Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-62/2022 18.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 25.04.2006-cı il tarixli JN - 066A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarına həmin ünvanda əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə onların 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə Oğuz şəhəri ərazisindən 0,09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 25.04.2006-cı il tarixli JN - 066A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə hazırlanaraq onlara təqdim olunmuşdur. Bu yaxınlarda o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinə dair mülkiyyət sənədlərinin hazırlanmasını xahiş etmişdir. Lakin adı çəkilən orqandan verilən 23.11.2021-ci il tarixli məktubla əmlakın müayinəsi işlərinin aparılmasından və mülkiyyət sənədlərinin hazırlanmasından imtina edildiyi bildirilmişdir. İmtinanın səbəbi olaraq qeyd olunmuşdur ki, həmin orqanın əməkdaşları əmlakın müayinəsi işlərini aparmaq istəyərkən cavabdeh tərəfindən onlara maneə törədilmiş və cavabdeh əmlakın müayinəsi işlərinin aparılmasına imkan verməmişdir. Qeyd olunan torpaq sahəsində yerləşən evi mərhum atası 31.05.2004-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X5 adlı şəxsə satmış, ancaq həmin vaxt torpaq sahəsi satılmamışdır. X5 da vəfat etmiş, ancaq cavabdehin həmin şəxslə hansı əlaqəsinin olması, onlara məxsus torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarını həyata keçirmələrinə maneə törətməsinin əsasları onlara məlum deyildir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, atası X6 vəfat etməzdən əvvəl ona və digər ailə üzvlərinə demişdir ki, 2004-cü ildə evi satarkən torpaq sahəsini satmamışdır. Atasının vəfatından bir neçə gün sonra cavabdeh onların yanına gələrək torpaq sahəsi ilə bağlı sənədlərə imza etmələrini xahiş etmişdir. O, 2004-cü ilə aid alqı-satqı müqaviləsinə baxarkən görmüşdür ki, həmin vaxt torpaq sahəsi satılmamış, yalnız ev satılmışdır. Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə də alqı-satqı müqaviləsi bağlanandan sonra - 2006-cı ildə hazırlanaraq onlara təqdim olunmuşdur. Həmin torpaq sahəsi hazırda da onların ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Lakin cavabdeh qeyd olunan torpaq sahəsinə dair onların adına mülkiyyət sənədlərinin hazırlanması üçün texniki inventarlaşdırma işlərinin aparılmasına maneə törədir. Bu da torpaq sahəsinin mülkiyyətçilərindən biri kimi onun mənafeyinə toxunur. Ona görə də onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarına həmin ünvanda əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, hazırki iddianın predmetinə aid olan 0,09 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun qohumu X5 adlı şəxs tərəfindən 2004-cü ildə iddiaçının atası X3 rəsmi alqı-satqı müqaviləsi əsasında satın alınmışdır. X1 da, X5 da vəfat etmişlər. 2021-ci ildə X4 vərəsələri tərəfindən miras əmlakın rəsmiləşdirilməsi işləri həyata keçirilərkən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair 2006-cı ildə iddiaçı və onun ailə üzvlərinin adına Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edildiyi məlum olmuşdur. O, iddiaçı və onun ailə üzvlərinin adına qeydiyyata alınmış torpaq sahəsində müayinə işlərinin aparılmasına heç bir maneə törətməmiş və hazırda da törətmir. Ümumiyyətlə, həmin torpaq sahəsinin və ya fərdi yaşayış evinin ona hər hansı aidiyyəti yoxdur. O, mərhum X4 ailə üzvü və ya vərəsəsi deyildir. Mərhumun vərəsələri tərəfindən ona əmlakın idarə edilməsi ilə bağlı hər hansı etibarnamə və digər tapşırıq da verilməmiş, qeyd olunan əmlaklar onun faktiki sahibliyində və ya nəzarətində də deyildir. Həmin əsaslara görə iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 31.05.2004-cü il tarixli alqı-satqı müqaviləsi, 25.04.2006-cı il tarixli JN - 066A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə, doğum və ölüm haqqında şəhadətnamələr, Oğuz rayon Qeydiyyat Şöbəsinin 05.07.2021-ci il tarixli 55 nömrəli arayışı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 23.11.2021-ci il tarixli **********57 nömrəli müraciətə cavab məktubu ilə müəyyən edildi ki, iddiaçının atası X2 şəhəri Gənclik küçəsi ev 2 ünvanında 0,09 hektar (854,2 kv.metr) həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini 31.05.2004-cü il tarixdə notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X5 adlı şəxsə satmışdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçının 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə Oğuz şəhəri ərazisindən 0,09 hektar həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə onların adına 25.04.2006-cı il tarixdə Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib olunmuşdur. X6 09.07.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı 0,09 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin qeyd olunan torpaq sahəsinin digər şəxs tərəfindən istifadə olunması əsası ilə torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılmasından və mülkiyyət sənədlərinin hazırlanmasından imtina edilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən, özünün və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədlərinin hazırlanması ilə bağlı müvafiq orqanın əməkdaşlarına həmin ünvanda əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq 0,09 hektar həyətyanı torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına tərtib edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə, texniki inventarlaşdırma işlərinin aparılmasından imtina edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 23.11.2021-ci il tarixli müraciətə cavab məktubuna istinad edir və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2004-cü ildə atası tərəfindən satılarkən həyətyanı torpaq sahəsinin satılmadığını, hazırda mülkiyyət sənədlərinin hazırlanması üçün texniki inventarlaşdırma işlərinin aparılmasına cavabdeh tərəfindən maneə törədildiyini bildirir. Cavabdeh iddia tələbini qəbul etmir, iddiaçı və onun ailə üzvlərinin adına qeydiyyata alınmış torpaq sahəsində müayinə işlərinin aparılmasına heç bir maneə törətmədiyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq bildirir ki, həmin torpaq sahəsinin və ya fərdi yaşayış evinin ona hər hansı aidiyyəti yoxdur. O, mərhum X4 ailə üzvü və ya vərəsəsi olmayıb, qeyd olunan əmlaklar onun faktiki sahibliyində və ya nəzarətində də deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarından görünür ki, mübahisə predmetinə aid olan 0,09 hektar həyətyanı torpaq sahəsi 25.04.2006-cı il tarixli JN - 066A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi isə 31.05.2004-cü il tarixdə X5 adlı şəxsə satmışdır. X5 adlı şəxs vəfat etmiş olsa da, hazırki iş üzrə cavabdehin onun ailə üzvü və ya vərəsəsi olması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin onun faktiki sahibliyində və ya nəzarətində olması halları müəyyən edilməmiş, iddiaçı özü də iddia tələbində cavabdehin X5 adlı şəxslə hansı əlaqəsinin olması, torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının həyata keçirməsinə maneə törətməsinin əsaslarının ona məlum olmadığını qeyd etmişdir. Cavabdeh də torpaq sahəsində müayinə işlərinin aparılmasına onun tərəfindən əvvəllər və hazırda heç bir maneə törədilmədiyini bildirir. İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneə törədilməsi, bununla da, iddiaçının hüquqlarının pozulması və ya cavabdeh tərəfindən mübahisələndirilməsi məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 23.11.2021-ci il tarixli müraciətə cavab məktubunda da texniki inventarlaşdırma işlərinin aparılmalı olduğu torpaq sahəsinin başqa şəxs tərəfindən istifadə olunduğu qeyd edilmiş, ancaq həmin şəxsin kim olduğu, hazırki iş üzrə cavabdehin texniki inventarlaşdırma işlərinin aparılmasına müdaxilə edib-etmədiyi barədə hər hansı məlumat göstərilməmişdir. Qanunvericiliyə əsasən cavabdeh, bir qayda olaraq, iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəfdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə tərəflərin dəlillərinə, mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlir ki, cavabdehə qarşı olan hazırki iddia tələbi sübut olunmadığından həmin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin edilməməsi nəzərə alaraq iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, 25.04.2006-cı il tarixli JN - 066A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarına həmin ünvanda texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-62/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-62/2022
18.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver