Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-456/2024 11.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili İbrahimov Taleh Vəli oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı X1 Cavabdehnə qarşı cavabdehdən 10000 manat pulun tutularaq ona verilməsi tələbinə dair mülki işə 11 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: TƏSVİRİ HİSSƏ: Kreditor X4 (iddiaçı) borclu Cavabdehnə (cavabdeh) qarşı cavabdehdən 10000 manat pulun tutularaq ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(054)-456/2024 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu VOODCRAFT” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş etirazına əsasən həmin tarixli qərardadla məhkəmə əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçilmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı X4 izahat verərək bildirmişdir ki, cavabdeh-satıcı olan VOODCRAFT” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Yusif Abdullayevlə xx.xx.2023cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə görə satıcı ona, yəni alıcıya onun “Şokolad Trover”də yerləşən mənzili üçün ümumi dəyəri 46290 manat olan mebellər hazırlamağı və təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən malların xx.xx.2023cü il tarixdə hazır olacağı, malın geçikməsinə görə hər bir gün üçün cəmi məbləğin 0,5 faizi məbləğində cərimə ödəniləcəyi razılaşdırılmışdır. Əvvəllər də VOODCRAFT” Məhdud Məsuliyyətli Cəmiyyətindən mebel almışdır. Hazırki müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə ilkin ödəniş kimi 15000 manat avans cavabdehə təqdim edilmişdir. Müqavilədə ikinci ödənişin 15000 manat olaraq xx.xx.2023-cü il tarixdə, qalan hissənin sonuncu ödəniş olaraq mallar təhvil alınanda cavabdehə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh ilk ödənişi xx.xx.2023-cü il tarixdə avans olaraq aldığına dair müqaviləyə imza etmişdir. Əməkdaşlar gəlib baxaraq smeta hazırlamış, “tez sifariş verin ki, mebeli tez çatdıraq, başqa işlər də var ” demişlər. Layihə əməkdaşlara təqdim edilmiş, onlar da Çin istehsalı olan materialdan istifadə edəcəklərini bildirmişlər. Buna görə digər şirkətlərin istehsalı ilə maraqlandıqda həmin şirkətlərin eyni işi daha keyfiyyətli materiallarla gördüyünü yəqin etmiş, bunu cavabdeh tərəfə bildirmişdir. Cavabdeh tərəf bu zaman qiymətin baha olacağını demişdir. Onlara digər şirkətlərdə qiymət fərqinin olmadığını bildirəndə həmin şirkətlərin keyfiyyətsiz materialla işlədiyini qeyd etmişlər. Sonradan ona materialın başqa sifarişə sərf edildiyi, pulun qaytarılacağı bildirilmişdir. 5000 manat pul qaytarılmış, Yusif Abdullayevin qardaşı qalan pulu özünün qaytaracağını ona demişdir. Sonradan ona “pulu qaytarmırıq, get, hara istəyirsən şikayət et” demişlər. Buna görə məhkəməyə müraciət etmişdir. İşə iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli müqavilənin birinci bəndinə əsasən verilmiş 15000 manat puldan 5000 manatın qaytarıldığını bildirsə də, əslində 8000 manat pul qaytarılıb, qalan məbləğ 7000 manatdır. xx.xx.2023-cü il tarixdən sonra ustalar bir neçə mebel layihəsi hazırlayıblar, eyni zamanda dəfələrlə iddiaçının evinə gələrək ölçülər götürüblər. Həmin işlər üçün şirkət xeyli pul xərcləyib. Mütəxəssisə müraciət edərək həmin xərcin dəqiq məbləğini müəyyənləşdirmək vacibdir. Bununla bağlı və digər sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olsa da, müqavilə qüsurlu tərtib edilib. Səbinə Əzizzadə tərəfindən MMC-yə avans olaraq pul ödənilib, amma həmin pulun beh olduğu müəyyən olunmuşdur. Müqavilə alqı-satqı müqaviləsi deyil, qarışıq müqavilədir. Belə olan halda verilmiş pul beh kimi qəbul edilə bilər. Yusif Abdullayev dəfələrlə iddiaçının evinə gedib, aralarında yazışmalar olub. Avans elə beh deməkdir. Beh əslində qaytarılmamalıdır, lakin pulun çox hissəsi qaytarılıb. Yusif hesab edib ki, pulun məbləği beh olaraq bir az çoxdur, ona görə də insanlıq naminə pulun bir hissəsini qaytarıb. 46290 manat razılaşdırılmış məbləğin içərisində qapılar da olub. Bu işdə Yusif çox ziyana düşüb. İş beh qaydalarına əsasən araşdırılmalı və həmin adət-ənənələrə uyğun qərar çıxarılmalıdır. Müəyyən sənədlərin məhkəmənin elektron sisteminə daxil edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, tərəflər arasında razılaşdırılmış mebellərin hazırlanması və satılması ilə bağlı müqavilə bağlanıb. Həmin müqavilədə şərtlər aydın göstərilib. İddiaçı müqavilənin ilkin şərtinə əməl edərək 15000 manat pulu avans olaraq ödəyib. Qalan məbləğin ödənilməsi şərtləri də müqavilədə öz əksini tapıb. Həmçinin iş materiallarına hansı mebellərin hazırlanacağı barədə razılaşdırılmış cədvəl də əlavə edilib. Cavabdeh tərəf iddiaçının dediyi mebelləri hazırlaya bilməyib, yəni mebel ümumiyyətlə istehsal edilməyib. İddiaçı pulunun qaytarılmasını tələb edib. Cəmi 5000 manat pul qaytarılıb. xx.xx.2023-cü il tarixdə ödənilmiş 3960 manatla bağlı qəbzlər məhkəməyə təqdim edilib, qalan məbləğ əvvəldən nəğd qaydada verilmişdir. Ödəniş edildikdən sonra qalan pulun hissələrlə qaytarılması üçün vaxt istənilib, vaxt verilsə də vədə əməl edilməyib. Məcbur olub cavabdehə pretenziya məktubu göndərilib. Verilmiş pul beh deyil, avansdır. MMC tərəfindən işi görə bilməyəcəkləri barədə tərəflər arasında telefon danışığı olub. Cavabdehin nümayəndəsi özü də bunu etiraf edib. Behlə bağlı sübut yoxdur. Sübut müqavilədir. 10000 manat pul qaytarılmalıdır. Əslində əldən çıxmış faydanı da tələb edə bilərdilər, lakin buna humanist mövqedən yanaşmağı üstün tutmuşlar. Cavabdeh yalnız ölçü işlərinin aparıldığını və xərc çəkildiyini bildirir. Həmin xərc 5000 manat dəyərində ola bilməz. Müqavilə var, 15000 manat pul ödənilib. Sonra 5000 manat pul qaytarılıb. Bunlar təkzibedilməz sübutlardır. İddiaçının həyat yoldaşının bu işlərə aidiyyəti yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, Səbinə xanımın özü ilə dəfələrlə mobil telefon vasitəsilə əlavə saxlanılıb. Bu barədə səs yazıları var. Xanım özü deyib ki, şirkəti dəyişirik, başqası ilə iş görəcəyik. İddiaçının həyat yoldaşı Salman Eldəniz adlı şəxs votsap yazışması vasitəsilə qalıq borcun 8150 manat olduğunu təsdiq edib. İddiaçı tərəfdən cavabdeh MMC-nin rəhbərinə zəng edilib, kobud və nalayiq danışıblar. O da prinsipə həmin məbləğdən 5000 manatının beh olduğunu, qalan pulu da ödəməyəcəyini bildirib. Qalan 3150 manat pulu indi nəğd şəkildə qaytarmağa hazırdır. İddiaçı tərəfə həmin məbləğ daxilində razılaşma təklif edir. İddianın 3150 manat məbləğində təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1984-cü il tarixdə Özbəkistan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işə əlavə olunmuş kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi məlumatlarından görünür ki, Cavabdeh MMC xx.xx.2022-ci ildə ********** saylı VÖEN-lə 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, hüquqi ünvanı Oğuz rayon Padar kəndi olmaqla qanuni təmsilçisi X3r. İşə əlavə olunmuş 148/0523 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı, "xxxx" MMC-nin nizamnaməsi əsasında fəaliyyət göstərən direktoru Yusif Abdullayev və alıcı X4 aşağıda göstərilən şərtlərlə müqaviləni imzaladılar: 1.1.Mallar müqaviləyə əsasən 25 dekabrda hazır olacaq. 1.2.Müqavilə ilə nəzərdə tutulmuş malın gecikməsinə görə hər bir gün üçün toplam məbləğin 0,5 faizi cərimə ödəniləcək. 1.3.Ödəniş şərtləri-ilk ödəniş xx.xx.2023-cü il-15000 manat. 1.4.İkinci ödəniş xx.xx.2023-cü il-15000 manat. 1.5.sonuncu ödəniş mallar təhvil alınanda. Müqavilədə imza edilməklə 15000 manat pulun 21 oktyabrda verildiyi təsdiq olunmuşdur. İşə əlavə olunmuş, başlıq hissədə Şokolad Trover, vərəqin sonunda VOODGRAFT direktoru-Yusif Abdullayev yazılmış 14 bənddən ibarət cədvəldən görünür ki, işin ümumi dəyəri 46290 manat olmaqla iki ədəd mətbəx mebeli, dəhliz, yataq otağı, oğlan və qız otağı dolabları, oğlan və qız otağı rəfləri, oğlan otağı dərs masası, TV altı konsol, zal TV stend, qarderob (yataq) otağı, qarderob dəhliz, süpürgəlikdən (plintus) ibarət malların hazırlanıb təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin cədvəldə ölçülər və hazırlanacaq mebellər üzrə materialların adlı siyahısı, habelə qiymətlər də göstərilmişdir. İşə əlavə olunmuş pretenziya məktubundan görünür ki, X4 "xxxx" MMC-nin direktoru Yusif Aydın oğlundan xx.xx.2023-cü il tarixli müqavilə üzrə ona verilmiş 10000 manat qalıq pulun 3 gün ərzində qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İşə əlavə olunmuş 3 ədəd qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:14, 13:15 və 13:18-də MPAY vasitəsilə karta mədaxil olaraq müştəri X2 1500 manat, 1500 manat və 960 manat, cəmi 3960 manat pul ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Məhkəmə ilk öncə bildirir ki, cavabdehin adı ilə bağlı məlumat Dövlət Vergi Xidmətindən çıxarışda VOODCRAFT kimi, iş materiallarında olan digər sənədlərdə isə həm VOODCRAFT, həm də VOODGRAFT olaraq göstərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə iddiaçının evi üçün müəyyən mebellərin hazırlanması və təhvil verilməsi barədə müqavilə imzalanmış, müqavilənin şərtinə əsasən həmin tarixdə cavabdehə 15000 manat pul verilmişdir. İkinci ödənişin xx.xx.2023-cü il tarixdə həyata keçirilməsi nəzərdə tutulsa da tərəflər arasında fikir ayrılıqları səbəbli iddiaçı xx.xx.2023-cü il tarixdə verdiyi 15000 manatın qaytarılmasını tələb etmiş, 3960 manat pul xx.xx.2023-cü ildə qəbzlərlə iddiaçıya ödənilmiş, qalan məbləğ həmin tarixdən əvvəl nəğd şəkildə verilməklə iddiaçıya cəmi 5000 manat pul qaytarılmış, qalan məbləğin qaytarılması isə təmin edilməmişdir. İddiaçı pulun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərmiş, pulun ödənişi həyata keçirilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasları gedişində cavabdehin nümayəndəsi və vəkili ilk öncə qalıq məbləğin 7000 manat olduğunu, cavabdehə ziyan vurulduğunu, sübutları təqdim edəcəyini bildirsə də, sonrakı məhkəmə iclaslarında verilmiş 15000 manatın əslində beh olduğunu, lakin cavabdehin insanlıq naminə pulun bir hissəsini geri qaytardığını, iddiaçının ərinin votsap yazışması ilə qalıq borcun 8150 manat olduğunu təsdiq etdiyini, həmin məbləğdən 5000 manatın beh olduğunu, qalan 3150 manatı məhkəmə zalında qaytarmaqla razılaşmağa hazır olduğunu bildirmişdir. Cavabdeh tərəf fikrini əsaslandıraraq məhkəməyə Salman Eldəniz adlı şəxs tərəfindən göndərilmiş votsap yazışmasının surətini təqdim etmiş, həmin şəxsin iddiaçının əri olduğunu və onun borcun 8150 manat olduğunu təsdiq etdiyini bildirmişdir. Votsap yazışmasında qeyd edilən məlumatların mübahisələndirilən müqaviləyə aid olduğuna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş müddəalarına istinad edərək bildirir ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalı olduğundan və bununla bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfin behlə bağlı arqumentlərinin qəbul edilməsi istisna edilir. Qalıq borcin 8150 manat (yaxud 7000 manat) olduğuna dair arqumentə gəldikdə isə məhkəmə bildirir ki, cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında xx.xx.2023-cü il tarixdən sonra ustaların bir neçə mebel layihəsi hazırladıqlarını, dəfələrlə iddiaçının evinə gələrək ölçülər götürdüklərini, həmin işlər üçün şirkətin xeyli pul xərclədiyini, mütəxəssisə müraciət edərək həmin xərcin dəqiq məbləğini müəyyənləşdirəcəyini bildirsə də çəkilmiş xərcə dair sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə qeyd edilən bütün hallara qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 10000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də iddiaçı ödədiyi dövlət rüsununu tələb etmədiyindən 121 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh VOODCRAFT MMC-dən 10000 (on min) manat pul tutularaq iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-456/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-456/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver