Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-372/2023 10.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-30 oktyabr 2007-ci il tarixdə anadan olmuş X1, 06 avqust 2009-cu il tarixdə anadan olmuş X2 və 06 oktyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 330 manat alimentin məbləğinin artırılaraq cəmi 660 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə nikahlarını 02 sentyabr 2005-ci ildə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 30 oktyabr 2007-ci il tarixdə Könül, 06 avqust 2009-cu il tarixdə Filiz və 06 oktyabr 2014-cü il tarixdə Tunar adlı övladları doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(054)-39/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay hər uşaq üçün 110 manat, cəmi 330 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.Cavabdeh alimenti müntəzəm ödəmir, 760 manat aliment borcu yaranmışdır. Məhkəməyə yenidən müraciət etməsinin başqa səbəbi də vardır, belə ki, əvvəllər iş yeri olmaqla aylıq əmək haqqı 310 manat olsa da hazırda xəstəliyi səbəbli işləmir, müalicə olunur. Keçən müddətdə isə uşaqlar üçün yaşayış minimumunun məbləği də artaraq 220 manat olmuşdur. Uşaqlar ildən-ilə böyüyür və tələbatları artır. Anar kənd təsərrüfatı ilə məşğul olur, avtomaşını var. Onun rəsmi qazancı ilə bağlı sübutu yoxdur, lakin cavabdeh özü də yaxşı bilir ki, 110 manat çox azdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, əvvəla xəstədir, bununla bağlı sənəd və diskləri təqdim edə bilər. İkincisi də özünə məxsus kiçik təsərrüfatı var, gəliri azdır. Həmin təsərrüfatdan əldə etdiyi gəlirlə təyin edilmiş alimenti ödəməli, özünün və yaşlı anasının ehtiyaclarını qarşılamalıdır. Alimentin məbləği artırılsa, aliment borcu yığılacaq.İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayon Tayıflı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Tayıflı kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İ 987860 saylı şəhadətnamənin surətindən görünür ki, X4 30 oktyabr 2007-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 16 noyabr 2007-ci il tarixdə 42 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 315008 saylı şəhadətnamənin surətindən görünür ki, X5 06 avqust 2009-cu il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 02 noyabr 2009-cu il tarixdə 39 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 326085 saylı şəhadətnamənin surətindən görünür ki, X6 06 oktyabr 2014-cü il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 16 oktyabr 2014-cü il tarixdə 32 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-39/2022 saylı, 17 fevral 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh arasında 02 sentyabr 2005-ci il tarixdə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində 19 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan 30 oktyabr 2007-ci il tarixdə anadan olmuş X4, 06 avqust 2009-cu il tarixdə anadan olmuş X5 və 06 oktyabr 2014-cü il tarixdə anadan olmuş X6 iddiaçının himayəsində saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2005-ci il tarixli birgə nikahından 2007, 2009 və 2014-cü il təvəllüdlü üç övladı vardır. xx.xx.2022-cu il tarixli qətnamə ilə tərəflərin nikahı pozulmuş, uşaqların saxlanılması üçün cəmi 330 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. İddiaçı hazırda xəstəliyi səbəbli işləmədiyini bildirməklə, alimentin məbləğinin yaşayış minimumuna uyğun müəyyən edilməsini xahiş etmiş, cavabdehin qazancına dair sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında xəstə və kiçik təsərrüfatı olmaqla maddi gəlirinin aşağı olduğunu, alimentin məbləğinin artırılacağı təqdirdə aliment borcunun yığılacağını bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin hər ikisi xəstə olduqlarını bildirsələr də bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, iddiaçı və cavabdeh hər biri valideyn kimi uşaqların bütün ehtiyaclarının təmin edilməsində bərabər hüquqlara malik olmaqla bərabər vəzifələr daşıyırlar. Buna görə də onların qazancının olmaması uşaqlara baxmaq vəzifəsindən azad edilmə üçün əsas olaraq qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, ananın uşaqlara qayğısı, onların sağlamlıq və məişət ehtiyaclarının təmin edilməsində daha çox qüvvə sərf etdiyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, uşaqların saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşağa 130 manat həddində, cəmi 390 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 30 oktyabr 2007-ci il tarixdə anadan olmuş X1, 06 avqust 2009-cu il tarixdə anadan olmuş X2 və 06 oktyabr 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-372/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-372/2023
10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver