Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-462/2024 12.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 29500 manat pulun və 179 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 12 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 29500 manat pulun və 179 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Təsviri hissə: İddiaçı əvvəlki məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, Cavabdeh 2017-ci ildən tanıyır. Cavabdeh Mingəçevirdə onun atasına məxsus evdə kirayədə qalmışdır. Münasibətləri yaxşı olub. Cavabdeh dəfələrlə ondan borc pul istəyib, alıb və vaxtında geri qaytarıb. xx.xx.2022-ci ildə cavabdehlə aralarında 30450 manat borc pulla bağlı qəbz yazılıb, hər ikisi imza edib. Cavabdeh həmin puldan 950 manatını qaytarıb. Hazırda onun qalıq borcu 29500 manatdır. Borc pulla bağlı qəbz olsa da, eyni zamanda cavabdehlə aralarında olan votsap yazışmalarında da bu fakt öz əksini tapıb. Bundan əlavə cavabdehlə danışıqları ilə bağlı disk də işə əlavə edilib. Cavabdeh Mingəçevir polis şöbəsində araşdırma zamanı ona 20000 manat borcu olduğunu etiraf edib. Bütün məsuliyyəti ilə iddia ərizəsinə əlavə edilmiş qəbzdəki imzanın Cavabdeh məxsus olduğunu bildirir.İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh oğludur. İddiaçını uzun müddətdir ki, tanıyır. İddiaçı heç kimə xeyri olmadan borc pul vermir. Pulu faizlə verir, əsas borcunu götürür və sonra faizləri məhkəmə yolu ilə tələb edir. İşdə olan qəbzə inanmır və onun əsasında işə baxılmasına etiraz edir. Ola bilsin ki, həmin borc qaytarılıb. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçıya heç bir borcu yoxdur. İddiaçıdan sələmə 1500-2000 manat olmaqla borc pullar alıb, lakin heç zaman birdəfəyə o qədər, yəni 30000 manat pul almayıb. Əlində 102 ədəd qəbz var. Kart nömrəsini desə, yoxlamaq mümkündür. Hesablayası olsa Eldənizin ona borcu var. Votsap yazışmalarında öz əksini tapmış borcdan 100 manat olmaqla ödəmələr faiz ödəmələridir. İddiaçının təqdim etdiyi qəbzdən xəbəri yoxdur və imza onun deyil. Polisdə verdiyi izahatda dediyi 20000 manat borcun ödənilməsi ilə bağlı karta köçürmələr var. İddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1597 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh Nümət oğlu xx.xx.2024-cü il tarixli və hazırki məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla pulu sələm olduğu üçün məhkəmədə iştirak etməyəcəyini bildirmiş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə isə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı əvvəlki məhkəmə iclaslarında verdiyi izahatını təsdiq etdi, ekspert rəyini qəbul etdi, əlavə olaraq bildirdi ki, onunla cavabdeh arasında olan borc münasibətləri votsap yazılarında da öz əksini tapmışdır, həmin yazılar isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən sübut hesab edilməlidir. İş materiallarına əlavə etdiyi votsapdan çıxarışların foto-surətindən görünür ki, xx.xx.2022-ci il tarixədək cavabdehin ona borcu 29900 manat olmuş, həmin tarixdə, habelə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022 -ci il tarixlərdə hər dəfə 100 manat göndərdiyindən borc 29500 manat təşkil etmiş, bundan sonra Xaləddinlə müntəzəm yazışmalarında xx.xx.2023-cü il tarixədək ona 29500 manat borcunun qaldığını xatırlatmışdır. Cavabdeh ona borcunun qalmadığını, əlində pul qəbzlərinin olduğunu bildirsə də ekspertizadan sonrakı məhkəmə iclaslarına gəlməmiş və borcunu qaytardığını sübut etməmişdir. Beləliklə təqdim etdiyi sübutlardan göründüyü kimi cavabdehin ona 29500 manat məbləğində borcu yaransa da borcun qaytarılması təmin edilməmişdir. İddianın təmin edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikası Mingəçevir şəhərində anadan olmuş, yaşayış yeri Mingəçevir şəhəri, Y.Muradov küçəsi, ev 39, mənzil 30-dur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Oğuz rayonu Xaçmaz-Qışlaq kənd sakini Cavabdeh İddiaçı iş görmək məsədi ilə 30450 manat borc pul almış, borcdan 950 manat qaytarmış, qalan 29500 manat borcu xx.xx.2023-cü il tarixədək qaytarmağa söz vermişdir. İşə əlavə olunmuş votsap yazışmalarından görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında Cavabdeh tərəfindən hər dəfə 100 manat olmaqla 400 manat göndərilmiş, xx.xx.2023-cü il tarixədək yazışmalarda onun borcunun 29500 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 4/1597 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində Cavabdeh adından olan 29500 manata dair borc qəbzində “borcalan” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.(xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında 2022-ci ilin əvvəlində borc hüquq münasibətləri yaranmış, bu münasibət iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdə öz əksini tapmışdır.Bundan əlavə iddiaçı ilə cavabdeh arasında votsap yazışmaları ilə də cavabdehin iddiaçıya 29500 manat borcunun qaldığı öz təsdiqini tapmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh votsap yazışmalarına etiraz etməsə də, hər dəfə 100 manat olmaqla ödədiyi 400 manat pulun faizlər olduğunu, iddiaçıya borcunu ödədiyinə dair 102 qəbzin mövcudluğunu bildirsə də, borcun ödənilməsi barədə sübutları məhkəməyə təqdim etməmiş, iş materiallarda olan qəbzdəki imzanın ona aid olduğunu isə inkar etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza araşdırması ilə qəbzdəki imzanın cavabdeh tərəfindən icra edildiyi təsdiq olunmuşdur. Beləliklə həqiqətən cavabdehin iddiaçıya 29500 manat borcunun olduğu məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi 29500 manat borcun cavabdehdən tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1597 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin qeyd edilən hallarına uyğun olaraq 110 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi 29500 manat borca münasibətdə təmin edilmiş, iddiaçı iddia ərizəsinin verilməsi üçün 178,50 manat dövlət rüsumu ödəmişdir.Buna baxmayaraq iddiaçı cavabdehdən 179 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun məbləğini nəzərə alaraq hesab edir ki, cavabdehdən həmin məbləğ tutularaq iddiaçıya verilməli, iddia tələbi 0,50 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 29500 manat borc pul və 178,50 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi 0,50 manat dövlət rüsumu hissəsində təmin edilməsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 110 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-462/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-462/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver