Məhkəmə qərarları › İş №2(054)-452/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-452/2023

24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-452/2023 24.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X12 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 24 avqust 2023-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş övladı-18 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 90 manat alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı qızıdır. Onun cavabdehlə birgə nikahından 18 avqust 2009-cu il tarixdə İlkin adlı övladı doğulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli, 2(014)-888/2014 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşağın saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 70 manat alimentin tutulması qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli, 2(014)- 630/2015 saylı qətnaməsinə əsasən alimentin məbləği artırılaraq hər ay 90 manat sabit pul məbləğində müəyyən edilmişdir. Cavabdeh son vaxtlar alimenti müntəzəm ödəmədiyindən 450 manat aliment borcu yaranmışdır. İddiaçının məhkəməyə yenidən aliment tələbi ilə müraciət etməsinin səbəbi ondan ibarətdir ki, 8 ildən artıq müddətdə, alimentin məbləği dəyişməyib, halbuki yaşayış minimumu bu illərdə xeyli artıb. Cavabdeh özü də məbləği artırmayıb. Artırılmış alimenti uşağın təhsilinə yönəltmək istəyirlər. Arzuları budur ki, İlkin yaxşı təhsil alsın. Buna görə də alimentin məbləği yaşayış minimumu həddində olmalıdır. Qızı işləmir. Eyni zamanda qızının ikinci ailəsindən 5 yaşlı bir övladı da var. Cavabdehin qazancı ilə bağlı sübutu yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, əvvəla onunla yaşayan anası xəstədir. İkincisi də 2016-cı ildə ikinci dəfə ailə qurub. Həmin nikahdan 2017 cə 2018-ci il təvəllüdlü iki övladı vardır. Rəsmi iş yeri "xxxx" ASC Mərkəzi Aran RETSİ X7maqla aparıcı mühəndis kimi aylıq əmək haqqı 575 manatdır. Övladına baxmaq onun borcudur. Buna görə də alimentin artırılmasını qismən qəbul edir.Ayda 150 manat aliment ödəyə bilər. Son aylarda 450 manat borcunun yığılmasının əsas səbəbi odur ki, iddiaçı ikinci dəfə ərə getdikdən sonra da aliment onun adına ödənilir. Nəticədə həmin məbləğ uşaq üçün xərclənmir. Buna görə də alimentin yeni məbləği müəyyən edilərsə, həmin məbləğin qalıq məbləğlə birgə uşağa baxıb qayğısını çəkən nənənin, yəni Rəna xanımın, yaxud uşağın öz adına açılmış hesaba ödənilməsini istəyir. İddianın qismən təmin olunmasını, artırılmış alimentin 150 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonunda anadan olmuş, yaşayış yeri Oğuz rayonu Yaqublu kəndidir. İşə əlavə edilmiş sosial arayışdan görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası Ağdaş rayon Qolqatı kəndində anadan olmuş, yaşayış yeri Ağdaş rayonu Qolqəti kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 408150 saylı şəhadətnamənin surətindən görünür ki, X5 18 avqust 2009-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, bu barədə Ağdaş rayon Qolqəti kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 20 aprel 2010-cu il tarixdə 32 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X1r. Ağdaş Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(014)-888/2014 saylı, 11 noyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Müzəffərova (Tağıyeva) Rəvanə Mərdan qızının iddiası qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh arasında 06 noyabr 2008-ci il tarixdə Ağdaş rayon Qolqəti kənd icra nümayəndəliyində 09 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan 18 avqust 2009-cu il tarixdə anadan olmuş X5 iddiaçının himayəsində saxlanılmaqla onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 70 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(014)-630/2015 saylı, 04 may 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Müzəffərova (Tağıyeva) Rəvanə Mərdan qızının iddiası qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-888/2014 saylı, 11 noyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, birgə nikahdan 18 avqust 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 90 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 115941 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasında xx.xx.2016-cı ildə nikah bağlanmış, bu barədə Şəki rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 105 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Müzəffərov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 972560 saylı və AZ-İV 136357 saylı şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Elgünün və xx.xx.2018ci il təvəllüdlü Aysunun atası Cavabdeh, anası X2r. "xxxx" ASC X16 Enerji Təchizatı və Satışı İdarəsinin işə əlavə edilmiş 07.08. 2023-cü il tarixli, 28 və 29 saylı arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən Mərkəzi Aran RETSİ X6 aparıcı mühəndis vəzifəsində işləyir, aylıq əmək haqqı 575 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 2014 və 2015-ci il tarixli qətnamələrində iddiaçının adının texniki səhv olaraq Pərvanə və Rərvanə kimi qeyd edilməsi məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin xx.xx.2008-ci il tarixli birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü övladı vardır. xx.xx.2014-cü il tarixli qətnamə ilə tərəflərin nikahı pozulmuş, uşağın saxlanılması üçün cəmi 70 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. xx.xx.2015-ci il tarixli qətnamə ilə alimentin məbləği artırılaraq 90 manat müəyyən edilmişdir. İddiaçı alimentin məbləğinin yaşayış minimumuna uyğun müəyyən edilməsini xahiş etmiş, cavabdehin qazancına dair sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında ailə vəziyyəti ilə bağlı sübutlarını, habelə "xxxx" ASC-nin müvafiq strukturunda aparıcı mühəndis işləməklə aylıq əmək haqqının 575 manat olduğuna dair arayışı təqdim etmiş, hazırda himayəsində iki azyaşlı övladının olduğunu bildirərək alimentin midqdarının 150 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, iddiaçı və cavabdeh hər biri valideyn kimi uşaqların bütün ehtiyaclarının təmin edilməsində bərabər hüquqlara malik olmaqla bərabər vəzifələr daşıyırlar. Buna görə də onların qazancının olmaması uşaqlara baxmaq vəzifəsindən azad edilmə üçün əsas olaraq qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın minimal maddi ehtiyacları, cavabdehin evli olmaqla himayəsində iki azyaşlı uşağın olması nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2009-cu il təvəllüdlü İlkinin saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 160 manat həddində sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin artırılmış miqdarı üzrə bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 160 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 18 avqust 2009-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar