Məhkəmə qərarları › İş №2(054)-56/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-56/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-56/2024 01.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 16000 manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 500 manat, cəmi 16500 manat pulun və 139,50 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 01 mart 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 16000 manat, vəkilə iddia ərizəsinin tərtibi, lazımi sənədlərin toplanması, birinci instansiya məhkəməsində təmsil və digər hüquqi xidmətlərə görə ödənilmiş 500 manat, cəmi 16500 manat pulun və 139,50 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Oğuz rayon Zərrab kəndində yaşayır. Müharibə veteranıdır. Cavabdeh həmkəndlisidir. Cavabdeh 2021-ci ilin yay aylarında təsərrüfat işləri ilə bağlı maddi ehtiyacının olduğunu bildirərək 15-20 ton taxılın verilməsi müqabilində ondan pul istəmiş, bir dəfə 7500 manat, iki dəfə-hər dəfə 2500 manat olmaqla, cəmi 12500 manat pulu ona vermişdir.Belə şərtləşmişlər ki, pulun müqabilində 2022-ci ildə qiymətindən asılı olmayaraq 50 ton taxıl və yaxud həmin taxılın dəyəri cavabdeh tərəfindən ona ödəniləcəkdir. 2022-ci ilin taxıl mövsümündə 1 kq taxılın qiyməti 0,50 manat, o cümlədən 50 ton taxılın qiyməti 25000 manat olmuşdur. Cavabdeh 2022-ci ildə taxıl mövsümündə məhsul olmadığını əsas gətirərək 50 ton taxılı, yaxud onun pulunu verməmişdir. Cavabdeh 2023-cü ilin yay aylarında ona olan borcundan 9000 manat ödəmiş, qalan 16000 manat borcunu isə ödəməkdən imtina etmişdir. Bu barədə Oğuz rayon polis şöbəsinə müraciət etmiş, şöbədə cavabdeh qeyd etdiyi razılaşmalarını etiraf etmişdir. Hazırda cavabdeh ona olan 16000 manat borcunu qaytarmaqdan imtina edir. Əslində taxılın qiyməti mübahisəli dövr üçün 60-65 qəpik olmuşdur, buna baxmayaraq cavabdehə güzəştə gedib. Onun fikri başqa olsaydı, aldığı 9000 manatı etiraf etməzdi. Cavabdehin ona 1 ton taxıl verməsi həqiqətə uyğun deyil. O özü cavabdehdən 500 manat verib taxıl alıb. Həmin vaxt buğda 20 qəpik olsaydı, cavabdeh ona 25 qəpikdən hesablayıb verəcəkdi. Cavabdehin qanunsuz hərəkəti nəticəsində ona dəyən ziyanın və ödədiyi dövlət rüsumunun qaytarılmasını tələb edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçı ilə aldığı pulun müqabilində dəyərindən asılı olmayaraq 50 ton taxıl verəcəyi ilə bağlı razılaşıblar. Bu, el arasında qəbul olunmuş razılaşma hesab olunur. Təqdim edilmiş sübutlar və danılmaz faktlar var. Əslində iddianın həcmini artıra bilərlər, lakin iddiaçı cavabdehə güzəştə gedib. Polisin rədd materialında cavabdeh razılaşmanı etiraf edib. Polis şöbəsində izahatı zorla aldıqlarını sübut etməlidir. İddia ərizəsində borc yazılması texniki səhvdir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı həmkəndlisidir. Kənd camaatı əsasən taxılçılıqla məşğul olur. O da təsərrüfatı işləri ilə, o cümlədən taxılçılıqla məşğul olduğundan İddiaçı ona istəyən olsa taxıl almaq üçün pul verə biləcəyini demişdir. Ətraf ərazilərdə taxıla pul almaq istəyən şəxsləri müəyyən etmiş və iddiaçıya məlumat vermişdir. 2021-ci ilin sentyabr ayında iddiaçı ona 7500 manat pul vermiş, əvəzində ona 30 ton taxıl qaytarması ilə bağlı razılaşmışlar. Daha sonra İddiaçı ona 2500 manat da pul vermiş, əvəzində 10 ton taxıla razılaşmışlar. 2021-ci ilin oktyabr-noyabr ayında iddiaçı ona eyni şərtlə taxıla görə daha 2500 manat pul vermişdir. 50 ton taxıl verilməli, qazanc yarı bölünməli idi. Pulları alarkən taxılın bir kiloqramını 25 qəpikdən hesablamışdı. 2022-ci ildə məhsuldarlıq az olduğundan İddiaçı 9000 manat pul və 1 ton taxıl qaytarmışdır. Qalan 3250 manat pulu vermək istəsə də iddiaçı onu qəbul etməmiş, ondan 16000 manat pul istəmişdir. Həmin vaxt taxılın bazar qiyməti 50 qəpik ola bilməzdi. Onu polis şöbəsinə çağırmış, izahat almışlar. İzahatı yazanda onu qorxudublar. İddiaçının oğlu polisdə işləyir, özü də vaxtilə polisdə işləyib. Hazırda da 3250 manat ödəməyə razıdır. İddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, iddianın əsası və sübut yoxdur. Cavabdeh 12500 manat puldan 9000 manatını və 1 ton taxıl qaytarıb. Qalan 3250 manat pulu qaytarmağa etiraz etmirlər. İddiaçı polisdə işləyib. Cavabdehin evinə basqın edilib, hazırda araşdırma gedir. Pulun əvəzinə taxıl təklif edilib.Qəbul etmirlər. İddiaçı 9000 manatın əvəzinə taxıl istəməyib. Bunun səbəbi məlum deyil. Əlavə pul istəmək qanunsuzdur.Bundan əlavə iddiaçı ərizəsində 50 ton taxıl-yəni buğda və ya arpa məhsulu üçün 12500 pul verdiyini bildirir. Buğda və arpanın qiymətlərində də fərq var. Arpa 20-25 qəpik, buğda ondan 2-3 qəpik baha olur. Tərəflər arasında yazılı müqavilə yoxdur. Şifahi razılaşma olub. İddia ərizəsinin mətnindən göründüyü kimi söhbət borc pulun verilməsindən gedir.İddiaçı cavabdehə borc pul verib, cavabdehdə ona xidmət göstərib. Əslində burda xidmət müqaviləsinin də əsasları var. Müqavilənin qiymətinin dəyişdirilməsi, əlavə qiymət artımı və s. bunlar razılıqla olur. Müqavilə şərtlərində tərəflərin iradə ifadəsi də əsas götürülür. Taxılın qiymətinin 25 qəpikdən aşağı düşmək ehtimalı yoxdur. Cavabdehin 50 qəpikdən taxıl qaytaracağı inandırıcı deyil. 9000 manat pul verilib, 25 qəpikdən qəbul edilib. 12500 manat pul Oruc müəllimdə olsaydı, o da o qədər taxılı verə bilməzdi. 25 qəpikdən camaata pul verilib, amma cavabdeh onlardan pulu da ala bilməyib. Burda heç kimin xeyri və qazancı olmur. İddianın qismən-3250 manat hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası, Şəki rayonu Orconikidze qəsəbəsində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Zərrab kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1979-cu il tarixdə Azərbaycan Respublikası, Vartaşen rayonu Zərrab kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Zərrab kəndidir. Oğuz rayon Polis Şöbəsinin işə əlavə olunmuş HK-1/362 saylı rədd materialından görünür ki, Oğuz rayon Zərrab kəndində yaşayan İddiaçı həmkəndlisi Cavabdeh taxıl satmaq adı ilə onu aldadaraq 16000 manat pulunu qanunsuz olaraq ələ keçirdiyinə görə ona dəymiş maddi ziyan ödənilməklə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli müraciəti əsasında araşdırma aparılmış, toplanmış materialda cinayət hadisəsi olmadığından xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarla və rədd materialı ilə həmçinin müəyyən edilir ki, 2021-ci ildə Oruc Quliyev tərəfindən Cavabdeh 7500 manat, 2500 manat və 2500 manat olmaqla, cəmi 12500 manat pul verilmiş, tərəflər 2022-ci ilin yayında pulun əvəzində 50 ton taxılın İddiaçı veriləcəyi ilə razılaşmışlar. 2022-ci ilin taxıl məhsuldarlığı az olduğundan Cavabdeh vəd etdiyi taxılı qaytarmamış və İddiaçı 9000 manat pul vermişdir. Cavabdeh araşdırma zamanı verdiyi izahatında pulu alarkən taxılın kiloqramını 25 qəpikdən hesabladığını, taxıl olmadığından 9000 manat pul və 1 ton taxıl verdiyini bildirmişdir. Oğuz şəhər bazarının işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 28 saylı arayışından görünür ki, 2022-ci ilin iyun-oktyabr aylarında Oğuz şəhər bazarında 1 kq buğdanın satış qiyməti 60-65 qəpik olmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin hüquq münasibətləri yaranan vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (739-741-ci maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında şifahi razılaşma əsasında iddiaçı 2021-ci ildə cavabdehə 12500 manat pul vermiş, cavabdeh növbəti ildə pulun əvəzi olaraq 50 ton taxıl məhsulunun iddiaçıya verilməsini təmin edəcəyini bildirmişdir. 2022-ci ildə cavabdeh taxıl məhsulunun az olduğunu bildirmiş, 2023-cü ildə iddiaçıya 9000 manat pul vermişdir. İddiaçı bildirir ki, cavabdehlə razılaşmaya əsasən taxıl məhsulunun özü, yaxud həmin vaxtda onun dəyəri məbləğində pul, yəni taxılın kiloqramı 50 qəpikdən hesablanmaqla 25000 manat ona verilməli olsa da cavabdeh razılaşmadan imtina edərək onun pulunu tam şəkildə verməmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatı ilə bildirir ki, razılaşma zamanı taxılın qiymətini kiloqramı 25 qəpikdən hesablamışdır. Buna uyğun olaraq 9000 manat pul və 1 ton taxıl məhsulunu iddiaçıya verdiyindən onun iddiaçıya cəmi 3250 manat borcu qalmışdır. İddiaçı 1 ton taxılın ona verilmədiyini, 500 manat pul verərək cavabdehdən 1 ton taxıl aldığını bildirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yazılı hər hansı razılaşma olmamışdır. İddiaçı sübut olaraq məhkəməyə təqdim etdiyi, cavabdehlə razılaşmaları ilə bağlı danışığının olduğu diskə və polis şöbəsində aparılmış araşdırma materiallarına istinad etmişdir. Məhkəmə icraatı zamanı iddiaçı tərəf yaranmış hüquq münasibətinin borc münasibətləri olmadığını, iddia ərizəsində həmin ifadənin texniki səhv olaraq yazıldığını bildirmiş, dəymiş 16000 manat ziyanın ödənilməsini xahiş etmişlər. Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətləri borc münasibətləri olaraq qəbul edir və hüquq münasibətləri yaranan zaman qüvvədə olan mülki qanunvericiliyə istinad edərək bildirir ki, cavabdehə verilmiş məbləğ 3000 manatdan çox olmasına baxmayaraq razılaşma yazılı şəkildə aparılmamışdır. Buna baxmayaraq cavabdeh iddiaçıdan 12500 manat pulu aldığını təsdiq etdiyindən məhkəmə onun izahatını etiraf olaraq qəbul edir, lakin iddiaçının 16000 manat pulun cavabdehdən tutulmasına münasibətdə bildirir ki, verilmiş pulun müqabilində 50 ton taxılın əvəzi olaraq cavabdehin iddiaçıya borcunun 25000 manat olduğuna dair arqumentlər qəbul edilməməlidir. Belə ki, qeyd edildiyi kmi tərəflər arasında razılaşma yazılı şəkildə aparılmadığından iddiaçının verdiyi məbləğdən 2 dəfə artıq pul tələb etməsini məhkəmə verilmiş məbləğə görə faiz hesablanması kimi qiymətləndirir və araşdırma zamanı bununla bağlı iddiaçı və cavabdeh arasında fikir müxtəlifliyi olduğundan iddianın həmin məbləğdə təmin edilməsini mümkün və ədalətli hesab etmir. Cavabdehin iddiaçıya 1 ton taxıl verdiyinə dair arqumentinə qiymət verərək məhkəmə bildirir ki, cavabdeh bununla bağlı mötəbər sübut təqdim etmədiyindən onun arqumenti də qəbul edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin 9000 manat ödədiyi nəzərə alınmaqla qalan 3500 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 12343 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Nümayəndə1 ******************** saylı hesabına 500 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş ağlabatan məbləğ 250 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun ödənilmiş 55 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 250 manat, cəmi 3750 (üç min yeddi yüz əlli) manat pul, 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar