Məhkəmə qərarları › İş №2(054)-616/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-616/2024

25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-616/2024 25.10.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının atırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi, həmçinin, mediasiya prosesində ödənilmiş 50 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 495 / 2019 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 onun himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda cavabdehdən 120 manat onun xeyrinə tutulur. Cavabdehlə nikahları pozulduqdan sonra o, valideynlərinin evinə köçərək övladı ilə birlikdə yaşayır. Övladının tələbatları və xərcləri günü-gündən çoxalır. Cavabdeh bütün bu müddətdə uşağın problemləri və xərcləri ilə maraqlanmamışdır. Hazırda Oğuz Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Övladının gələcəkdə intelektinin cəmiyyətə yararlı insan olması üçün əlavə olaraq idman və dərslərində uğur qazanmaq üçün əlavə məşğələlərə gedir, ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Ona görə də o, uşağın saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi, həmçinin, mediasiya prosesində ödənilmiş 50 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxış iclasında həmin tələbin məzmununa uyğun izahat verərək bildirdi ki cavabdeh uşaqların qayğıları və ehtiyacları ilə maraqlanmır, onların saxlanması üçün ona alimentdən başqa maddi yardım etmir. Uşaq böyüdükcə xərcləri də artdığından özünün aldığı 450 manat maaş da uşağın ehtiyaclarını ödəmir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, o hazırda Oğuz rayonu Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbində müəllim vəzifəsində işləməklə 445,32 manat məvacib alır. O, aylıq 120 manat aliment məbləğini çox çətinliklə ödəyir və maddi vəziyyəti ağırdır. İddiaçı alimentin ödənilməsi üçün bank hesabı da açdırmadığından hər aliment ödənişində ondan əlavə olaraq 5 manat xidmət haqqı da tutulur. Həmçinin, maaşı ilə 1800 manat məbləğində götürdüyü kreditin aylıq ödənişini də ödəmək məcburiyyətindədir. Eyni zamanda, o, hər ay 20-30 manat da əlavə olaraq uşağın ehtiyacları üçün xərcləyir. Lakin hazırki vəziyyətdə alimentin məbləğinin artırılması onu maddi cəhətdən pis vəziyyətə salacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 495 / 2019 nömrəli qətnaməsinin surəti, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-29-42/2-2271/2024 nömrəli arayışla işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahda olduqları müddətdə xx.xx.2014-cü il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və uşağın boşanmadan sonra iddiaçının yanında qalması müəyyən edilmişdir. Eyni zamanda, həmin məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, lakin hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğindən az olmamaqla aliment tutulara iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflər hazırda da faktiki olaraq ayrı yaşayırlar, onların birgə nikahından anadan olmuş uşaq hazırki vəziyyətdə də iddiaçının yanında yaşayır. Cavabdeh alimentin artırılması ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etsə də, iddiaçı ilə razılığa gəlməmiş və barışıq sazişi bağlamamışdır. İddiaçı mediasiya prosesində 50 manat, poçt və dəftərxana xərci olaraq 10 manat məbləğ ödəmişdir. İddiaçı Oğuz rayonu Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbində müəllim vəzifəsində işləyir və onun kart hesabına aylıq 445.32 manat əmək haqqı köçürülür. İddiaçı cavabdehin uşağın saxlanması üçün ona verdiyi 120 (bir yüz iyirmi) manat aliment pulunun hazırki vəziyyətdə uşağın maddi ehtiyaclarını ödəmədiyini və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız maddi cəhətdən çətinlik çəkdiyini bildirmişdir. Cavabdeh hazırda işləyir və daimi gəlir mənbəyi vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin və ya onlardan birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 495 / 2019 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin maddi və ya ailə vəziyyətində dəyişiklik olması halları ilə bağlı məhkəməyə sübutlar təqdim olunmasa da, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 5 ilə yaxın müddət ərzində uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu artmışdır. Eyni zamanda, həmin vaxtdan sonra uşağın yaşının artması ilə bağlı maddi ehtiyacları da artdığından məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Ona görə də uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi vardır. Lakin iddiaçı iddia tələbində yalnız sabit pul məbləğində alimentin tutulmasını tələb etdiyindən hazırki alimentin məbləği də sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödədiyi alimentin miqdarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, həmçinin, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olmasını, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra 5 (beş) ilə yaxın müddət keçdiyini, habelə, cavabdehin aldığı əmək haqqının miqdarının yüksək olmadığını, və alimentin miqdarının kəskin artırılmasının cavabdehin də maddi vəziyyətini ağırlaşdırcağını, iddiaçının da məhkəmə iclasında verdiyi izahatda işləyərək gəlir əldə etdiyini göstərdiyini, işin digər faktiki hallarına isə xx.xx.2019-cu il tarixli 2 (054) - 495 / 2019 nömrəli məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyini nəzərə almaqla uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə qərara gəlir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün alimentin hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə iddiaçı tərəfindən mediasiya prosesində ödənilmiş 50 (əlli) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanuna müvafiq hesab edir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin artırılmış miqdarı üzrə bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30,00 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin hər ay hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30,00 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən : Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar