Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-374/2023 10.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-01 avqust 2013-cü il tarixdə anadan olmuş X1 və 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 340 manat alimentin məbləğinin artırılaraq cəmi 440 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə nikahlarını 22 sentyabr 2011-ci ildə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 01 avqust 2013-cü il tarixdə İsmayıl və 08 yanvar 2021-ci il tarixdə Hüseyin adlı övladları doğulmuşdur.Bir neçə il əvvəl cavabdehlə aralarında yaranmış münaqişələr səbəbli ayrılmış, sonra yenidən barışaraq birlikdə Türkiyə Respublikasına getmişlər. Hüseyinə hamilə olarkən qayıdıb Azərbaycana gəlmişdir. Uşaq doğulduqdan sonra yenidən ərinin yanına qayıtmalı idi, lakin cavabdeh onu aldadaraq başqa qadınla yaşamağa başlamış, onu qəbul etməmişdir. Cavabdeh hazırda da həmin qadınla yaşayır. Son məlumata əsasən cavabdeh Bakı şəhərində yaşamaqla avtobus sürür. Aralarında olan nikah hələlik pozulmamış, Oğuz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(054)-360/2022 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin məbləğ müəyyən edildikdən sonra yaşayış minimumunun məbləği artırılmış, Hüseyinin isə 3 yaşı tamam olmadığından işləmək imkanları məhduddur. Maddi vəziyyəti çox ağırdır. İddia tələbinin təmin edilməsi, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil bildirdi ki, iddiaçının himayəsində biri 2 yaş yarım olmaqla iki azyaşlı uşaq vardır. Uşaq körpə olduğundan iddiaçı hər hansı işlə məşğul olaraq qazanc əldə etmək imkanından məhrumdur. Məlum olduğu kimi 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu artırılmaqla 220 manat müəyyən edilib. İddiaçının hazırki vəziyyəti nəzərə alınmaqla alimentin məbləği yaşayış minimumuna uyğun olmalıdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Onun nümayəndəsi olan atası Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinə etirazla bildirmişdir ki, qanunvericiliyin tələbinə görə hazırki tələbə baxılarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarı dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı isə cavabdehin maddi imkanı, ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olması barədə heç bir mötəbər sübut təqdim etməmişdir, halbuki cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Bundan başqa cavabdeh ikinci dəfə ailə qurmuş, həmin nikahdan bir övladı doğulmuşdur. Cavabdeh rəsmi heç bir yerdə işləmir, gündəlik işlərlə ailəsinin zəruri tələbatını ödəməyə çalışır. Təyin olunmuş 340 manat alimentin ödənilməsinə isə bir baba olaraq o özü təqaüdü ilə kömək edir.Cavabdeh hesab edir ki, hazırda ödənilən 340 manat aliment azyaşlı uşaqların gündəlik tələbatlarının ödənilməsinə yetər və artar. Gələcəkdə cavabdehin maddi və ailə vəziyyətində vəziyyətində dəyişiklik olarsa maddi cəhətdən əlavə kömək göstəriləcəkdir. Cavabdeh onu da bildirir ki, alimentin vaxtlı-vaxtında ödənilməsinə baxmayaraq iddiaçı uşaqlarla ünsiyyətə maneə törədir. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 45/12 saylı arayışından görünür ki, X3 01 avqust 2013-cü il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 avqust 2014-cü il tarixdə 167 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 526743 saylı şəhadətnamənin surətindən görünür ki, X4 08 yanvar 2021-ci il tarixdə Şəki şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Yaqublu kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 18 yanvar 2021-cu il tarixdə 01 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-360/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, birgə nikahdan -01 avqust 2013-cü il tarixdə anadan olmuş X1 və 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2011-ci il tarixli birgə nikahından 2013 və 2021-ci il təvəllüdlü iki övladı vardır. xx.xx.2022-cu il tarixli qətnamə ilə uşaqların saxlanılması üçün cəmi 340 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. İddiaçı hazırda 2 yaş yarımlıq uşağının olması səbəbli işləmədiyini bildirməklə, alimentin məbləğinin yaşayış minimumuna uyğun müəyyən edilməsini xahiş etmiş, cavabdehin qazancına dair sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, onun nümayəndəsi məhkəməyə ünvanlandığı etirazında cavabdehin maddi imkanının olmadığını, yenidən ailə qurmaqla bir övladının doğulduğunu bildirmiş, iddianın rədd edilməsini xahiş etmiş, uşağın doğumuna dair sənədi isə etirazına əlavə etməmişdir. Tərəflərin nikahı pozulmamışdır. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, iddiaçı və cavabdeh hər biri valideyn kimi uşaqların bütün ehtiyaclarının təmin edilməsində bərabər hüquqlara malik olmaqla bərabər vəzifələr daşıyırlar. Buna görə də onların qazancının olmaması uşaqlara baxmaq vəzifəsindən azad edilmə üçün əsas olaraq qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, ananın uşaqlara qayğısı, onların sağlamlıq və məişət ehtiyaclarının təmin edilməsində daha çox qüvvə sərf etdiyi, habelə 3 yaşına çatmamış uşağın himayəsində olmaqla qazanc əldə etmə imkanlarının məhdudluğu nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, uşaqların saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşağa 200 manat həddində, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 01 avqust 2013-cü il tarixdə anadan olmuş X1 və 08 yanvar 2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-374/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-374/2023
10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver