Məhkəmə qərarları › İş №2(054)-73/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-73/2022

06.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-73/2022 06.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X2, Oğuz rayonu Qumlaq Bələdiyyəsinin nümayəndəsi - bələdiyyənin sədri X1 iştirakı ilə İddiaçı, Oğuz rayonu Qumlaq Bələdiyyəsi və “Azəriqaz” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıxüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlərin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı, Oğuz rayonu Qumlaq Bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qumlaq kəndində yerləşən, 19.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə əsasən mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,11 hektar həyətyanı torpaq sahəsi 1992-ci ildə onun istifadəsinə verilmişdir və həmin vaxtdan indiyədək onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına 19.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədi tərtib edilmişdir. Bir neçə ay əvvəl həyətyanı torpaq sahəsinə gedərkən həmin torpaq sahəsinə gedən, 30 il istifadə etdiyi yolun qazılaraq bağlandığının şahidi olmuş və bu məsələ ilə maraqlandıqda yolun Cavabdeh1 tərəfindən qazıldığı məlum olmuşdur. O, bununla bağlı Cavabdeh1 müraciət etdikdə həmin şəxs yolun onun evinin qarşısından keçdiyini, yoldan avtomobil keçən zaman toz olduğunu deyərək bu səbəbdən yolu bağladığını və açmayacağını bildirmişdir. Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı olmaqla, xeyli vaxtdır ki, mübahisəli ərazidə ev tikərək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Bundan sonra o, həmin məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Onun müraciətlərinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilən yolun yerləşdiyi ərazi bələdiyyənin ərazisi olmaqla, həmin yoldan ondan başqa digər kənd sakinləri də istifadə edirlər. Cavabdeh yolu açmadığına görə o, məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, gediş-gəliş yolunun cavabdehin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş məhkəmənin icraatında olduğu müddətdə iddiaçı məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Oğuz rayonu Qumlaq kənd sakini Cavabdeh2 yolun digər hissəsindən öz həyətinə qaz xətti çəkdirərək yolu Cavabdeh1 bağladığı yerdən müəyyən məsafədə, başqa ərazidən bağlamışdır. Ona görə də Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini, xüsusi mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə avtomobillər və piyadalar üçün gediş-gəliş yolunun cavabdehlərin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının vəsatəti əsasında Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilmişdir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının açılmasını tələb etdiyi gediş-gəliş yolunun üzərindən təbii qazın nəqli üçün quraşdırılmış xətt - qaz borusu kəməri keçir. Belə olan halda, iddia tələbi “Azəriqaz” İstehsalat Birliyinin də hüquq və mənafelərinə toxuna biləcəyinə görə məhkəmənin 03.03.2022-ci il tarixli qərardadına əsasən “Azəriqaz” İstehsalat Birliyi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, onun qeyd etdiyi ərazidə əvvəllər yol mövcud olmuş və o, 30 ilə yaxın həmin yoldan istifadə etmişdir. Cavabdehlər 2021-ci ilin sonlarında yolu qazaraq bağladıqlarına görə onun öz torpaq sahəsinə gedən yolu 1-2 kilometr uzanmışdır. Bu səbəbdən onun öz həyətyanı torpaq sahəsinə gediş-gəlişi çətinləşmişdir. Həyətyanı torpaq sahəsinə gedən yolun keçdiyi torpaq sahəsi Oğuz rayonu Qumlaq Bələdiyyəsinin ərazisinə aid olsa da, həmin yoldan o özü də istifadə etdiyindən cavabdehlərin hərəkətləri nəticəsində onun yoldan istifadə etmək hüquqları məhdudlaşmışdır. O, cavabdehlərə müraciət edərək həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılmasına maneə törədilməməsini xahiş etmiş, lakin cavabdehlər yoldan keçən avtomobillərin toz yaratdığını bildirərək yolun açılmasına etiraz etmişlər. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili X4 məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının Cavabdeh1 iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh1 nümayəndəsi və vəkili X4 həmin cavabdehə qarşı olan iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı olsa da, faktiki olaraq ailə üzvləri ilə birlikdə Oğuz rayonu Qumlaq kəndində yaşayır. İddiaçının yol açılmasını tələb etdiyi ərazi bələdiyyə mülkiyyətinə aid olan ərazi olsa da, əvvəllər həmin ərazidə belə bir yol mövcud olmamışdır. Cavabdeh1 əvvəllər mövcud olmuş hər hansı yolu bağlamamışdır. Ona görə də iddiaçının Cavabdeh1 qarşı olan hazırki iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və vəsatət təqdim etməmişdir. Məhkəmə həmin cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz rayon Qumlaq Bələdiyyəsinin nümayəndəsi - bələdiyyənin sədri X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən, iddiaçının yol açılmasını tələb etdiyi ərazi bələdiyyə mülkiyyətinə aid olan ərazidir. Belə ki, həmin ərazinin mülkiyyət hüququnu tanıyan sənədləri mövcud olmasa da, qeyd olunan ərazi dövlət mülkiyyətinə ayrılan və ya xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinə aid olmadığından bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsi hesab edilir. Həmin ərazidən müəyyən vaxtlarda gediş-gəliş yolu kimi istifadə edilmişdir. Ancaq iddiaçının mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə onun iddia etdiyi ərazidən heç vaxt sənəd üzrə gediş-gəliş yolu mövcud olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və vəsatət təqdim etməmişdir. Məhkəmə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş 19.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinin və həmin tarixli A 497568 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən müəyyən edilir ki, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,11 hektar həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətindədir, qeyd edilən torpaq sahəsinə dair onların adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş müraciətə cavab məktublarından müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə gedən yolun bağlanması ilə bağlı müvafiq orqanlara şifahi və yazılı müraciətlər etmiş, onun müraciətlərinə cavab olaraq həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mülki işin məhkəmə araşdırılması ilə əlaqədar iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun hansı ərazidən keçdiyi, mübahisə predmetinə aid olan ərazidə sənəd üzrə yol mövcud olubolmadığı, əgər yol mövcud olmuşdursa, həmin yolun (və ya bir hissəsinin) hazırki iş üzrə cavabdehlər və ya digər şəxslər tərəfindən bağlanıb-bağlanmadığını, həmin şəxslər tərəfindən yoldan istifadəyə maneələr törədilib-törədilmədiyini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş 04.04.2022-ci il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən edilmişdir ki, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən, 19.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində göstərilən 0,1082 hektar həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu yerquruluğu planında qeyd olunmuşdur. İddiaçının etdiyi, hazırki iş üzrə mübahisə predmetinə aid olan ərazidən sənəd üzrə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95,00 manat təşkil edir). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəmə iclasında mütəxəssis qismində iştirak edən nümayəndəsi İlkin Əzizov da məhkəmə iclasında mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə bağlı izah (şərh) verərək göstərdi ki, iddiaçıya məxsus 0,11 hektar həyətyanı torpaq sahəsində onun qeyd etdiyi ərazidən sənəd üzrə gediş-gəliş yolu mövcud deyildir. İddiaçının iddia etdiyi gediş-gəliş yolunun kiçik bir hissəsi 10-15 il əvvəl təbii qazın nəqli üçün quraşdırılmış xətt - qaz borusu kəmərinə görə bağlanmışdır. İddiaçıya məxsus 0,11 hektar torpaq sahəsinə sənəd üzrə olan gediş-gəliş yolu iddiaçının qeyd etdiyi ərazidən tamamilə fərqli bir ərazidə yerləşir və hazırda da həmin yoldan istifadə edilir. İş materiallarına əlavə edilmiş 16.04.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, müayinə və tədqiqatın dəyəri olan 95,00 manat iddiaçı tərəfindən ödənilmişdir İş materiallarına əlavə edilmiş 15.12.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 100,00 manat dövlət rüsumu ödəmişdir.Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,11 hektar həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair onların adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. Hazırda iddiaçı Oğuz rayonu Qumlaq kəndində yerləşən, özünün və ailə üzvlərinin mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlərin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı hazırki iddia tələbinin əsası kimi özünün və ailə üzvlərinin adına tərtib edilmiş mülkiyyət hüququnu tanıyan sənədlərə, müvafiq orqanlar etdiyi müraciətlərin cavablarına, qeyd olunan əraziyə aid fotoşəkillərə istinad edir və həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kimi 30 ilə yaxın müddət ərzində istifadə etdiyi yolun cavabdehlər tərəfindən qazılaraq bağlandığını iddia edir. Cavabdeh1 isə iddiaçının yol açılmasını tələb etdiyi ərazidə əvvəllər yol mövcud olmadığını, əvvəllər mövcud olmuş hər hansı yolu bağlamadığını, ona görə də hazırki iddia tələbini əsassız hesab etdiyini bildirməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iddia tələbinə etirazlarının əsası kimi əraziyə baxış keçirilməsinin nəticələrinə dair mütəxəssis rəyinə istinad edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayon Qumlaq Bələdiyyəsi iddiaçının yol açılmasını tələb etdiyi ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi hesab edildiyini, həmin ərazidən müəyyən vaxtlarda gediş-gəliş yolu kimi istifadə edildiyini, ancaq iddiaçının mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə onun iddia etdiyi ərazidən heç vaxt sənəd üzrə gediş-gəliş yolu mövcud olmadığını bildirir. Digər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş “Azəriqaz” İstehsalat Birliyi məhkəməyə gəlməmiş və iddia tələbinə münasibət bildirməmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı Oğuz rayonu Qumlaq kəndində yerləşən, özünün və ailə üzvlərinin mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə gedən, bələdiyyə mülkiyyətinə aid olan ərazidən keçən yolun cavabdehlər tərəfindən qeyri-qanuni olaraq bağlandığını iddia etsə də, onun hazırki iddia tələbinin əsası kimi istinad edərək naturada göstərdiyi ərazidə sənəd üzrə gediş-gəliş yolu mövcud olmadığı, qeyd olunan torpaq sahəsinə sənəd üzrə olan gedişgəliş yolunun iddiaçının qeyd etdiyi ərazidən tamamilə fərqli bir ərazidə yerləşdiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0, 4.0.1 və 4.0.11-ci maddələrinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək səlahiyyətləri vardır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə araşdırdığı faktlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, iddiaçının göstərdiyi ərazidə sənəd üzrə gediş-gəliş yolu mövcud olmadığından, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,11 hektar torpaq sahəsinə sənəd üzrə mövcud olan gediş-gəliş yolunun isə cavabdehlər tərəfindən qeyri-qanuni olaraq bağlandığı sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, həmin iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100,00 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iş üzrə müayinə və tədqiqat xərci olan, iddiaçı tərəfindən ödənilmiş 95,00 manat məbləğin də iddiaçının özünə aid edilməsini qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı, Oğuz rayonu Qumlaq Bələdiyyəsi və “Azəriqaz” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Oğuz rayonu Qumlaq kəndində yerləşən, 19.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlərin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği, həmçinin, iş üzrə mütəxəssis rəyi verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat müayinə və tədqiqat xərci iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar