Məhkəmə qərarları › İş №2(054)-556/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-556/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-556/2023 04.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil Mayıl oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 4000 manat məbləğində pulun, MAPS arayışının əldə edilməsi və iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat, cəmi 4050 manat pulun ödənilməsi tələbinə dair mülki işə 04 dekabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdehlər) qarşı cavabdehdən 4000 manat ziyanın (pulun), MAPS arayışının əldə edilməsi və iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat xərcin, cəmi 4050 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Laçın rayonunda anadan olub, Xocalı şəhərində qeydiyyatdadır. 1997-ci ildən Xocalı İcra hakimiyyətində yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada məsul katib işləyir. Oğuz rayonunda qohumları yaşayır, belə ki, bir qrup laçınlı ailə burada məskunlaşıb.Buna görə də illərdir ki, bu rayonla daimi əlaqəsi var. Əmisi oğlu ona İntiqam adlı qəssabın ev və torpaq sahəsini satdığını demiş, 2014-cü ilin avqust ayında Cavabdeh ilə qarşılıqlı razılığa gələrək Oğuz rayonu Padar kəndində yerləşən, sahəsi 2,5 ha olan fındıq bağını və yaxınlıqdakı kürsülü evi, yardımçı tikililərlə birlikdə 30000 manata, 3 il müddətinə hissələrlə ödəmək şərtilə satın almışdır. Alqı-satqı şifahi olmuş, cavabdeh evə və torpağa sənəd düzəldəcəyini vəd etmişdir. Həmin vaxt 4000 manat pul ödəmişdir. 2014-cü ilin dekabr ayınadək hissələrlə cəmi 10000 manat pul ödəmişdir. İntiqam sənəd düzəltmədiyindən qalan pulu verməmişdir. Bir müddət sonra cavabdeh ona demişdir ki, fındıq bağını əlindən alırlar. Məlum olmuşdur ki, 2016-cı ildə bağı özü satıb. Cavabdehə evi bağla birlikdə 30000 manata aldığını demiş, qiyməti də aşağı salmasını xahiş etsə də, cavabdeh razılaşmayıb.Buna baxmayaraq 30000 manat pulu ev üçün verməli olduğunu qəbul etmişdir. Amma aralarında narazılıq olmuşdur. Evin sənədləri düzəlmədiyindən verdiyi pulu geri tələb etmişdir. 2020-ci ilin yayına kimi yoldaşı ilə evə gəlib-getmişdir. Müharibədən əvvəl cavabdeh puldan bir az qaytarmışdır. “020-ci ilin avqust ayında 4400 manat borc qaldı, həmin məbləğdən 400 manat pul 2020-ci ilin avqust-sentyabr aylarında, səhv eləmirsə, poçt vasitəsilə ona göndərilsə də, qalan 4000 manat məbləği qaytarmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 4000 manat pulu qaytarmamasının səbəbi olaraq həmin pulu beh kimi qəbul etdiyini bildirir, halbuki aralarında behlə bağlı söhbət olmayıb. Artıq aralarında hər hansı razılaşmanı qəbul etmək fikri yoxdur. Müddəti ötürməyib. İddianın təmin edilməsi, 4050 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, həqiqətən iddiaçı ilə onun arasında 2,5 ha fındıq bağı və evin 30000 manata alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, iddiaçıdan 1 il müddətində pulun verilməsini xahiş etmişdir. İddiaçı 4000 manat beh vermiş, sonra isə 6000 manat pul vermişdir. 2014-cü ilin avqust ayında evi boşaldıb iddiaçıya vermiş, özü isə Oğuz şəhərində kirayədə yaşamışdır. Qalan pul ödənilmədiyinə görə münasibətləri pozulmuşdur. 2016-cı ilin axırına kimi aldığı puldan 6000 manatını hissələrlə qaytarmış, 4000 manat beh olduğuna görə onu verməkdən imtina etmişdir. Evin sənədləri oğlunun adınadır. Pulu əldən-ələ alıb-vermişlər. Yazılı heç nə yoxdur. İddiaçı ilə razılaşmağa etiraz etmir, şərti isə budur ki, ona dəymiş ziyanlığı nəzərə alsın. 2 ton fındığı yığmayıb, üstəlik kirayədə qalıb, yəni ona ziyan dəyib. İddiaçıya ziyanın əvəzi olaraq 2000 manat qaytarmağa razıdır. Şərtə razı olmadığı təqdirdə iddia müddətinin tətbiq olunması, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddianı qəbul etməmiş, bildirmişdir ki, iddiaçı 6000 manatdan son 400 manatı 2020-ci ilin avqust ayında poçt vasitəsilə aldığını bildirsə də, cavabdeh 6000 manat pulu 2016-cı ildə qaytardığını bildirir. Qalan 4000 manat isə behdir. İddiaçı cavabdehin sonuncu dəfə ona verdiyi pulun tarixi ilə bağlı mötəbər sübut təqdim edə bilmir, cavabdeh isə 2016-cı ildən sonra iddiaçıya pul vermədiyini bildirir. İddia əsassızdır, bununla birgə iddiaçı iddia müddətini də ötürüb.Tərəflər razılaşmadığı təqdirdə məhkəməyə təqdim edilmiş ərizəni nəzərə alaraq və müddətin ötürüldüyü əsas tutulmaqla iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını, cavabdehi və onun vəkilini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının iş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Laçın rayonu, Piçənis kəndində anadan olmuş, yaşayış yeri Xocalı şəhəridir. Azərbaycan Respublikası vətənaşının iş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BPMASAN**********80 saylı mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 34 saylı vəkil bürosunun hesabına 50 manat xidmət haqqı köçürülmüşdür. İş materiallarında olan AA 270740 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, həmin sənəd İddiaçı Dövlətqaçqınkomun xx.xx.2012-ci il tarixli qərarına əsasən verilmişdir. Oğuz rayon Polis şöbəsinin İddiaçı ünvanlanmış, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 177-11410V-3222 saylı məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə şöbəyə etdiyi müraciət araşdırılmış, müraciətdə göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edildiyindən aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biri olduğundan məhkəmə həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin tərəflərin diqqətinə çatdırılmasını zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir.Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, yeni və ya əvvəlki Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiq edilməsinin yeganə meyarı hüquq münasibətlərinin yaranması tarixidir. Qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Beləliklə iş materialları ilə təsdiq edilir ki, iddiaçı ilə cavabdeh 2014-cü ilin avqust ayında şifahi şəkildə cavabdehin istifadəsində olan 2,5 ha fındıq bağı və fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 30000 manata iddiaçıya satılması ilə bağlı razılaşmışlar. Cavabdeh əmlakın sənədlərinin hazırlanmasını təmin edəcəyini bildirmişdir. İddiaçı ilk razılaşmada 4000 manat olmaqla 2014-cü ilin axırlarına kimi razılaşdıqları məbləğdən 10000 manat pulu cavabdehə vermiş, lakin cavabdeh fındıq bağını başqa şəxsə satsa da, iddiaçıya razılaşdıqları məbləği verəcəyini demış, bundan əlavə əmlakın sənədlərinin hazırlanmasını həyata keçirməmiş, qeyd olunanlara əsasən iddiaçı verdiyi 10000 manat pulun qaytarılmasını tələb etmişdir. İddiaçının izahatına əsasən cavabdeh həmin pulun 6000 manatını hissələrlə, sonuncu 400 manatın 2020-ci ilin dəqiq xatırlamadığı avqustsentyabr aylarında poçt vasitəsilə verildiyini desə də, bununla bağlı sübut təqdim etməmiş, cavabdeh isə 6000 manat pulu 2016-cı ildə bütünlükdə qaytardığını, qalan 4000 manat məbləği isə beh olduğu üçün qaytarmadığını bildirmişdir. İddiaçı tərəf hesab edir ki, qalan 4000 manat beh deyil, buna görə də qaytarılmalıdır. Cavabdeh tərəfin iddia müddətinin keçirilməsinə dair ərizəsi və tələbinə münasibətdə müddətin ötürülmədiyini, heç bir razılaşma olmadan iddia tələbinin tam təmin edilməsini xahiş edir. Cavabdeh isə hesab edir ki, tələb edilən pul beh olmaqla qaytarılmalı deyil, buna görə də iddia tələbi rədd edilməli olsa da, eyni zamanda pulun tələb edilməsi üçün tələb olunan iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Yenə də ona da dəymiş zərəri nəzərə almaqla iddiaçıya 2000 manat verməklə razılaşma mümkün ola bilər. Əks halda iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə əvvəla tələb olunan məbləğin beh olması ilə bağlı qeyd edilənlərə qiymət verərək bildirir ki, mülki qanunvericilikdə qüvvədə olan normaya əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı bağlanmalı olduğundan və hazırki iş üzrə tərəflərin alqı-satqı münasibətləri ilə bağlı şifahi qaydada razılaşdıqlarını nəzərə almaqla mübahisəli məbləğin beh olması barədə arqumentlər qəbul edilə bilməz. Cavabdehin iddia müddətinin hesablanması və tətbiqi ilə bağlı tələbinə gəldikdə isə bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normaları ilə müəyyən edilir. Həmin normalara əsasən hazırki iş üzrə sonuncu 400 manat pulun qaytarılması vaxtının sübut edilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı bununla bağlı sübutu məhkəməyə təqdim etməmiş, hətta pulun qaytarılması vaxtını belə dəqiq xatırlamadığını etiraf etmişdir. İddiaçının pul tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi xx.xx.2023-cü ildə məhkəmənin icraatına qəbul edilmişdir. Beləliklə məhkəmə araşdırma nəticəsində müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi haqqında verilmiş ərizəyə əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 4000 manat məbləğində pulun, MAPS arayışının əldə edilməsi və iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat, cəmi 4050 manat pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar