Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-654/2022 07.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı cavabdeh Oğuz rayonu Filfilli Bələdiyyəsinə qarşı torpaq icarə müqaviləsinin uzadılması tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Oğuz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: İddiaçı cavabdeh Oğuz rayonu Filfilli Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən torpaq sahələrinin icarə müqaviləsinin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, hazırki iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilməmişdir. Eyni zamanda, iddiaçı hazırki iddia tələbində xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə istinad etsə də, həmin sənədlərin surətləri də işə əlavə edilməmiş, iddiaçının konkret olaraq hansı torpaq sahələrindən bəhs etdiyi və hansı icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etdiyi ərizədən bəlli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin və iş materiallarının ümumi məzmunundan görünür ki, hazırda iddiaçı torpaq icarə müqaviləsinin müddətinin uzadılmasını bələdiyyədən tələb edir və həmin torpaq sahələri bələdiyyə mülkiyyətindədir. Lakin iddiaçının torpaq icarə müqaviləsinin müddətinin uzadılması barədə ərizə ilə bələdiyyəyə müraciət edib-etməməsi, torpaq icarə müqaviləsinin müddətinin uzadılmasının mümkün olub-olmaması və ya bundan imtina edilməsinin səbəbləri barədə sənədlər iş materiallarında mövcud deyildir. Halbuki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair torpaq icarə müqaviləsi müqavilənin tərəfi olaraq yalnız bələdiyyə ilə bağlana bilər. Bununla da, iddiaçının hazırki tələbdə qeyd etdiyi məsələnin məhkəmədən kənar həll edilməsinin mümkün olub-olmadığı iş materiallarından müəyyən edilmir. Bələdiyyə belə bir müqavilənin bağlanmasından imtina etdikdə isə, iddiaçının həmin hərəkəti (qərarı) qanunsuz hesab etdiyi halda, bələdiyyənin hərəkət və ya hərəktsizliyi ilə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ yaranmış olur. İddiaçı isə icarə müqaviləsinin müddətinin uzadılması barədə tələblə mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia vermiş, bununla da, məhkəmədə baxılmalı olmayan bir tələb üzrə məhkəməyə müraciət etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü maddəsində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər: iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunan əsaslara görə hazırki tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh Oğuz rayonu Filfilli Bələdiyyəsinə qarşı torpaq icarə müqaviləsinin uzadılması tələbi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-654/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-654/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver