Məhkəmə qərarları › İş №2(055)-1179/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1179/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1179/2023 29.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2690 manat pulun, 80 manat vəkil xidmət haqqının və 47 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 17 fevral 2023-cü il tarixdə 10 ay müddətə hər ay 150 manat qaytarmaq şərtilə ondan 1500 manat pul almış və həmin məbləğin alınması barədə qəbz yazaraq imzalamışdır. 04 may 2023-cü il tarixdə Röyal yenidən 10 ay müddətə hər ay 190 manat qaytarmaq şərtilə ondan 1900 manat borc pul almış və həmin məbləğin alınması barədə qəbz yazaraq imzalamışdır. Pulu Röyala verdikdən sonra sonuncu özünə məxsus olan əmək haqqı kartını ona vermiş və bu barədə qəbzdə göstərilmişdir. Bundan əlavə 31 iyun 2023-cü il tarixdə Röyal Saatlı rayonu ərazisində yerləşən “Aysən” şadlıq evində övladına toy etmiş, toyda ziyana düşdüyündən ondan yenidən 800 manat borc pul almışdır. Röyalın ondan borc pul almasına həmin vaxt toyda iştirak edən Röyalın iş yoldaşları Təbriz və Yaşar da şahidlik etmiş və onlar da bu barədə sənəd imzalamışlar. Ümumilikdə Röyal ondan 4200 manat borc pul almış, həmin məbləğdən müxtəlif vaxtlarda cəmi 1510 manat qaytararaq yekun olaraq ona 2690 manat pul borclu qalmışdır. Röyaldan borcunu dəfələrlə tələb etməsinə baxmayaraq sonuncunun müxtəlif bəhanələrlə borcunu verməkdən imtina etməsi səbəbindən bu barədə Röyalın işlədiyi X2 Şöbəsinin rəhbərliyinə müraciət etmiş, Röyal həmin vaxt izahat verərəkən ona pul borcu olduğunu etiraf etmişdir. Röyal borcunu qaytarmadığından məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onn iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 31 iyun 2023-cü il tarixdə iş yoldaşı Röyalın övladının Saatlı rayonu ərazisində yerləşən “Aysən” şadlıq sarayında toyunda iştirak etmişdir. Toy qurtardıqda Röyal şadlıq sarayına borclu qaldığından Elçinə zəng vuraraq ona 800 manat borc pul lazım olduğunu bildirmişdir. Təxminən yarım saat sonra Elçin şəxsi avtomobili ilə həmin şadlıq sarayının qarşısına gələrək 800 manat pulu Röyala vermişdir. Elçinin həmin məbləğdə pulu Röyala verməsini şəxsən görmüş və bu barədə digər iş yoldaşı Təbrizlə sənəd tərtib edərək imzalamışlar. İşdə olan 17 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 17 fevral 2023-cü il tarixdə İddiaçı 10 ay müddətə, hər ay 150 manat qaytarmaq şərtilə cəmi 1500 manat borc pul almışdır. İşdə olan 04 may 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 04 may 2023cü il tarixdə İddiaçı 10 ay müddətə, hər ay 190 manat qaytarmaq şərtilə cəmi 1900 manat borc pul almışdır. İşdə olan X4 və X1 iştirakı ilə tərtib olunmuş 01 iyul 2023-cü il tarixli sənəddən görünür ki, Cavabdeh 31 iyun 2023-cü il tarixdə İddiaçı 800 manat borc pul almışdır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahidin ifadəsi və işdə olan sənədlərlə cavabdehin iddiaçıya 2690 manat borclu olması halı öz təsdiqini tapmışdır. Buradan da görünür ki, İddiaçı Cavabdeh 2690 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 2690 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 47 manat dövlət rüsumu və 80 manat vəkil xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47 manat dövlət rüsumu və 80 manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2690 manat pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47 manat dövlət rüsumu və 80 manat vəkil xidmət haqqı, cəmi 2817(iki min səkkiz yüz on yeddi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür çıxarış İş № 2(055)-1179/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 29 noyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2690 manat pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47 manat dövlət rüsumu və 80 manat vəkil xidmət haqqı, cəmi 2817(iki min səkkiz yüz on yeddi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar