Məhkəmə qərarları › İş №2(054)-393/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-393/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-393/2022 06.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə nisyə olaraq satdığı tikinti materiallarının dəyəri olaraq 908 manat, həmin məbləğin dövriyyədən kənarda qalmasına görə əldən çıxmış fayda kimi 1089 manat, iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 41 manat cəmi 2138 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək hazırda cavabdehdən yalnız ona nisyə olaraq satdığı tikinti materialının dəyəri olaraq 908 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 41 manat - cəmi 1049 manat pul tələb etdiyini bildirmiş və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Oğuz şəhəri ərazisində yerləşən, özünə məxsus olan mağazada tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur. Tanıdığı alıcılara bəzən onların xahişi ilə dəyərini sonradan qısa müddətə ödəmək şərti ilə nisyə mal verir. Cavabdehi Oğuz rayonunun sakini kimi tanıyır və iki il əvvəl cavabdeh ona məxsus mağazaya gələrək pulunu qısa müddət ərzində hissə-hissə ödəmək şərti ilə nisyə mal verməsini ondan xahiş etmişdir. O da cavabdehin xahişinə etiraz etməmiş, bundan sonra cavabdeh ona məxsus mağazadan cəmi 908 manat məbləğində tikinti materiallarını nisyə olaraq almışdır. Cavabdeh aldığı malların dəyərini qısa müddət ərzində ödəyəcəyini vəd etmişdir. Həmçinin, cavabdeh ona məxsus mağazadan mütəmadi olaraq həm nağd, həm də nisyə şəkildə mal aldığına görə, o özü də cavabdehdən nisyə aldığı malların dəyərinin dərhal ödənilməsini tələb etməmişdir. Lakin cavabdehin aldığı malların dəyərinin ödənilməli olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh vədinə əməl etməmiş, ona borclu olduğu 908 manat pulu verməmişdir. Dəfələrlə cavabdehdən borclu olduğu məbləği ödəməsini tələb etsə də, cavabdeh həmin məbləği ödəməmiş və müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Cavabdehin borclu olduğu 908 manat pulu vaxtında verməməsi üzündən ona maddi ziyan dəymiş, ona görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək məqsədi ilə iddia sənədlərinin hazırlanması üçün vəkilə 100 manat, dövlət rüsumunu ödəməyə isə 41 manat vəsait sərf etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlə aralarında olan tanışlıq münasibətlərinə görə və cavabdehin əvvəllər də ondan nisyə mal aldığını, aldığı malların pulunu sonradan verdiyini nəzərə alaraq ona nisyə mal vermişdir. Cavabdeh aldığı malların dəyərini qısa müddət ərzində ödəyəcəyini vəd etsə də, sonradan vədinə əməl etməmişdir. Hazırda cavabdeh nisyə olaraq aldığı malların dəyərini hissə-hissə ödəməyə razı olduğuna görə o, cavabdehdən nisyə satılmış əşyaların dəyəri olaraq 908 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 41 manat dövlət rüsumu - cəmi 1049 manat pul tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının vəkili X2 da iddiaçının izahatında göstərdiyi xüsusatlar nəzərə alınmaqla hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh hazırki iddia tələbini qəbul etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, iddiaçıdan mütəmadi olaraq nisyə mal alıb pulunu sonradan ödəmişdir. 2020-ci il ərzində iddiaçıdan nisyə olaraq aldığı mallara görə ona 908 manat borcu qalmışdır. Maddi imkanı olmadığına görə həmin borcu indiyədək ödəyə bilməmişdir. İddiaçıya olan borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Eyni zamanda, iddiaçının iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 41 manat məbləğləri də ödəməyə etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 18451 nömrəli və xx.xx.2022-ci il tarixli 23101 nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə xidmət haqqı olaraq 100 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq 41 manat ödəmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatları, həmçinin, iş materialları ilə müəyyən edildi ki, iddiaçı tikinti materiallarının satışı ilə məşğuldur. Tərəflər arasında olan qarşılıqlı razılığa əsasən iddiaçı 2020-ci il ərzində cəmi 908 manat dəyərində tikinti materiallarını nisyə olaraq cavabdehə vermişdir. Cavabdeh aldığı malların dəyərini qısa müddət ərzində ödəyəcəyini vəd etsə də, 908 manat məbləği indiyədək ödəməmişdir. Cavabdeh həmin məbləği ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı cavabdehdən ona nisyə olaraq satdığı tikinti materialının dəyəri olaraq 908 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məqsədi ilə iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 41 manat cəmi 1049 manat məbləği tələb edir. İddiaçı hazırki iddia tələbinin əsası kimi cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmalara istinad edir. Cavabdeh hazırki iddia tələbinə etirazı olmadığını və iddiaçıya olan borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının və cavabdehin izahatlarını dinləyərək hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin iddiaçıdan dəyərini sonradan ödəmək şərti ilə nisyə olaraq aldığı mallara görə iddiaçıya 908 manat borcu qalmışdır. Həmin fakt iddia tələbində qeyd edilən xüsusatlarla, iddiaçının izahatı ilə yanaşı, cavabdehin özünün etirafı ilə də sübuta yetirilmişdir. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin nisyə satılmış əşyaların dəyəri olaraq cavabdehdən 908 manat pul tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə iddia ərizəsinin verilməsinə görə 30 manat miqdarında dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, cavabdehin iddiaçı tərəfindən ödənilmiş 41 manat dövlət rüsumunu ona ödəməyə etiraz etmədiyinə baxmayaraq ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 41 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənlməli, 11 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin ağlabatan olduğu nəzərə alınmaqla nəzərə alınmaqla iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı hazırki iddia tələbi qismən təmin edilsin. Cavabdeh nisyə satılmış əşyaların dəyəri olaraq 908 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 41 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsi - cəmi 1038 manat tutularaq İddiaçı ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 41 manat dövlət rüsumu məbləğinin 11 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar