhkəməsinin 2020-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər uşağa 105 manat olmaqla cəmi 210 manat müəyyən edilmişdir. Həmin vaxtdan 4 ilə yaxın müddət keçmişdir. Uşaqlar böyümüş, yaşayış minimumu da artmışdır. İddiaçı 2024cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olduğunu nəzərə almaqla alimentin məbləğinin həmin həddə müəyyən edilməsini xahiş edir. İddiaçı tərəfindən cavabdehin qazancı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə məhkəmə iclasında alimentin məbləğinin hər uşaq üçün 150 manat müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə hesab edir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan, hər bir uşağın valideyndən bərabər şəkildə maddi təminat almaq hüququ nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsi ədalətli və mümkündür. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların yaşı və minimal maddi ehtiyacları nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 20 iyun 2012-ci il tarixdə anadan olmuş X2 və 05 iyul 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşaq üçün 170 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 35,6 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 20 iyun 2012-ci il tarixdə anadan olmuş X2 və 05 iyul 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 35,6 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar