Məhkəmə qərarları › İş №2(054)-569/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-569/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-569/2024 05.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən borca görə 6000 manat pulun, 50,60 manat yol xərcinin və 80 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 05 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən borca görə 6000 manat pulun, 500 manat çəkilmiş xərclərin və 80 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia həcminin artırılması barədə ərizəsi ilə cavabdehdən 1600 manat və 500 manat. cəmi 2100 manat da əlavə edilməklə cəmi 8100 manat pulun, 500 manat çəkilmiş xərclərin, ödənilmiş 80 manat və 20 manat, cəmi 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh onun xahişi ilə xx.xx.2024cü il tarixdə 6000 manat məbləğində borc pul vermişdir. Pulu verərkən Rəşad ona qəbz verərək borcunu 3 ay müddətinə qaytaracağına söz vermişdir. Rəşad həmin qəbzdə öz dəqiq ünvanını da qeyd etmişdir. Rəşadın növbəti xahişinə əsasən xx.xx.2024-cü il tarixdə Rəşadın dayısı oğlu Kamilin kartı vasitəsilə 1600 manat, xx.xx.2024-cü il tarixdə Rəşadın öz kartına 500 manat olmaqla ona əlavə 2100 manat pul göndərmişdir. Buna görə xx.xx.2024-cü ildə iddia həcminin artırılması barədə ərizə vermiş, 20 manat əlavə dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında ona məlum olub ki, sonra verdiyi tələblərlə bağlı sübutlarını tam təqdim etməyib. Bunun üçün isə əlavə məhkəmə iclasları keçirilməlidir. O isə onkoloji xəstədir.Yol gəlib-getməkdə çətinlik çəkir. Ona görə də hələlik iddia həcminin azaldılması qərarına gəlmişdir. Cavabdehdən hazırda 6000 manat pulun və 80 manat dövlət rüsumunun, həmçinin məhkəməyə təqdim etdiyi 4 ədəd avtobus biletinə əsasən ödədiyi 50,60 manat yol xərcinin tutularaq ona verilməsi barədə ərizə verərək iddianın həmin həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Cavabdeh tərəfindən verilmiş, işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o, tanışı İddiaçı 6000 manat borc pul götürmüş, borcunu 3 ay müddətinə qaytarmağa söz vermiş, borcu qaytaran zaman yazdığı qəbzi geri alacağını bildirmişdir.Qəbzdə həmçinin Cavabdeh tərəfindən Oğuz rayonunda daimi yaşadığı ünvan və mobil telefon nömrəsi qeyd edilmişdir. “X2” MMC-nin işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, İİS/2 seriyalı, 511072 (435283) saylı, dəyəri 13,50 manat olan sərnişin daşınması biletindən görünür ki, **-HS- *** d.q.nişanlı avtobus xx.xx.2024-cü il tarixdə saat 07:00-da Bakı-Oğuz (304) marşrutu üzrə yola çıxmışdır.(İcraçı Şahbala Orucov) “Orxan” firmasının işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, XEƏ seriyalı, 015079 saylı, dəyəri 10,90 manat olan sərnişin daşınması biletindən görünür ki, Oğuz avtovağzalından çıxan avtobus saat 14:00-da Sumqayıt istiqamətində yola düşmüşdür.(İcraçı X3) “X2” MMC-nin işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, İİS/2 seriyalı, 721084 (721030) saylı, dəyəri 13,10 manat olan sərnişin daşınması biletindən görünür ki, **-BD- *** d.q.nişanlı avtobus xx.xx.2024-cü il tarixdə saat 07:00-da Bakı-Oğuz (304) marşrutu üzrə yola çıxmışdır.( İcraçı Şəfaqət Mirzəyeva) “Orxan” firmasının işə əlavə olunmuş, İddiaçı məxsus, xx.xx.2024-cü il tarixli, OBS seriyalı, 38990 saylı, dəyəri 13,10 manat olan sərnişin daşınması biletindən görünür ki, Oğuz avtovağzalından çıxan **-BC-*** d.q.nişanlı avtobus saat 15:00-da Bakı istiqamətində yola düşmüşdür.(daşıyıcı X1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci mqddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatı və təqdim olunmuş sənədlərlə müəyyən edildiyi kimi iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə 6000 manat borc pul vermiş, cavabdeh bununla bağlı qəbzi iddiaçıya təqdim etmişdir. Həmin qəbzin məzmununa görə cavabdeh pulu 3 ay müddətində qaytaracağına dair öhdəlik götürmüş, pulu qaytardığı zaman qəbzi geri alacağını bildirmişdir. Dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, borcun qaytarılması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı məhkəmə iclaslarında iştirak etmək üçün Bakı şəhərindən Oğuz şəhərinə gələrkən və gedərkən istifadə etdiyi avtobus biletlərini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması ilə biletlərin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarının vaxtına uyğun gəldiyi, biletlərə cəmi 50,60 manat xərcin çəkildiyi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən cavabdehə verilmiş 6000 manat borc pul və 50,60 manat gediş-gəliş xərcləri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ilkin iddia ilə bağlı 80 manat, iddia həcminin artırılmasına dair ərizəyə uyğun olaraq 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia həcminin azaldılması barədə ərizəni nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən təmin edilmiş məbləğə uyğun ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməli, qalan 20 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh borca görə 6000 (altı min) manat pul, 50,60 (əlli manat altmış qəpik) manat yola çəkilmiş xərc, 80 (səksən) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. xx.xx.2024-cü il tarixli, 87293 saylı (“ASAN ödəniş sistemində qəbz nömrəsi **********5) mədaxil qəbzinə (terminal 937) əsasən “e-Manat” vasitəsilə ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar