Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-494/2022 17.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borc məbləği olaraq 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonunda yaşayır və özünə məxsus ekskovatoru vardır. Səhhəti ilə bağlı artıq ekskovatoru idarə edə bilmədiyindən bir müddət əvvəl internet saytlarında ekskovatoru satışa qoymuşdur. Hazırki iş üzrə cavabdeh ona zəng edərək ekskovatoru satın almaq istədiyini demiş və sonradan Masallı rayonuna gəlib ekskovatora baxaraq bəyəndiyini bildirmişdir. Onlar ekskovatoru 8000 manata razılaşmışlar. Cavabdeh həmin məbləğin 3000 manatdan ibarət hissəsini dərhal, qalan 5000 manatın yarısını 2022-ci ilin aprel ayının 5-dək, yarısını isə may ayının sonunadək ödəyəcəyinə söz vermişdir. O da xəstəliyi ilə əlaqədar müalicə olunduğundan pula ehtiyacı olduğuna görə cavabdehlə razılaşmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə ona 3000 manat verərək ekskovatoru götürüb aparmış, lakin sonradan pulun qalan hissəsini ödəməmişdir. O, bir neçə dəfə cavabdehə müraciət edərək pulun qalan hissəsini ödəməsini tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bununla bağlı o, polis şöbəsinə də müraciət etmiş, lakin onun müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh hazırda da ona borclu olduğu məbləği ödəməkdən yayınır. Ona görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu ödəmişdir. Hazırda o, borc məbləği olaraq 5000 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləği cavabdehdən tələb edir. İddiaçı iddia öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, hazırki iş məhkəmənin icraatında olduğu müddətdə cavabdehin ailə üzvləri ilə birlikdə cavabdehin Yevlax rayonunda ekskovatoru satdığını iddia etdiyi ünvana getmişdir. Həmin ünvanda hazırda ona məxsus ekskovator və ya onun hər hansı hissəsi yoxdur. Bundan sonra cavabdeh həmin ekskovatorun sökülərək hissələrə ayrılmaqla satıldığını bildirmişdir. Ona məxsus ekskovator hazırda naturada mövcud deyildir. Ona görə də o, cavabdehdən ekskovatorun dəyərindən ona borclu qaldığı 5000 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 manat dövlət rüsumunu tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə prosesinin cavabdehin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə baxış iclasında izahat verərək göstərdi ki, cavabdeh onun oğludur. Tərəflər öz aralarında iddiaçıya məxsus ekskovatorun 8000 manata satın alınması barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən cavabdeh texnikanın dəyərinin 3000 manatdan ibarət hissəsini vermiş, qalan 5000 manat pulu isə sonradan hissə-hissə ödəyəcəyini vəd etmişdir. Ancaq maddi imkanı olmadığından həmin texnikanın dəyərini tam şəkildə ödəyə bilməmişdir. Cavabdeh ekskovatorun Yevlax rayonunda olduğunu desə də, onlar cavabdehin dediyi ünvana gedərkən həmin ünvanda hər hansı ekskovator aşkar olunmamışdır. Bundan sonra cavabdeh həmin ekskovatorun sökülərək hissələrə ayrılmaqla satıldığını bildirmişdir. İddiaçiya məxsus ekskovator hazırda naturada mövcud deyildir. Hazırda iddiaçıya 5000 manat borclu olduğunu cavabdeh özü də etiraf edir və həmin məbləği iddiaçıya hissə-hissə ödəməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin nümayəndəsinin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli 033234 nömrəli qeydiyyat şəhadətnaməsinin surəti, Masallı rayon X1 Bölməsinin xx.xx.2022-ci il tarixli məktubu və xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə müəyyən edildi ki, buraxılış ili 1988-ci il olan EO- 3322 nömrəli ekskovator iddiaçıya məxsusdur. Cavabdeh həmin nəqliyyat vasitəsini satın almaq barədə iddiaşı ilə şifahi razılaşmış və bu məqsədlə ona 3000 manat miqdarında pul vermişdir. Sonradan ekskovatorun dəyərinin tam şəkildə ödənilməməsi ilə bağlı tərəflər arasında narazılıq və fikir ayrılığı yaranmış, bununla bağlı iddiaçı polis şöbəsinə müraciət etmişdir. Onun müraciətinin mülki xarakterli olması əsası ilə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı ekskovatorun dəyərinin ödənilməmiş qalan hissəsi kimi 5000 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 70 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi ekskovatorun ona məxsus olmasına dair qeydiyyat şəhadətnaməsinə, cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmalara, dövlət rüsumu kimi ödənilmiş vəsaitə dair mədaxil qəbzinə istinad edir. Cavabdeh hazırki iddia tələbinə etirazı olmadığını və iddiaçıya olan borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi nəqliyyat vasitələri rəsmi reyestrdə qeydə alınmalı olan əmlak növlərinə aiddir və bu növ əmlakların özgəninkiləşdirilməsi, o cümlədən alqı-satqısı yalnız notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında nəqliyyat vasitəsinin alqısatqısı ilə bağlı şifahi razılaşma olsa da, notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kmi, cavabdeh yalnız iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən əmlak əldə etmək niyyəti ilə və həmin əmlakın dəyərini ödəmək üçün ona müəyyən məbləğdə pul vermişdir. Bu səbəbdən tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı əldə edilmiş razılıq etibarsız olmaqla, qanunvericiliyin tələbinə görə, bu razılaşma əsasında tərəflərin hər biri aldığını digərinə qaytarmalıdır. Lakin tərəflərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin şifahi razılaşmaya əsasən iddiaçıdan satın aldığı nəqliyyat vasitəsi (ekskovator) hazırda nəqliyyat vasitəsi kimi naturada mövcud deyildir. Bu səbəbdən həmin nəqliyyat vasitəsini eyni ilə digər tərəfə qaytarmaq da qeyri-mümkündür. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh həmin əmlakın dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd olunan əmlakın dəyərini, bununla da cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləği müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun şəkildə notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmasa da, nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş və onlar həmin nəqliyyat vasitəsini qarşılıqlı razılığa əsasən 8000 manat miqdarında qiymətləndirmişlər. Nəqliyyat vasitəsinin həmin miqdara uyğun qiymətləndirilməsini və bu məbləğin 3000 manatdan ibarət hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənildiyini, qalan 5000 manatdan ibarət hissəsinin isə indiyədək də ödənilmədiyini tərəflər hazırda da inkar etmirlər. Qeyd olunan əsaslara görə məhkəmə tərəflərin dəlillərinə məcmu halında qiymət verərək qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 5000 manat miqdarında müəyyən edilməli, iddia tələbinin cavabdehdən 5000 manat pul tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh borc məbləği olaraq 5000 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 70 manat - cəmi 5070 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-494/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-494/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver