Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-580/2023 30.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 4000 manat maddi zərər, 10000 manat müalicə xərci, hüquqi yardımla bağlı vəkilə ödədiyi 300 manat və 132 manat dövlət rüsumu tələbinə dair mülki işə 30 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən avtomobilinə vurduğu ziyan üçün 4000 manat, səhhətinə vurduğu xəsarətlərə görə müalicəsinə xərclədiyi 10000 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 300 manat, cəmi 14300 manat və 132 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh arvadı iddiaçıya məxsus olan və onun idarə etdiyi “VAZ 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək getdiyi üçün cavabdeh özünün idarə etdiyi “Vaz 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə iddiaçının avtomobilini sol yan tərəfindən qəsdən vurmuş, nəticədə idarəetməni itirərək avtomobili yolun hərəkət istiqamətində olan yolun sağına çıxıb yol kənarında olan ağaca dəymişdir. Daha sonra cavabdeh onun bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmuşdur. Nəticədə ona sol qamış sümüyünün bayır kondilusundan keçən sınığı, sol incik sümüyünün başının sınığı, sol budun yuxarı 1/3-nin geniş həcmli hemotoması, yumşaq toxumaların əzilməsi, travmatik şişkinliyi, sol qaş, kürək, bel, sol baldır və sol dirsək nahiyələrinin əzilmişsıyrılmış yaralararı, kürək nahiyəsinin travmatik şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bu xəsarətlər məhkəmə tibb ekspertizasının 420 və 421 saylı rəyləri ilə də təsdiq olunmuşdur. Bundan başqa iddiaçının avtomobilinə dəymiş ziyan 82 saylı qüsur aktına əsasən 2246 manat məbləğində qiymətləndirilmişdir, lakin o bununla razılaşmır, çünki onun avtomobilinə dəymiş ziyan ustaların dediyinə görə təmir pulu da daxil olmaqla 3500- 4000 manat təşkil edir. Cavabdeh törətdiyi əmələ görə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(054)-13/2023 saylı hökmü ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehin hökmdən verdiyi şikayətə Şəki Apelyasiya Məhkəməsində xx.xx.2023-cü ildə baxılaraq, 1(107)- 293/2023 saylı qərarla hökm dəyişdirilmədən saxlanmışdır. Cinayət işinə baxılarkən mülki iddia verməyib. Qeyd etdiyi bütün xüsusatlar isə hökmdə öz əksini tapıb. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdi, əlavə olaraq bildirdi ki, ayağı şikəst olub. Həkimin dediyinə görə protez qoyulmalıdır. Müalicəsi ilə bağlı xərclərə dair saxladığı sübutları təqdim edib, lakin başa düşmədiyindən digər sənədləri saxlamayıb. Avtomaşınına da ciddi ziyan dəyib, xərci çoxdur. İstədiyi kimi yığdırılsa razılaşa bilər. İddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununu təsdiq etdi, əlavə izahat verərək bildirdi ki, bu tələb cinayət işi ilə bağlı yaranmış tələbdir. Ziyan vurulmuş avtomobil hələ də polis şöbəsində saxlanılır, xərci 4000 manata yaxındır. İddiaçının müalicə xərcləri də var. O səhhəti ilə bağlı icbari tibbi sığortadan keçib, müayinə üçün pul ödəməyib, lakin müalicə xərcləri çoxdur. Mümkün olan sübutlar təqdim edilib. İddiaçının xəsarətlərindən məlum olur ki, onun sağalması üçün xeyli xərc çəkilib və hələ bundan sonra çəkilməlidir. İddiaçı müalicə üçün ödənişlərlə bağlı sənədləri götürməyib. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçını maşınla qəsdən vurmayıb, onun arvadını qaçırdığı üçün arxasınca gedərkən maşınının təkəri partlayıb, avtoqəza baş verib. Maşının cəmi 900 manat xərci var, usta aparıb hesablatdırıb. Hadisə vaxtı iddiaçının atası sığortadan imtina etdi, halbuki onun sığortası dəyən ziyanı ödəməyə razı idi. Turan dedi ki, mən vurulmamış 07 istəyirəm, buna görə o da sığortadan imtina etdi.10000 manat müalicə xərcini qəbul etmir. İddiaçının ayağının həmin qəzada yaralanması dəqiq deyil. Hökmdə göstərilmiş, avtomobilə dəyən ziyana görə 2246 manat məbləği, təqdim edilmiş qəbzdə göstərilən 20 manat xərci qəbul edir, iddianın qalan hissəsini qəbul etmir. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1999-cu il tarixdə Oğuz rayonunda anadan olmuş, yaşayış yeri Oğuz rayon Bayan kəndidir. Oğuz Rayon Məhkəməsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1(054)-13/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri hissəsində əksini tapmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 dekabr 2022-ci il tarixli 9/8207 nömrəli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 82 nömrəli qüsur aktı məlumatlarına əsasən 04.09.22-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2007-ci il buraxılışlı, 1568 kub.sm həcmli mühərrikli, qırmızı rəngli, “VAZ 2107” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə aşınma tətbiq edilməklə 2022-ci ilin oktyabr ayına olan təmirbərpa xərci təxminən 2246,00 manat, o cümlədən dəyişməli hissələrinin qiyməti - 806 manat, təmir-bərpa işlərinin qiyməti -1440,00 manat müəyyən edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1(107)-293/2023 saylı qərarından görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(054)-13/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. “Referans” klinik laboratoriya mərkəzinin mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən diz oynağının R qrafiyası üçün Qəbələ tibb mərkəzinə 20 manat ödəniş aparılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 7.0.36-cı maddəsinə əsasən zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. CPM-nin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. CPM-nin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər. CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə və sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə xərclər şəklində özünü göstərir. CPM-nin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. CPM-nin 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. CPM-nin 189.0-cı maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxs kompensasiya almaq hüququna o zaman malik olur ki, ona qarşı bu əməlin törədilməsi məhkəmənin hökmü və cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə icraatı zamanı verilmiş izahatlarla və iş materiallarına əlavə edilmiş qanuni qüvvədə olan hökm ilə müəyyən edildiyi kimi cavabdehin törətdiyi cinayət əməli ilə iddiaçının avtomobilinə 2246 manat maddi ziyan vurulmuş, bundan əlavə iddiaçı xx.xx.2022-ci il tarixdə diz oynağının R-qrafiyası üçün iddiaçı “Referans” klinik laboratoriya mərkəzinin Qəbələ tibb mərkəzinə 20 manat ödəniş etmişdir. Beləliklə, yuxarıda qeyd edilən cinayət və mülki prosessual qanunvericiliyin normaları mövqeyindən yanaşmaqla məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən ona vurulmuş maddi ziyanın tutulması tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.Həmin ziyan məbləği isə iddiaçının avtomobilinə vurulmuş 2246 manat ziyan və 20 manat tibb mərkəzinə ödənişdən ibarətdir. İddiaçı avtomobilə dəymiş ziyanla bağlı 4000 manat, səhhətinə vurulmuş xəsarətlərə görə müalicəsinə xərclədiyi 10000 manat pulun cavabdehdən tutulmasını tələb etsə də məhkəmənin müəyyən etdiyi məbləğdən yuxarı hissə ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2246 manat avtomobilə vurulmuş ziyan, 20 manat tibb mərkəzinə ödəniş haqqından ibarət hissədə təmin edilməli, qalan hissələrdə təmin edilməməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 250 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. "xxxx" ASC-nin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən göründüyü kimi İddiaçı tərəfindən vəkil Nümayəndə 410400C**********168 saylı hesabına 300 manat pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş məbləğ 150 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə müvafiq 44,16 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2246 manat avtomobilə dəyən ziyan, 20 manat tibb mərkəzinə ödənilmiş məbləğ, 150 manat vəkil üçün xidmət haqqı, cəmi 2416 (iki min dörd yüz on altı) manat pul və 44,16 (qırx dörd manat on altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-580/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-580/2023
30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver