Məhkəmə qərarları › İş №2(054)-711/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-711/2024

13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-711/2024 13.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 13 dekabr 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-26 iyul 2011-ci il tarixdə anadan olmuş X1 və 24 yanvar 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancından hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 300 manat miqdarında təyin edilmiş alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 300 manat, cəmi 600 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Cavabdehə göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnərək məhkəməyə geri qaytarılmış, onun ünvanına uyğun olaraq ünvan 1işlərinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-64/2024 saylı və xx.xx.2024-cü il tarixli, 5-68-12/2-67/2024 saylı məktublarla Cavabdeh hazırda nümayəndəlik ərazisində yaşamadığını, əldə edilmiş məlumata görə Bakı şəhərində yaşadığını, şəxs əraziyə gələn kimi sənədlərin ona təqdim olunacağını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh 17 iyun 2011-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların 26 iyul 2011-ci il tarixdə Xədicə və 24 yanvar 2013-cü il tarixdə Sabir adlı övladları doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(054)-352/2018 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, cavabdehin qazancından hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Aliment təyin olunduqdan sonra 6 il keçib. Uşaqlar böyüyüb. Ehtiyacları artıb. İddiaçı uşaqlara baxmaqda çətinlik çəkir. Cavabdeh gömrükdə sürücü işləyir, qazancı çoxdur, lakin bununla bağlı rəsmi subutlar təqdim etmək mümkün deyil. İddiaçı cavabdehlə alimentin məbləği barədə danışıb. İddia tələbinin təmin olunması, hər uşağa 300 manat, cəmi 600 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, yaşayış yeri Oğuz rayonudur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2024-cü il tarixli, 60/12 saylı arayışından görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 31 nömrə ilə qeyd edilmiş, uşağın atası Cavabdeh, anası İddiaçıdır. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2024-cü il tarixli, 59/12 saylı arayışından görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2014cü il tarixdə 126 nömrə ilə qeyd edilmiş, uşağın atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-352/2018 saylı, 15 avqust 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayəsində qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında nikah pozulmuş, 26 iyul 2011-ci il tarixdə anadan olmuş X4 və 24 yanvar 2013-cü il tarixdə anadan olmuş X5 iddiaçının himayəsində saxlanmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. . “Elektron Məhkəmə” İnformasiya Sistemindən tərəflərin gəlirləri ilə bağlı çıxarılmış və işə əlavə edilmiş çıxarışlardan görünür ki, İddiaçı “X3” MMC-də marketinq üzrə mütəxəssis işləməklə aylıq əmək haqqı 1100 manat, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində sürücü (taksi) işləməklə aylıq əmək haqqı 432 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından 2011 və 2013-cü il təvəllüdlü iki övladı vardır. Oğuz Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqların saxlanması üçün cavabdehin qazancından cəmi 240 manat alimentin tutulması qət edilmişdir. İddiaçının aylıq gəliri 1100 manat, cavabdehin aylıq gəliri 432 manatdır. İddiaçının nümayəndəsi cavabdehin rəsmi əmək haqqından əlavə gəlirinin olduğunu, iddiaçının cavabdehlə bu barədə danışdığını bildirsə də bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehdən uşaqlar üçün cəmi 600 manat alimentin tutulmasını xahiş edir. Məhkəmə bildirir ki, valideynlərin qazancının olmaması, yaxud aşağı olması onların övladlarına qarşı öhdəliklərindən azad edilməsi üçün əsas deyil. Göründüyü kimi uşaqların saxlanması üçün alimentin təyin edilməsindən 6 ildən çox vaxt keçmiş, uşaqlar xeyli böyüdüyündən onların tələbatı da artmışdır. Bundan əlavə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun da məbləği artmışdır. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə hesab edir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan, hər bir uşağın valideyndən bərabər şəkildə maddi təminat almaq hüququ nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsi ədalətli və mümkündür. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların yaşı və minimal maddi ehtiyacları nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2011-ci ildə anadan olmuş Xədicə və 2013-cü ildə anadan olmuş Sabirin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşaq üçün 175 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 33,20 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 26 iyul 2011-ci il tarixdə anadan olmuş X1 və 24 yanvar 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 33,20 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar