Məhkəmə qərarları › İş №2(055)-1020/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1020/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1020/2025 14.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2340 manat pulun, 44 manat ödənilmiş dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəmi 2484 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X5 iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə qonşu kənddə yaşamaqla həmişə münasibətləri yaxşı olmuşdur. 01 fevral 2023-cü ildə cavabdeh ondan 3253 manat borc pul almış və həmin vaxt ona öz pensiya kartını vermişdir ki, borcu ödənilənə kimi kart onda qalmışdır. Cavabdeh bu barədə qəbz yazıb öz imzası ilə təsdiq edərək ona vermişdir. Bundan sonra, 01 iyun 2023-cü ildə cavabdeh ondan nisiyə olaraq 680 ədəd hər birinuin dəyəri 3 manat 60 qəpik olmaqla (2448 manat dəyərində) yonca presi almışdır. Bundan sonra, 01 iyun 2023-cü ildə cavabdeh ondan 4360 manat borc pul almış və hər ay 350 manat kartından pul çıxarmaq üçün kartını vermişdir. Bundan sonra, 08 sentyabr 2023-cü ildə cavabdeh ondan nisiyə olaraq 358 ədəd hər birinin dəyəri 4 manat 10 qəpik olmaqla (1467 manat dəyərində) yonca presi almışdır. Ümumilikdə yuxarıda qeyd edilənlərə görə cavabdehin ona 11.528 manat 80 qəpik borcu olmuş, həmin borcdan 9.188 manat 80 qəpik hissə-hissə ödəyərək hal-hazıra olan müddətdə 2.340 manat borcu qalmışdır. Cavabdeh borc borcunun sıxılması üçün ona verdiyi plastik kartı da üç dəfə bağlatdırmışdır. Əvvəllər yəni, 2020-ci il tarixdə cavabdeh ondan 1.38 ha, 0.86 ha torpaq sahəsi, bir ədəd motosiklet və bir ədəd “Moskviç” markalı avtomobil almışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona borclu qaldığı 2.340 manat pulu hal-hazıra kimi ödəməmişdir. Borcu ödəməkdən yayınmaq üçün cavabdeh ondan əsassız olaraq polis şöbəsinə ərizə yazmış, onun yazdıqları araşdırma zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçı X1 3253 manat borc pul almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçı X1 hər birinin qiyməti üç manat altımış qəpik olmaqla 680 ədəd ot presi aldığını və 2448 manat verəcəyi olduğunu qeyd etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçı X1 4360 manat borc pul almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçı X1 hər birinin qiyməti dörd manat on qəpik olmaqla 358 ədəd ot presi aldığını və 1467 manat verəcəyi olduğunu qeyd etmişdir. İşdə olan iddiaçı X2 məhkəməyə təqdim etdiyi diskdə olan danışqdan müəyyən olunur ki, Cavabdeh ilə iddiaçı X2 telefon danışığı zamanı Yəhya Elçinə 2340 manat borclu olduğunu etiraf etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışı zamanı iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X1 müxtəlif vaxtlarda hə nəğd şəkildə borc almış, həm də müxtəlif nəqliyyat vasitələri, ot presi almışdır. Bunun nəticəsində də, cavabdehin iddiaçıya 11528 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən həmin borcdan ödənilsə də, hazırda 2340 manat borc qalmış, lakin cavabdeh iddiaçıya olan borcunu bu vaxta kimi qaytarmamışdır. Ona görə də iddiaçı X5 2340 manat borcun cavabdehdən alınaraq ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi diskdəki olan səs yazısını mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddiaçı X5 Cavabdeh 2340 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2340 manat pul alınaraq iddiaçı X3 verilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün X5 tərəfindən 100 manat dövlət rüsumu, 44 manat vəkilin xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinin tələbinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 44 manat hissəsi və 44 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməli, artıq ödənilmiş 56 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2340 (iki min üç yüz qırx) manat borc alınaraq iddiaçı X3 verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44 manat dövlət rüsumu və 44 manat xidmət haqqı, cəmi 88 (səksən səkkiz) manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Saatlı Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 56 manat hissəsi X3 geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar