Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-485/2023 13.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X8 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 Nizami qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 13 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-27 iyun 2016-cı il tarixdə anadan olmuş X4 və 10 yanvar 2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla,cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə nikahlarını 01 oktyabr 2015-ci il tarixdə Oğuz rayon Bayan kənd icra nümayəndəliyində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 27 iyun 2016-cı il tarixdə Səmədli Nihat və 10 yanvar 2018-ci il tarixdə Səmədli İnci adlı övladları doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(054)-261/2018 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər uşaq üçün 120 manatdan az olmamaqla alimentin tutulması qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 2(054)-299/2019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onun yanında saxlanmışdır. Cavabdeh 03 iyul 2018-ci ildə qəza nəticəsində əlil olduğunu əsas gətirməklə alimentin miqdarının azaldılması və əvvəlki aliment borcundan azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 12 noyabr 2019-cu il tarixli, 2(054)-520 2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən hər ay tutulan 1/3 hissədə, lakin hər uşaq üçün 120 manat, cəmi 240 manatdan az olmayan aliment miqdarı azaldılmış, hər uşaq üçün 60 manat müəyyən edilmiş, bundan əlavə 8 ay ərzində yaranmış və ödənilməmiş 3230 manat alimentin miqdarı azaldılaraq 2270 manat müəyyən edilmişdir. Həmin vaxtdan indiyədək cavabdehin səhhəti ilə bağlı narahatçılıqları, onun yataq xəstəsi olmasını nəzərə alaraq alimentin məbləğinin artırılmasını,yaxud yığılmış alimentin tam şəkildə ödənilməsini mübahisələndirməmişdir. Artıq cavabdeh yataq xəstəsi deyil, Hər ay 120 manat, ödənilməmiş aliment borcundan isə 30 manat olmaqla cəmi 150 manat pul ödəyir. Hələ 1000 manata yaxın borcu qalıb. Təkbaşına cəmi 150 manatla uşaqların saxlanması mümkün deyil, iş yeri də yoxdur ki, işləsin. Sosial yardım üçün də müraciət edib, mümkün olmayıb. Sərxan 1-ci qrup əlilliyə görə 450 manat müavinət alır. Hər uşağa 220 manat istəsə də, cavabdehin əlilliyini nəzərə alıb hər uşağa 150 manatla da razılaşa bilər. Əslində keçən 3-4 il ərzində cavabdehdən arada uşaqların tibbi və digər ehtiyacları üçün alimentdən əlavə maddi yardım istəyib, cavabdeh verməyib, uşaqlarla maraqlanmayıb, buna görə də hazırda məcbur olub alimentin artırılması barədə ərizə verib. Razılaşma olmadığı təqdirdə iddia tələbinin təmin edilməsi, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, 2019-cu ildə məhkəmə qaydasında aliment azaldılaraq iki uşaq üçün cəmi 120 manat müəyyən ediləndə cavabdeh yataq xəstəsi idi, həm də 250 manat müavinət alırdı, buna görə artıq neçə ildir ki, iddiaçı güzəştə gedib. İndi isə müavinətin məbləği 470 manata çatdırılıb. Cavabdehin səhhəti də yaxşılaşıb. Ayaqüstədir. Dövlət səviyyəsində müəyyən edilmiş yaşayış minimumu var, buna görə də hər uşağa 150 manat alimentlə bağlı razılaşma mümkündür. Əks halda iddianın tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, cavabdeh qardaşıdır. 2006-cı ildə ağır ürək əməliyyatı keçirib, 03 iyul 2018-ci ildə qəza keçirdikdən sonra kəllə-beyin travması alıb, uzun müddət yataq xəstəsi olub, hazırda ayağa qalxsa da,1-ci qrup əlildir, başının bir hissəsi yoxdur, iddiaçı özü də bunu yaxşı bilir. Qardaşı hazırda 470 manat təqüd alır. Qohumlar tərəfindən göstərilən pul yardımı ilə onun müalicələri davam edir, əməliyyat olunmalıdır. Bütün bunlara isə çox miqdarda xərc tələb olunur. Anası təqaüd alır, amma o da xəstədir, atası isə təqaüd almır, heç bir gəliri də yoxdur. Qardaşı maddi imkanı olmadığından yenidən ailə qurmaq da istəmir. Qanuna uyğun olaraq hazırki vəziyyətdə cavabdehin 470 manat təqaüdünün 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməlidir, yaxud hər uşaq üçün 75 manat, cəmi 150 manat aliment müəyyən edilməsi ilə də razılaşa bilərlər. Bundan əlavə iddiaçıya əvvəllər sosial yardım təyin edilməsində köməklik edəcəyini də bildirib, iddiaçı sənədləri hazırlamadı, halbuki bu məsələni onun xeyrinə həll etmək olardı. İddianın qismən, cavabdehin qazancının 1/3 hissəsi miqdarında, yaxud hər uşağa 75 manat olmaqla təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilini, habelə cavabdehin nümayəndəsini dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 742097 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Bayan kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 17 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 048498 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 26 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 330878 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 80 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişi və qadına Səmədov soyadı verilmişdir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 11 noyabr 2019-cu il tarixli, 2(054)-520/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilmiş, birgə nikahdan 27 iyun 2016-cı il tarixdə anadan olmuş X4 və 10 yanvar 2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 120 manatdan az olmayan məbləğdə tutulan alimentin miqdarı azaldılmaqla hər uşaq üçün hər ay 60 manat, cəmi 120 manatdan az olmamaqla, həmçinin iddiaçının Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(054)-261/2018 saylı qətnaməsi üzrə indiyədək yaranmış 3230 manat aliment borcunun azaldılaraq 2270 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. AZərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X2 xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S-199795/2023 saylı arayışından, DSMF Oğuz rayon şöbəsinin işə əlavə edilmiş 023709 saylı vəsiqəsinin surətindən, elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh ƏƏSMN-in X1 Sisteminin “Sosial ödənişlər” altsistemindəki məlumatlara əsasən filialdan xx.xx.2019-cu il tarixdən ümumi səbəbdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müddətsiz əlilliyi müəyyən edilmiş şəxs kimi 270 manat sosial müavinət və 200 manat Prezident təqaüdü alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2015-ci il tarixli birgə nikahından 2016 və 2018-ci il təvəllüdlü iki övladı vardır. Uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Oğuz Rayon Məhkəməsinin 29 mart 2018-cı il tarixli, 2(054)-261/2018 saylı qətnaməsi ilə Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər uşaq üçün 120 manat, cəmi 240 manatdan az olmamaqla aliment tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2018-ci ildə keçirdiyi qəza nəticəsində əlil olmuş, alimentin məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciətinə uyğun olaraq 1-ci qrup əlil və yataq xəstəsi olması da nəzərə alınmış, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(054)-520/2023 saylı qətnaməsi ilə alimentin məbləği qazancın və gəlirlərin 1/3 hissəsi miqdarında, hər uşaq üçün 60 manatdan az olmamaqla müəyyən edilmişdir. Həmin vaxtdan 5 ilə yaxın müddət keçmiş, bu müddət ərzində uşaqlar böyümüş, xərcləri artmış, yaşayış minimumunun məbləği də dəyişmişdir. Həmçinin artıq cavabdeh yataq xəstəsi deyil, həm də aldığı sosial müavinət və təqaüdün məbləği cəmi 470 manat təşkil edir. İddiaçı qeyd edilənləri nəzərə alaraq alimentin məbləğinin artırılmaqla hər uşağa 220 manat olmaqla müəyyən edilməsini xahiş etsə də, məhkəmənin təklifinə uyğun olaraq alimentin hər uşaq üçün 150 manat sabit pul məbləğində tutulmasına etirazının olmayacağını bildirmiş, əks halda iddianın tam təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş arayışla cavabdehin rəsmi gəlirlərinin 270 manat sosial müavinət və 200 manat Prezident təqaüdündən ibarət olduğu müəyyən edilmiş, iddiaçı tərəf cavabdehin digər qazancına dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi alimentin məbləğinin 470 manatın 1/3 hissəsi (təxminən 157 manat), yaxud hər uşaq üçün 75 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə alimentin məbləğinin artırılmasına münasibətdə tərəflərin təkliflərini və iş üçün əhəmiyyət kəsb edən digər halları ümumiləşdirməklə, qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, cavabdehin 1-ci qrup əlilliyi, yaşayış minimumunun 2023-cü il üçün müəyyən edilmiş miqdarı nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2016 və 2018-ci il təvəllüdlü iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 27 iyun 2016-cı il tarixdə anadan olmuş X4 və 10 yanvar 2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-485/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-485/2023
13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver