Məhkəmə qərarları › İş №2(054)-416/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-416/2022

22.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-416/2022 22.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 2016-cı ildən 2018-ci ilədək ona aid “Kapitalbank” kart hesabından 2 il ərzində ilk iki ay 50 AZN, digər ayların hər birində isə 160 AZN olmaqla çıxardığı cəmi 3460 (üç min dörd yüz altmış) manat əsas məbləğin, həmin məbləğə Milli Bankın faiz uçot dərəcəsinə əsasən 2016-cı ildən bu günə qədər illik 7,5 % hesablanmaqla cavabdehdən alınaraq ona qaytarılması və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi əsas məbləğə 2016-cı ildən bu günə qədər illik 7,5 % hesablanmaqla həmin məbləğin də cavabdehdən alınaraq ona qaytarılmasını tələb etsə də, qeyd olunan faizlərin 2016-cı ilin konkret olaraq hansı tarixindən hesablanmalı olmasını ərizədə göstərməmiş, bununla da qeyri-müəyyən tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün cəmi 55 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat və 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun qeyd olunan maddəsinin məzmununa əsasən müəyyən edilir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi cəmi 55 manat dövlət rüsumu iddia tələbinin 3460 manat əsas məbləğlə bağlı hissəsi üçün nəzərdə tutulmuşdur və qeyd olunan miqdarda dövlət rüsumu iddia tələbinin digər hissəsi (3460 manat məbləğə 2016-cı ildən bu günə qədər illik 7,5 % pul tələbi) üçün də ödənilməli olan dövlət rüsumunu əhatə etmir. Yəni, iddiaçının ödədiyi 55 manat dövlət rüsumu hazırki iddia tələbləri üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, hazırki iddia ərizəsində işdə iştirak edən şəxslərin (o cümlədən, iddiaçının özünün) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi), həm rəsmi qeydə alındığı, həm də faktiki yaşadığı ünvan, olduğu halda - iş yerinin ünvanı, habelə, elektron poçt ünvanları qeyd edilməmişdir. Eyni zamanda, hazırki iddia ərizəsində sübutların siyahısı göstərilməmiş, habelə, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin (bank hesabından çıxarış və sair) əsli deyil, kserosurəti iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilmədiyinə, habelə, iddia ərizəsinin qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət edilmədiyinə, zəruri sənədlər qanunauyğun şəkildə iddia ərizəsinə əlavə edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 150, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar