Məhkəmə qərarları › İş №2(054)-626/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-626/2023

29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-626/2023 29.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 29 noyabr 2023-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-28 sentyabr 2012-ci il tarixdə anadan olmuş X4 və 03 fevral 2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 120 manat alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh nikahlarını 10 noyabr 2011-ci ildə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 28 sentyabr 2012-ci il tarixdə Samir, 03 fevral 2017-ci il tarixdə Əkbər adlı 2 övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(054)-522/2018 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 60 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin məbləğin müəyyən edilməsindən 5 ilə yaxın vaxt keçmiş, bu müddətdə yaşayış minimumunun məbləği də 220 manata çatdırılmışdır. Hesab edirlər ki, hər uşaq üçün 60 manat çox cüzi məbləğdir və uşaqların tələbatının ödənilməsi üçün kifayət etmir. Buna baxmayaraq cavabdehin maddi imkanına uyğun olaraq alimentin məbləği hər uşaq üçün 100 manat həddində müəyyən edilərsə bunu mübahisələndirmək fikirləri yoxdur. Əks halda iddia tələbinin təmin edilməsi, 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, qaynatası ilə mübahisə zəminində həbs cəzasına məhkum olunub. Həbsdə olanda 120 manat alimenti ödəyə bilməyib, buna görə uşağın birinə anası baxıb. Hazırki alimenti fəhləlik edib güclə ödəyir. Əgər 300 manatlıq iş tapsa iki uşaq üçün cəmi 150 manat aliment ödəyə bilər. Bundan artıq imkanı yoxdur. İddianın qismən təmin edilməsini, alimentin cüzi artırılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, habelə cavabdehi dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Padar kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Bucaq kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 964406 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Oğuz rayon Bucaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 15 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X2r. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 820374 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 02 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X2r. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 23 oktyabr 2018-ci il tarixli, 2(054)-522/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X3 arasında 16 noyabr 2011-ci il tarixdə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində 14 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 28 sentyabr 2012-ci il tarixdə anadan olmuş X7 və 03 fevral 2017-ci il tarixdə anadan olmuş X8 iddiaçının yanında saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 60 manat, cəmi 120 sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 286044 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasında olan nikah ləğv edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 46 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına İmanova soyadı verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2011-ci il tarixli birgə nikahından 2012 və 2017-ci il təvəllüdlü iki övladı vardır. Oğuz Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(054)522/2018 saylı qətnaməsi ilə iddiaçı Fətəliyeva (İmanova) Mehriban Tərlan qızının iddiası qismən təmin edilmiş, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan anadan olmuş iki uşaq iddiaçının yanında saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay cəmi 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə verilməsi qət edilmişdir.. Həmin vaxtdan 5 ilə yaxın müddət keçmiş, bu müddət ərzində uşaqlar böyümüş, xərcləri artmış, yaşayış minimumunun məbləği də dəyişmişdir. Cavabdehin qazancına dair sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclası gedişində cavabdehin maddi imkanı nəzərə alınmaqla alimentin cəmi 200 manat məbləğində təyin edilməsini mübahisələndirlməyəcəklərini bildirmişdir. Cavabdeh işə işsiz olmaqla gələcəkdə 300 manat əmək haqqı aldığı halda iki uşaq üçün cəmi 150 manat aliment ödəmək fikrində olduğunu bildirərək iddia tələbinin qismən təmin edilməsini, alimentin cüzi miqdarda artırılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına qiymət verərək bildirir ki, cavabdehin işsiz olması onun uşağına baxmaq vəzifəsindən azad etmir. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdehin təklif etdiyi məbləğ hazırki şəraitdə məqbul hesab edilə bilməz. İddiaçının isə cavabdehin maddi imkanları nöqteyi-nəzərindən yanaşmaqla aliment cəmi 200 manat məbləğində təyin olunması barədə fikri humanizm kimi qiymətləndirilməlidir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq və qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, yaşayış minimumunun 2023-cü il üçün müəyyən edilmiş miqdarı nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2012-ci il təvəllüdlü Samirin və 2017-ci il təvəllüdlü Əkbərin yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşağa 100 manat olmaqla , cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 28 sentyabr 2012-ci il tarixdə anadan olmuş X4 və 03 fevral 2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar