Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-564/2023 27.10.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının atırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat - cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi, həmçinin, mediasiya prosesində ödənilmiş 50 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 204 / 2021 nömrəli qətnaməsinə əsasən pozulmuş və boşanmadan sonra xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər bir uşaq üçün 100 manat - cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda oğlunun 13 yaşı, qızının isə 11 yaşı var. Onun qızı birinci dərəcəli ağır şəkərli diabet xəstəsidir. İstifadə olunan inusilin dövlət tərəfindən təmin olunsa da, hər üç aydan bir müayinənin keçirilməsi üçün qızını Bakı şəhərində fəaliyyət göstərən xəstəxanay aparır ki, bu da əlavə xərclər tələb edir. Alimentin təyin edilməsindən-2021-ci ildən bu günədək uşaqların yaşı artmış, həm də qiymətlər bahalaşmışdır. Cavabdehin uşaqların saxlanması üçün ona verdiyi aliment pulu hazırki şəraitdə onların ərzaq, geyim, təhsil və digər xərcləri ilə bağlı maddi ehtiyaclarını ödəmir. Uşaqları azyaşlı olduğundan və qızı şəkərli diabet xəstəsi olduğundan daim diqqət və qulluğa ehtiyacı var və buna görə o özü işləyə bilmir. Bu səbəbdən o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də o, uşaqların saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat - cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi, həmçinin, mediasiya prosesində ödənilmiş 50 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxış iclasında həmin tələbin məzmununa uyğun izahat verərək bildirdi ki cavabdeh uşaqların qayğıları və ehtiyacları ilə maraqlanmır, onların saxlanması üçün ona alimentdən başqa maddi yardım etmir. Eyni zamanda, cavabdeh uşağın saxlanması üçün ona verməli olduğu alimenti də vaxtlı-vaxtında ödəmir və hazırda cavabdehin 280 manat borcu vardır. Qızının xəstəliyi səbəbindən xərcləri də artmışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, o hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMCdə yol fəhləsi işləməklə təxminən 330-340 manat məvacib alır. Alimentin ödənilməsi barədə tələb onun maaşına yönəldilmişdir. Hazırki vəziyyətdə uşaqları saxlanmaları üçün cavabdehə hər ay hər uşaq üçün 125 manat - cəmi 250 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 204 / 2021 nömrəli qətnaməsinin surəti, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-dən verilmiş xx.xx.2023-cü il tarixli 11-1/2-1xx-xx/2023 nömrəli arayışla işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahda olduqları müddətdə xx.xx.2010-cu il tarixdə X2 və xx.xx.2012-ci il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və uşaqların boşanmadan sonra iddiaçının yanında qalması müəyyən edilmişdir. Eyni zamanda, həmin məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflər hazırda da faktiki olaraq ayrı yaşayırlar, onların birgə nikahından anadan olmuş uşaqlar hazırki vəziyyətdə də iddiaçının yanında yaşayır. Cavabdeh alimentin artırılması ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etsə də, iddiaçı ilə razılığa gəlməmiş və barışıq sazişi bağlamamışdır. İddiaçı mediasiya prosesində 50 manat məbləğ ödəmişdir. İddiaçı "xxxx" MMC-də fəhlə işləyir və ona hər ay orta hesabla 386,20 manat əmək haqqı ödənilir. İddiaçı cavabdehin uşaqların saxlanması üçün ona verdiyi 200 (iki yüz) manat aliment pulunun hazırki vəziyyətdə uşaqların maddi ehtiyaclarını ödəmədiyini və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat - cəmi 440 manat manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh uşaqların saxlanmaları üçün cavabdehə hər ay hər uşaq üçün 125 manat - cəmi 250 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin və ya onlardan birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 204 / 2021 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin maddi və ya ailə vəziyyətində dəyişiklik olması halları ilə bağlı məhkəməyə sübutlar təqdim olunmasa da, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 2 (iki) ildən çox müddət ərzində uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu artmışdır. Eyni zamanda, həmin vaxtdan sonra uşaqların yaşının artması ilə bağlı maddi ehtiyacları da artdığından məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Ona görə də uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaqlar iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi vardır. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarının yalnız sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maraqlarının pozulması ilə nəticələnə bilər. Ona görə də tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulan aliment həm qazancın müvafiq hissəsi kimi, həm də sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödədiyi alimentin miqdarını, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, həmçinin, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olmasını, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra cəmi 2 (iki) il müddət keçdiyini, habelə, cavabdehin aldığı əmək haqqının miqdarının yüksək olmadığını, işin digər faktiki hallarına isə xx.xx.2021-ci il tarixli 2 (054) - 204 / 2021 nömrəli məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyini nəzərə almaqla uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq cavabdehin hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat – cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə qərara gəlir ki, tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanması üçün alimentin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat – cəmi 300 (üç yüz) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə iddiaçı tərəfindən mediasiya prosesində ödənilmiş 50 (əlli) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanuna müvafiq hesab edir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin artırılmış miqdarı üzrə bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğin onun özünə aid edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 200 (iki yüz) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq cavabdehin hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında , lakin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat – cəmi 300 (üç yüz) manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilsin. xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün alimentin hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat – cəmi 300 (üç yüz) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən : Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(054)-564/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-564/2023
27.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver