Məhkəmə qərarları › İş №2(054)-76/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-76/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-76/2025 19.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 5050 manat məbləğində borcun, hüquqi yardım üçün vəkilə ödənilmiş 400 manat pulun və 70,50 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair mülki işə 19 mart 2025-ci il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təsviri hissə: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 5050 manat məbləğində borcun və 70,50 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək cavabdehdən 5050 manat borcun, hüquqi yardım üçün vəkilə ödənilmiş 400 manat pulun və 70,50 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh həmkəndlisi olmaqla onunla normal münasibətləri olmuşdur. 2024-cü ilin yay mövsümünün axırlarında cavabdeh ondan borc istəmiş, 2 ay ərzində hissələrlə-3 dəfəyə olmaqla 5050 manat pulu cavabdehə vermişdir. Cavabdeh yaxşı usta olduğundan və işləri çox olduğundan fürsətdən istifadə edib, onunla verdiyi pulun müqabilində evində təmir işlərinin görüləcəyi barədə razılaşmışlar. Cavabdeh ölçü işləri aparmış, lazımi tikinti materiallarının siyahısını yazmış, lakin gəlib işləməmişdir. Buna görə də cavabdehdən borcunu geri istəmişdir, lakin cavabdeh bundan yayınmışdır. Məcbur olub ondan polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsinin araşdırması ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin ona borclu olması ilə bağlı səs yazıları və mesajlar da vardır. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının iddiası təqdim edilmiş sübutlarla öz əksini tapır. Cavabdehin ona borclu olması votsap sosial şəbəkəsində tərəflər arasında aparılan danışıqlar və mesajlardan görünür, belə ki, məhz cavabdeh özü şəxsən səsli mesajla 2024-cü ilin oktyabr ayında 5050 manat pulu iddiaçıya verəcəyini bildirir. İddia tələbini müdafiə edir, bundan əlavə iddia həcminin artırılması barədə ərizə təqdim edərək 5050 manat borc pul və 70,50 manat dövlət rüsumu ilə birlikdə hüquqi yardım üçün vəkilə ödənilmiş 400 manat vəsaitin də cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını istəyir. İddianın həmin məbləğdə təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı onu evin təmiri ilə bağlı dəvət etmiş, ölçü işləri aparmasını xahiş etmişdir. O isə iddiaçıdan təqribən 3000 manat pul almışdır. İddiaçı yolda onu görüb demişdir ki, “bu qədər pulu necə qaytaracaqsan”. Pulun məbləğini soruşduqda iddiaçı ona 5050 manat qaytarmalı olduğunu demişdir. İddiaçıya borcunun bu qədər olmadığını bildirmişdir. 1500 manat kredit almış, pay torpağını 5 illik icarəyə qoyaraq qalan pulu da vermişdir. Bütün bu işləri şifahi qaydada etmiş, sənəd və qəbz almamışdır. Əsəbləri pozulub, alkoqollu içkilər qəbul etdiyindən özü könüllü olaraq müalicə üçün Respublika Narkoloji Dispanserə müraciət edib. Hazırda özünü yaxşı hiss edir. İddiaçının bir otağını təmir edib, ona 250 manat hörmət edib. İddiaçının təqdim etdiyi səs yazısına qulaq asıb. Özü sübut təqdim edə bilmədiyindən səsin ona aid olduğu və 5050 manat pulu iddiaçıya qaytarmalı olduğunu etiraf etdiyindən iddia tələbini qəbul edir, lakin vəkilə verilmiş 400 manat xidmət pulunun ondan tutulmasını istəmir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, habelə cavabdehi dinləyib iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikası Oğuz rayonunda anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Calud kəndidir. Oğuz rayon Polis şöbəsinin işə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında MK-1/714 saylı materialının surətindən görünür ki, Oğuz rayon Calud kənd sakini İddiaçı Qabil adlı şəxsə 5050 manat borc pul verməsi və sonra pulu ala bilməməsi barədə ərizəsi araşdırılmış, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşə əlavə edilmiş audio disk dinlənilərkən cavabdehin votsap vasitəsilə iddiaçıya göndərdiyi səs yazısı ilə ona 5050 manat pul borcunun olduğu və həmin məbləği oktyabr ayında ödəyəcəyini etiraf etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci mqddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması ilə müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında olan tanışlıq münasibətlərinə uyğun olaraq iddiaçı cavabdehdən onun evini təmir etməyi xahiş etmiş, cavabdeh isə ondan borc pul istəmişdir. İddiaçı borc pulun əvəzində evinin təmirinin aparılacağı ilə bağlı cavabdehlə razıalşmış, 2024-cü ilin yayın sonunda ona hissələrlə 5050 manat borc pul vermişdir. Cavabdeh razılaşmanı pozaraq evin təmiri ilə məşğul olmadığından tərəflər arasında borc münasibətləri yaranmışdır. İddiaçı cavabdehin ona 5050 manat pulu qaytarmaması ilə bağlı ərizə ilə polis şöbəsinə müraciət etmiş,araşdırmadan sonra cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə icraatı gedişində iddiaçı cavabdehlə votsap vasitəsilə 5050 manat borcun etirafı ilə bağlı danışığına dair səs yazıları köçürülmüş audio diski təqdim etmiş, cavabdeh həmin səs yazısının ona məxsus olduğunu etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi sübutlarla təsdiq edildiyindən iddia tələbi 5050 manat borc pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 400 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 5937 saylı ödəniş qəbzindən görünür ki, Oğuz şəhərində “e-manat” vasitəsilə İddiaçı tərəfindən Nümayəndə ******************** saylı hesabına 400 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş ağlabatan məbləğ 200 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun ödənilmiş 70,40 manat dövlət rüsumu Cavabdeh tutulub iddiaçıya verilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5050 ( min iki yüz ) manat borc pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat və 70,40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat və 0,10 manat dövlət rüsumu hissələrində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar