Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-90/2024 15.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Salehzadə Ümman Tofiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən borca görə 42000 manat pulun alınıb verilməsi tələbinə dair mülki işə 15 fevral 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən borca görə 42000 manat pulun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı və cavabdeh məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə SMS bildiriş, mobil telefon vasitəsilə, habelə elektron kabinet vasitəsilə məlumat verilmişdir. Bundan əlavə cavabdehin iş materiallarında qeyd olunan ünvanı üzrə ünvan 1 cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-3/2024 saylı məktubla Cavabdeh qeydiyyatda olmasına baxmayaraq hal-hazırda kənddə yaşamadığını, məhkəmə sənədinin nümayəndəlikdə saxlanıldığını, məhkəmə sənədi vətəndaşa çatdırılan kimi məhkəməyə məlumat veriləcəyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkilinin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdehə 42000 manat məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə görə cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq 42 ay ərzində hər ay 1000 manat ödəmək şərtilə borcunu xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə bununla bağlı məktub da ünvanlanmış, borcun ödənilməsi xahiş olunmuşdur, lakin cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Nümayəndə 42000 manat borcun və ödənilmiş 217,00 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin işə əlavə olunmuş xx.xx.2023cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Xaçmaz kəndidir. Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-564 nömrə ilə qeyd edilmiş və işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 42000 manat məbləğində borc vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixdən başlayaraq 42 ay müddətində hər ay 1000 manat ödəmək şərtilə xx.xx.2025-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit faizsiz verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (739-740-cı maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatı və təqdim olunmuş sənədlərlə müəyyən edildiyi kimi iddiaçı və cavabdeh arasında 42000 manat borcla bağlı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borc alan pulu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 1000 manat olmaqla xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, borcun qaytarılması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən cavabdehə verilmiş 42000 manat borc pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 217 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh borca görə 42000 (qırx iki min) manat pul, 217 (iki yüz on yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-90/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-90/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver