Məhkəmə qərarları › İş №2(054)-364/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-364/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-364/2024 24.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Məmmədov Şəhriyar Asif oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 24 iyun 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-19 noyabr 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş ayda 100 manat alimentin məbləğinin artırılaraq cavabdehin qazancından və başqa gəlirlərindən hər ay 235 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə 2001-ci ildə faktiki nikaha daxil olmuşdur. Nikahları 27 avqust 2007-ci ildə Oğuz rayon İHB Bucaq kənd icra nümayəndəliyində qeydə alınmışdır. Birgə nikahdan onların 26 oktyabr 2002-ci il tarixdə anadan olmuş Həsən və 19 noyabr 2008-ci il tarixdə anadan olmuş Şahnaz adlı övladları vardır. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)-2861/2011 saylı qətnaməsi ilə aralarında nikah pozulmuş, azyaşlı uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 100 manat alimentin cavabdehdən tutulması qərara alınmışdır. Buna baxmayaraq həmin qətnamə icra olunarkən Cavabdeh iki uşağa görə cəmi 150 manat aliment ödəmişdir. xx.xx.2002-ci il təvəllüdlü Həsən yetkinlik yaşına çatdıqdan sonra cavabdeh Şahnazın saxlanması üçün 75 manat aliment ödəməyə davam etmişdir. Qeyd edilənlər nəzərə almaqla hesablama aparılarkən cavabdehin 6000 manat aliment borcunun olduğu müəyyən edilir. Eyni zamanda iddiaçı həmin vaxtdan sonra alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı tərəf olaraq hesab edirlər ki, keçən illər ərzində yaşayış minimumu dəfələrlə artmış, Şahnaz böyüdüyündən xərcləri çoxalmış, bu hal da alimentin məbləğinin artırılmasına stimul yaratmışdır. Bundan əlavə cavabdehin əlavə gəlirləri var, təəssif ki, bu barədə rəsmi sənəd təqdim edə bilmirlər. Vüsalə cavabdehdən həmişə qorxubçəkinib, ona görə bu illərdə alimentin az olmasını mübahisələndirməyib. İddiaçı ümumiyyətlə fikirlərini sərbəst şəkildə izah etməkdən qorxur. Cavabdeh tərəfin alimentin azaldılması ilə bağlı təqdim etdiyi, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi iddiaçıya məlum deyil. Həmin qətnamənin mübahisələndirilməsi barədə aidiyyəti məhkəməyə müraciət ediləcək. İddiaçının cavabdehlə münasibətinin yaxşı olması alimentin az ödənilməsi üçün səbəb ola bilməz. Cavabdehin borcu olub, ona görə ölkədən çıxışına qadağa qoyulub. İddia tələbinin təmin edilməsi, 2008-ci il təvəllüdlü Şahnazın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsinin izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, cavabdehin uşaqlarla münasibəti var, özü uşaqları aparıb ataları ilə görüşməsinə imkan yaradır. Cavabdehlə Bakı şəhərində birgə yaşayanda 4-5 baş mal saxlayırdı. Ona məlum olanlara əsasən cavabdehin iki həyət evi var, onları kirayəyə verib qazanc əldə edir. Evin yanında kabel sexində işləyir. Məktəbdə də gözətçi işləyir. Beləliklə tələb olunan alimenti ödəyə bilər. 2012-ci ildə keçirilmiş məhkəmə iclası və çıxarılmış qərar barədə məlumatı yoxdur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, cavabdeh 2011-ci il tarixdə iddiaçıdan məhkəmə qaydasında boşanıb, uşaqların saxlanması üçün cəmi 200 manat aliment verməyə etiraz etməyib. 2012-ci ildə onun alimentin azaldılması barədə iddiasına Sabunçu Rayon Məhkəməsində baxılıb və tələb təmin edilərək iki uşaq üçün cəmi 150 manat alimentin tutulması qət edilmişdir. Həmin işə baxılarkən iddiaçı etiraz məktubu göndərmişdir və sonra da qətnamədən məlumatı olmuşdur. Beləliklə cavabdehin iddiaçıya heç bir aliment borcu yoxdur. İddiaçı cavabdehlə əlaqəni itirməyib, belə ki, 2023-cü ildə qızı Şahnazla birgə 6 gün cavabdehin evində qalıb. Oğlu Həsən də 1 ay atası ilə qalıb. Vüsalə bu yaxınlarda Arifdən kömək üçün pul da istəyib. Alimentin artırılmasından imtina etmirlər, lakin cavabdeh 2012-ci ildə yenidən ailə qurub, həmin nikahdan 3 uşağı vardır. Özü Bakı şəhəri Sabunçu rayonu 296 saylı tam orta məktəbdə gözətçi işləyir və əlinə çatan aylıq əmək haqqı 347,37 manatdır. Uşaqlardan biri xəstədir, psixoloq və loqoped dəstəyi alır. Cavabdehin özünün evi balaca və sənədsizdir, kirayə verdiyi evlərinin olması inandırıcı deyil. Cavabdeh Oğuz rayonunda yaşayanda təsərrüfatla məşğul olub. Aliment artırılarkən digər uşaqların da mənafeyi nəzərə alınmalıdır. İddia tələbinin qismən təmin edilməsi, alimentin məbləğinin 100 manat həddində artırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilini, habelə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Oğuz rayon İHB Calut kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019cu il tarixli, 10/352 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Oğuz rayon Calut kəndində oğlu X5 və qızı X4 ilə birlikdə yaşayır. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 259719 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2002-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 192 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 259437 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1251 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(008)-2861/2011 saylı, 06 sentyabr 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 analarının yanında saxlanmaqla onların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(008)-5284/2012 saylı, 07 noyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının 100 manata qədər azaldılması tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 156139 saylı şəhadətnamənin surətindən görünür ki. Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 347 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş nikah haqqında AZ-İ 792145 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İsrafilova Təhminə xx.xx.2012-ci il tarixdə nikah bağlamış, bu barədə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1264 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdn sonra ər-arvada Qasımov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 014159 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı şəhər Sabunçu rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 4269 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İsrafilova Təhminədir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 374304 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı 4 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1150 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İsrafilova Təhminədir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 829246 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə Bakı 4 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 250 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İsrafilova Təhminədir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 5 saylı Xidmət və Əməliyyat Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 133 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən Bakı şəhəri Sabunçu rayonu 296 nömrəli tam orta məktəbdə gözətçi işləyir, aylıq kart hesabına hər ay 347,37 manat əmək haqqı köçürülür. “Nömrə 1” Psixologiya Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli psixoloji rəyindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə mərkəzin baş psixoloqu Axundova Könül tərəfindən konsultasiya olunub, uşaqda kəkələmə, özgüvən əskikliyi, qorxufobiya, diqqət əskikliyi, və həyəcan-təşviş aşkarlanmış, xx.xx.2024-cü il tarixdən etibarən psixoloq və və loqoped dəstəyi alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2002-ci il təvəllüdlü oğlu və xx.xx.2008-ci il təvəllüdlü qızı vardır. Tərəflərin nikahı 2011-ci ildə məhkəmə qaydasında pozulmuş, həmin qətnamə ilə cavabdehdən hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat alimentin Cavabdeh tutulması qət edilmişdir. 2012-ci ildə Cavabdeh məhkəməyə müraciət edərək alimentin 100 manatadək azaldılmasını xahiş etmiş, onun tələbi qismən təmin olunmaqla iki uşağın saxlanması üçün cəmi 150 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin vaxtdan 13 ilə yaxın vaxt keçmiş, tərəflərin oğlu yetkinlik yaşına çatmış, 2008-ci il təvəllüdlü Şahnazın saxlanması üçün isə cavabdeh 75 manat aliment ödəməkdə davam edir. İddiaçı iddia ərizəsində 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olduğunu nəzərə almaqla alimentin artırılaraq həmin məbləğdə müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehin qazancı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehin yeni ailəsi və 3 uşağı olduğunu, 2014-cü il təvəllüdlü uşağın xəstə olduğunu, cavabdehin aylıq qazancının 347 manat olduğunu bildirməklə alimentin 100 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə bildirir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan valideynin işləyib-işləməməsi, onun qazancının məbləği uşağın yaşayış minimumundan aşağı təminatı üçün əsas hesab edilə bilməz. Bundan əlavə hazırki iş üzrə alimentin təyin olunduğu vaxtdan 13 ilədək müddətin keçdiyi, iddiaçı tərəfindən bu müddət ərzində alimentin artırılmasına dair iddianın verilmədiyi, keçən müddətdə yaşayış minimumunun həddində ciddi artımların olduğu nəzərə alınmalıdır. Buna baxmayaraq məhkəmə həmçinin hesab edir ki, alimentin məbləği təyin edilərkən ədalətlilik prinsipi nəzərdən qaçırılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən 2002-ci il təvəllüdlü övladı yetkinlik yaşına çatanadək- yəni 2020-ci ilin sonunadək cəmi 150 manat aliment ödənişi həyata keçirilmiş, həmin illər ərzində də-2016-cı ildən hazırki iş yerində işləməklə aylıq qazancı 347 manat, yaxud ola bilsin ki, ondan daha aşağı məbləğdə olmuşdur. Buna baxmayaraq cavabdeh həm onunla birgə yaşayan, həm də aliment verdiyi övladlarının minimum ehtiyaclarını ödəmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının və cavabdehin himayəsində olan uşaqların yaşı və minimal maddi ehtiyacları, habelə alimentin ilk və sonuncu təyinatından sonra 13 il müddətin keçdiyi, həmin müddətdə yaşayış minimumunun gözəçarpan dərəcədə artması nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, cavabdehin qazancından və başqa gəlirlərindən hər ay 150 manat aliment tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 150 manat aliment (vəsait) tutularaq 19 noyabr 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar