Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-442/2023 01.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X8 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 01 sentyabr 2023cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-26 avqust 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, lakin hər ay 300 manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə nikahlarını 05 aprel 2019-cu ildə Oğuz rayon Padar kənd icra nümayəndəliyində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 26 avqust 2020-ci il tarixdə X5 adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(054)-330/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, lakin hər ay 175 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutulması qərara alınmışdır. Həmin məbləğin müəyyən edilməsindən 2 ilə yaxın vaxt keçmiş, bu müddət yaşayış minimumunun məbləği də artırılmış, 220 manata çatdırılmışdır. Bundan əlavə uşaq 2021-ci ildə ürək əməliyyatı keçirmişdir, həmin əməliyyatın xərci H.Əliyev Fondu tərəfindən ödənilmişdir. Hazırda uşaq Oğuz RMX-da dispanser qeydiyyatdadır. 2022-ci ildə Mərkəzi klinikada uşağa aparat taxılmışdır. Bu zaman cavabdeh heç bir köməklik etməyib. Uşağı tez-tez həm Bakıda, həm də Oğuzda müayinəyə aparmalıdır. Ona daimi qulluq tələb olunur. Bu səbəbdən işləməsi mümkün deyil. Həmçinin xəstənin müayinə və müalicəsinə xeyli vəsait tələb olnur. İddia tələbinin təmin edilməsi, Nuray adlı qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, lakin hər ay 300 manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, 2020-ci il təvəllüdlü Nuray ömrünün sonuna kimi aparatla yaşayacaq, aparatın daşı isə 4 ildən bir dəyişilməlidir. Uşağa daimi qulluq və müalicə tələb olunur, buna görə də anası uzun müddət işləyə bilməyəcək. Cavabdeh əmək haqqının 464 manat olduğunu bildirsə də, bu onun rəsmi olaraq qeyd olunduğu iş yeridir. Əslində cavabdeh qəssabdır. Əlavə qazancı da kifayət qədərdir. Ona görə də tələb olunan məbləği ödəməyə qadirdir.Uşağın xəstəliyi də nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, Bakı şəhərində “Araz market”də satıcı işləyir, 450 manat əmək haqqı alır, Bakı şəhərində kirayədə yaşayır. İddiaçı uşağa baxa bilmirsə, versin ona, o özü uşağa baxa bilər. Hazırda uşağa cəmi 190 manat aliment ödəyə bilər, bundan artığına gücü çatmayacaq.İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilini dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-T 131906 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 41 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X3r. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 18 noyabr 2021-ci il tarixli, 2(054)-330/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X4 arasında 05 aprel 2019-cu il tarixdə Oğuz rayon Padar kənd icra namayəndəliyində 03 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 26 avqust 2020-ci il tarixdə anadan olmuş X5 iddiaçının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər ay 175 manatdan az olmamaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə verilməsi qət edilmiş, iddia tələbi uşaq 3 yaşına çatanadək iddiaçı üçün 100 manatın cavabdehdən tutulmasına dair hissədə təmin edilməmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 405004 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında olan nikah ləğv edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 40 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Mahmudova soyadı verilmişdir. İşə əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qəssab işləməklə aylıq əmək haqqı 464 manatdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X9 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-M-6xx-xx/2023 saylı arayışından görünür ki, Oğuz rayonu Padar kənd sakini xx.xx.2020-ci il təvəllüdlü X5 həqiqətən Oğuz RMX ASM-də xx.xx.2020-ci il tarixdən “Q21.0 anadangəlmə ürək qüsuru. Mədəciklərarası çəpər defekti-əməliyyatdan sonrakı vəziyyət. Pulmonar hipertenziya,İ36.0 Trikuspidal çatmamazlıq İ dərəcə, aritmiya, R62.0 İnkişaf mərhələlərinin ləngiməsi, D50.9 Dəmir defisitli anemiya” diaqnozları ilə dispanser qeydiyyatdadır. Xəstə pulmonar hipertenziya ilə doğulduğu üçün tam AV blokada aşkarlandığına görə xəstəyə xx.xx.2022-ciil tarixdə Mərkəzi klinikada “daimi pacemaker” aparatı taxılmışdır. Xəstə mütəmadi olaraq Bakı şəhəri Mərkəzi Klinikaya kardiocərrahın və Oğuz ASM-ə pediatrın müayinəsinə aparılır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2019-cu il tarixli birgə nikahından 2020-ci il təvəllüdlü bir övladı vardır. Oğuz Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(054)- 330/2021 saylı qətnaməsi ilə iddiaçı X1 iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X4 arasında 05 aprel 2019-cu il tarixdə Oğuz rayon Padar kənd icra namayəndəliyində 03 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 26 avqust 2020-ci il tarixdə anadan olmuş X5 iddiaçının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər ay 175 manatdan az olmamaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə verilməsi qət edilmiş, iddia tələbi uşaq 3 yaşına çatanadək iddiaçı üçün 100 manatın cavabdehdən tutulmasına dair hissədə təmin edilməmişdir.Həmin vaxtdan 2 ilə yaxın müddət keçmiş, bu müddət ərzində uşaq böyümüş, xərcləri artmış, yaşayış minimumunun məbləği də dəyişmişdir. İddiaçı habelə uşağın xəstəliyi ilə bağlı tibb müəssisəsinin arayışını məhkəməyə təqdim etmişdir. Həmin arayışa əsasən azyaşlı Nuray anadangəlmə ürək qüsuru ilə doğulmuş, bir sıra diaqnozlarla Oğuz RMX ASM-də dispanser qeydiyyatdadır. Xəstə pulmonar hipertenziya ilə doğulduğu üçün onda tam AV blokada aşkarlandığından xəstəyə xx.xx.2022-ci il tarixdə Mərkəzi Klinikada “daimi pacemaker” aparatı taxılmışdır. Xəstə mütəmadi olaraq Bakı şəhəri Mərkəzi Klinikaya kardiocərrahın və Oğuz ASMə pediatrın müayinəsinə aparılır. İddiaçı cavabdehin qazancına dair rəsmi sübutları məhkəməyə təqdim etməmiş, cavabdehin gəlirləri ilə bağlı elektron sistemdən çıxarışla onun marketdə qəssab işləməklə aylıq əmək haqqının 464 manat olduğu müəyyən edilmişdir. Cavabdeh iddia tələbinin qismən təmin edilməsini, alimentin 190 manat məbləğində təyin edilməsini xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq və qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın minimal maddi ehtiyacları, onun ciddi xəstəliklə mübarizə aparması, ananın uşağa qayğısı, onun sağlamlıq və məişət ehtiyaclarının təmin edilməsində daha çox qüvvə sərf etdiyi, habelə yaşayış minimumunun 2023-cü il üçün müəyyən edilmiş miqdarı nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2021-ci il təvəllüdlü Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, lakin hər ay 230 manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, lakin hər ay 230 manat sabit pul məbləğindən az olmamaqla aliment (vəsait) tutularaq 26 avqust 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-442/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-442/2023
01.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver