Məhkəmə qərarları › İş №2(054)-485/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-485/2024

12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-485/2024 12.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 12 sentyabr 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-18 avqust 2009-cu il tarixdə anadan olmuş X1 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehin qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 235 manat, cəmi 470 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə kənd təsərrüfatı işləri ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etməyəcəyi nəzərə alınmaqla məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, cavabdehlə 2008-ci ildə qeydə alınmış birgə nikahından 18 avqust 2009-cu il tarixdə anadan olmuş Güldəstə və 12 iyun 2011-ci il tarixdə anadan olmuş Gülsadə adlı övladları vardır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(054)-231/2012 saylı qətnaməsi ilə aralarında nikah pozulmuş, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 50 manat alimentin cavabdehdən tutulması qərara alınmışdır. Nikahları pozulduqdan sonra Qəbələ rayonunda atası evində yaşamışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(025)-263/2017 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşağa 85 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş aliment üzrə yığılmış 6000 manat pulu yaxın vaxtlarda, yəni bu ilin iyun ayında ödəmişdir. Aliment təyin olunan vaxtdan illər keçmişdir. Uşaqlarına yüksək təhsil vermək istəyir. Buna görə onları Qəbələdə yerləşən “Kaspi” məktəbinə yerləşdirib. İldə hər uşağa 1500 manat təhsil haqqı ödəyir. Uşaqların başqa xərcləri də var. Ancaq cavabdeh onlarla maraqlanmır. Halbuki onun şəxsi təsərrüfatı, traktorları var, lakin qazancı ilə bağlı rəsmi məlumat təqdim edə bilmir. Uşaqların biri talassemiya xəstəsidir. İddia tələbinin təmin edilməsi, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 235 manat, cəmi 470 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq və baxış iclaslarında Cavabdeh izahat verərək bildirmişdir ki, Rusiya Federasiyası vətəndaşı olmaqla Dağıstan Respublikası Axtı rayonunda qeydiyyatdadır, Azərbaycan Respublikasında icazə ilə yaşayır. İddiaçı ilə nikahları pozulduqdan sonra faktiki nikahla ailə qurub, həmin nikahdan 2014-cü il təvəllüdlü Elçin, 2016-cı il təvəllüdlü Elşən, 2019-cu il təvəllüdlü Qafqaz adlı övladları var. Uşaqlarına baxmaq borcudur, amma səhhətində problem olduğundan işləyə bilmir, maddi vəziyyəti yaxşı deyil, ata-anası ilə birlikdə təsərrüfatla məşğuldur, sürünə-sürünə fəhləlik edir.Gücü çatsa hər uşağa 500 manat aliment ödəmək istəyər. Bundan başqa məhkəmə qətnaməsi olmasına baxmayaraq iddiaçı uşaqlarını ona göstərmir, evdə uşaqlara təyziq yolu ilə onunla ünsiyyətdən çəkindirir. Hətta buna görə məhkəmə qaydasında 500 manat cərimə də edilib. İddiaçı bundan nəticə çıxarmayıb, ona deyib ki, “elə bilərəm 2 ay aliment almamışam”. Deməli iddiaçı alimentdən uşaqları üçün yox, ona təyziq vasitəsi kimi istifadə edir. Hər uşağa 235 manat alimentə gücü çatmır, iki uşağa 235 manat aliment verə bilər. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Qəbələ rayon İHB Zərgərli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-59-62/2-109/2024 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Qəbələ rayonu Bum kəndində anadan olmuş, yaşayış yeri Qəbələ rayonu Zərgərli kəndidir. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün DYİ ******* saylı icazə vəsiqəsinin işə əlavə edilmiş surətindən görünür ki, Rusiya Federasiyası vətədaşı Cavabdeh xx.xx.1982-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, yaşayış yeri Oğuz rayonu Yenikənd kəndi olmaqla vəsiqə xx.xx.2026-cı il tarixədək etibarlıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(025)-263/2017 saylı, 26 yanvar 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia tələbi qismən təmin olunmuş, Oğuz Rayon Məhkəməsinin 23 iyul 2012-ci il tarixli, 2(054)-231/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş cəmi 100 manat alimentin məbləği artırılmaqla hər uşaq üçün 85 manat olmaqla, cəmi 170 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş AA ******* saylı, AA ******* saylı və AA ******* saylı şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Elçin Əhmədovun, xx.xx.2016-cı il təvəllüdlü Elşən Əhmədovun və xx.xx.2029-cu il təvəllüdlü Qafqaz Əhmədovun atası Cavabdehdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2009-cu il və xx.xx.2011-ci il təvəllüdlü iki qızı vardır. Tərəflərin nikahı 2012-ci ildə məhkəmə qaydasında pozulmuş, həmin qətnamə ilə cavabdehdən hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat alimentin tutulması qət edilmişdir. 2017-ci ildə iddiaçı məhkəməyə müraciət edərək alimentin 300 manatadək artırılmasını xahiş etmiş, onun tələbi qismən təmin olunmaqla iki uşağın saxlanması üçün cəmi 170 manat alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan 7 ilə yaxın vaxt keçmiş, tərəflərin övladları böyümüşdür. İddiaçı iddia ərizəsində 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olduğunu nəzərə almaqla alimentin artırılaraq hər uşağa həmin məbləğdə müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehin qazancı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh yeni ailəsi və 2014,2016,2019-cu il təvəllüdlü 3 uşağı olduğunu, özünün xəstə olduğunu bildirməklə alimentin iki uşaq üçün cəmi 235 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə bildirir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan valideynin işləyib-işləməməsi, onun qazancının məbləği uşağın yaşayış minimumundan aşağı təminatı üçün əsas hesab edilə bilməz. Bundan əlavə hazırki iş üzrə alimentin təyin olunduğu vaxtdan 7 ilədək müddətin keçdiyi, iddiaçı tərəfindən bu müddət ərzində alimentin artırılmasına dair iddianın verilmədiyi, keçən müddətdə yaşayış minimumunun həddində ciddi artımların olduğu nəzərə alınmalıdır. Buna baxmayaraq məhkəmə həmçinin hesab edir ki, alimentin məbləği təyin edilərkən ədalətlilik prinsipi nəzərdən qaçırılmamalıdır. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının və cavabdehin himayəsində olan uşaqların yaşı və minimal maddi ehtiyacları, habelə alimentin sonuncu təyinatından sonra 7 il müddətin keçdiyi, həmin müddətdə yaşayış minimumunun gözəçarpan dərəcədə artması nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, iddiaçının himayəsində olan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, cavabdehin qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 135 manat olmaqla cəmi 270 manat aliment tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 52,40 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 135 manat olmaqla cəmi 270 manat aliment (vəsait) tutularaq 18 avqust 2009-cu il tarixdə anadan olmuş X1 və 12 iyun 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 52,40 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar