Məhkəmə qərarları › İş №2(054)-439/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-439/2024

01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-439/2024 01.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 01 avqust 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-04 dekabr 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(054)-739/2018 saylı qətnaməsi ilə təyin edilmiş 110 manat alimentin məbləğinin artırılaraq cəmi 235 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. xx.xx.2014-cü il tarixdə onların Ümid adlı oğlu doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 2(054)-282/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat alimentin cavabdehdən tutulması qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin 2(054)-739/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılmaqla 110 manat müəyyən edilmişdir. Cavabdeh cəza çəkdiyi müddətdə əməyə cəlb olunmuş, onun tərəfindən 70-90 manat məbləğində ödəmələr həyata keçirilmişdir. İddiaçı son zamanlar alimentin ödənilməsi ilə bağlı tədbir görülməməsi barədə X3 ilə əlaqə saxlayarkən məhkum Cavabdeh həbs müddəti azaldığı üçün onun əməyə cəlb edilməsinin məqsədə müvafiq olmadığı bildirilmşdir. İddiaçı ərizəsində bildirir ki, nikah pozulduqdan sonra oğlu ilə birlikdə valideynlərinin yanında, bəzən isə Bakı şəhərində kirayədə yaşayır. Uşağın yaşı artdığından onun xərcləri də artmışdır. Uzun illərdir ki, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməyib. Hazırda müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq təyin edilmiş alimentin artırılmaqla 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramlarla məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsində müalicə alan və cəza çəkən cavabdehə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə Müəssisənin rəisinin müşaiyət məktubu ilə məhkəməyə daxil olmuş ərizəsi ilə bildirmişdir ki, xx.xx.2024-cü il tarixədək alimentin ödənilməsi barədə iddiaçı ilə aralarında heç bir ciddi problem olmayıb. Azadlıqda olduğu müddətdə alimenti vaxtlı-vaxtında ödəyib, övladının görüşünə gedib, hər şəraiti ilə maraqlanıb. Həbsdə olduğu müddətdə obyektiv-subyektiv səbəblərdən lazımi qayğını göstərə bilməsə də, cəza çəkdiyi X1 işlə təmin edilərək aldığı əmək haqqının 110 manat alimentin ödənilməsinə yönəldilməsinə heç bir etirazı olmamışdır. Hal-hazırda səhhəti ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur və cəzasını çəkir. Heç bir işə cəlb edilməyib və heç bir gəliri yoxdur. Cəza müddətinin bitməsinə az qalıb. Azadlığa çıxdıqdan sonra iddiaçı ilə ortaq razılığa gələcəklərinə əmindir. Məhkəmənin veriləcək qərarına hörmətlə yanaşmaqla səhhətilə əlaqədar hazırki maddi və mənəvi çətinliyini, azadlıq məhdudluğunu nəzərə alaraq gələcəkdə aliment borclarına görə xoşagəlməz çətinliklər yaşamaması üçün alimentin artırılması və ödənilməsi məsələsinin dondurularaq azadlığa çıxdıqdan sonra baxılması barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Oğuz rayon Sincan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Sincan kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə Azərbaycan Respublikası Mingəçevir şəhərində anadan olmuş, yaşayış yeri Mingəçevir şəhəri, Şəfəq küçəsi ev 43-dür. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-739/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tutulan alimentin məbləği artırılmış, 04 dekabr 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat alimentin cavabdehdən alınaraq İddiaçı xeyrinə verilməsi, artırılmış alimentin bu qaydada tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Ümid adlı oğlu vardır. Tərəflər arasında olan nikah 2015-ci ildə məhkəmə qydasında pozulmuş, uşaq ananın himayəsində saxlanmaqla onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 80 manat alimentin tutulması qət edilmişdir. 2018-ci ildə alimentin məbləği artırılaraq 110 manat müəyyən edilmişdir. İddiaçı uzun illər ərzində alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmədiyini bildirməklə alimentin ayda 235 manat həddində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə icraatı zamanı cavabdehin X1 cəza çəkdiyi müəyyən edildiyindən məhkəmə bildirişi iddia tələbinə münasibətin bildirilməsi üçün həmin müəssisəyə göndərilmişdir. Cavabdeh hazırda müalicə olunduğu və cəza çəkdiyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən məhkəməyə ünvanladığı ərizəsi ilə müalicə olunmaqla hazırda heç bir gəlirinin olmadığını bildirmiş və cəza müddəti azaldığından azadlığa çıxanadək alimentin ödənilməsi və artırılması məsələsinin dondurulmasını xahiş etmişdir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materialları ilə müəyyən edildiyi kimi təyin edilmiş sonuncu aliment məbləğinn müntəzəm ödənilməsi ilə bağlı tərəflər arasında son vaxtlara qədər problem mövcud olmamışdır. Belə ki, cavabdeh cəza çəkdiyi müəssisədə əmək fəaliyyəti ilə məşğul olmuş və qazandığı əmək haqqının alimentin ödənilməsinə yönəldilməsini təmin etmişdir. Hazırda isə cavabdeh müalicə müəssisəsində cəza çəkməklə yanaşı müalicə olunur və işləmək imkanından məhrumdur. Belə olan şəraitdə isə alimentin məbləğinin artırılması onun hazırda yığılmaqda olan aliment borcunun daha da artırılmasına səbəb olacağından məhkəmə iddia tələbinin hələlik tam və ya qismən təmin edilməsini ədalətli hesab etmir. Bununla yanaşı məhkəmə belə hesab edir ki, hazırda alimentin məbləğinin artırılmaması cavabdehin azadlığa qovuşduqdan sonra işləyərək övladının ehtiyaclarının daha yüksək səviyyədə təmin edilməsinə stimul yaradılmasına əsas olacaqdır. Beləliklə məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, cavabdehin hazırda işləyərək qazanc əldə etmək imkanlarının onun şəxsi iradəsindən asılı olmaması nəzərə alınmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar