Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-45/2023 15.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Əhmədova Sona Akif qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 6000 manat pulun və 80 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı cavabdehdən ona borclu olduğu 6000 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə baxış iclasında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olur. Mərhum atasından qalmış T-150 markalı traktoru işlətmədiyindən 2022-ci ilin payızında internet saytda satışa çıxarmış, Cavabdeh onunla əlaqə saxlayaraq texnikanı almaq istədiyini bildirmiş, beləliklə tanış olmuşlar. Onunla texnikanın 8000 manata satılması barədə razılığa gəlmişlər. Sarvan texnikanın pulundan 2000 manatını vermiş, qalan 6000 manat pulu 6 ay ərzində ayda 1000 manat olmaqla ödəyəcəyini bildirmişdir. Cavabdeh bununla bağlı xx.xx.2022-ci il tarixdə öz xətti ilə qəbz yazaraq ona vermişdir. Buna baxmayaraq artıq neçə aydır ki, vədini yerinə yetirmir. Traktoru satarkən onun sənədsiz olduğunu, buna görə ucuz qiymətə satdığını cavabdehə bildirmişdir. Həmin texnikanın sənədli qiyməti 15-16 min manatdır. Cavabdehlə hazırda razılığa gəlmək üçün onun verdiyi 2000 manat pulu qaytarmaqla traktorun satıldığı kimi saz vəziyyətdə ona təqdim edilməsini təklif edir. Təklifi qəbul edilmədiyi təqdirdə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, Cavabdeh doğma qardaşıdır. Xəstədir, 80 manat sosial müavinət alır, maddi imkanı yoxdur. Onun traktor almasından xəbərləri olmayıb. Həm iddiaçı, həm də cavabdeh qanunsuz iş görüblər, yəni sənədsiz texnika satıb-alıblar. Qardaşı Sarvan yazılı şəkildə 6000 manat pulu ödəyəcəyini bildirsə də, borcunu ödəyə bilmir. Anası da ağır xəstədir. İddiaçı ilə 3000 manat pulu hissələrlə ona ödəmək müqabilində razılaşa bilərlər, çünki traktor sənədsizdir, ona görə də iddiaçı güzəştə getməlidir. Onun 2000 manatı qaytarmaqla traktoru geri istəməsi təklifini qəbul edə bilmir, çünki qardaşı traktoru satıb, amma texnikanın yeri məlum deyil. Ortaq fikrə gəlmək imkanının müzakirə edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, keçən məhkəmə iclasından sonra iddiaçı ilə məsələni müzakirə etmişlər, iddiaçı razılığa gəlmək imkanının olduğunu bildirmişdir. Onun teleqramla iddianın tam təmin edilməsi barədə tələbi gözlənilməzdir. 3000 manat pulu hissələrlə iddiaçıya ödəyə bilərlər. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, yaşayış yeri Masallı rayonu Ərkivan qəsəbəsidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı qiyməti 8000 manat olan texnika almış, 2000 manat ödəmiş, qalan 6000 manat borcunu 6 aya verəcəyini bildirmişdir. Qəbzə həm iddiaçı, həm də cavabdeh tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı qarşılıqlı razılaşma əsasında Cavabdeh dəyəri 8000 manat olan traktor satmış, Cavabdeh həmin əmlakın 2000 manatını qabaqcadan ödəmiş, qalan 6000 manat borcu 6 ay ərzində ödəyəcəyini yazılı şəkildə bildirmiş, xx.xx.2022-ci il tarixli qəbz həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, satış obyekti traktor olsa da həmin texnikanın sənədləri olmamış, buna baxmayaraq tərəflər öz aralarında həmin əmlakın qeyri-rəsmi, yəni müqavilədən kənar satışı barədə razılığa gəlmiş, cavabdeh 2000 manat ilkin ödəniş etmiş, qalan 6000 manat borcla bağlı qəbz yazaraq iddiaçıya vermişdir. Buna görə də məhkəmə tərəflər arasında yaranmış münasibəti borc münasibəti kimi qəbul edərək hesab edir ki, iş materiallarına əsasən həqiqətən cavabdehin iddiaçıya 6000 manat borcunun olması müəyyən edildiyindən mülki qanunvericiliyin müddəaları əsas tutulmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 80 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul və 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-45/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-45/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver