Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-118/2024 13.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2367 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 2019-cu ilin iyun ayında ona məxsus olan və Sabirabad Kolxoz bazarında yerləşən mağazaya gələrək 3367 manat dəyərində cehiz mallarını almış, həmin məbləğin 800 manatını dərhal vermiş, qalan 2567 manatını isə 5 ay müddətinə qaytaracağını bildirmişdir. Cavabdeh borclu qaldığı 2567 manat puldan hal-hazıradək cəmi 200 manat ödəniş etmiş, qalan 2367 manatı isə qaytarmamışdır. Bu barədə özündə də qeydiyyat aparmışdır. Dəfələrlə cavabdehdən borcunu tələb etsə də, müsbət nəticə əldə etməmişdir. Odur ki, məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin dedikləri isə yalandır. O nə faiz hesablamaqla mal satır, nə də ki, cavabdeh ona sonradan pul vermişdir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də, 2019-cu ilin iyun ayında qızı ailə qurarkən iddiaçıya məxsus Sabirabad Kolxoz bazarında yerləşən mağazaya gələrək 3367 manat dəyərində cehiz mallarını iddiaçıdan nisyə almış və həmin ilin payızında pulunu qaytaracağını bildirmişdir. Həmin məbləğin 800 manatını toydan yığılmış puldan qaldığı üçün malları aldığı vaxtdan təxminən 10 gün sonra qaytarmış, qalan 2567 manatını isə imkanı olmadığından qaytara bilməmişdir. Yalnız 2023-cü ilin avqust ayında bostan əkinindən sonra pulu olduğundan iddiaçının dükanına gedib ikisi birlikdə olarkən 2567 manat pulu iddiaçıya qaytarmışdır. İddiaçı həmin vaxt pulun gec qaytarılmasına görə 100 faiz həcmində faiz hesabladığını bildirmiş, o da razılaşmayıb etrazını bildirmişdir. Sonradan iddiaçıya əlavə olaraq 200 manat faiz pulu vermişdir. Beləliklə də, həm malların dəyəri olan 2567 manat pulu iddiaçıya qaytarmış, həm də faiz olaraq 200 manat əlavə pul vermişdir. Hazırda onun iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. İddiaçının hazırda tələb etdiyi məbləğ hesablanmış faizdir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, əvvəllər iddiaçının mağazasında işçi olmuş, yaxın vaxtlarda işdən çıxmışdır. Cavabdeh, həqiqətən də, 2019-cu ilin iyun ayında qızı ailə qurarkən iddiaçıya məxsus Sabirabad Kolxoz bazarında yerləşən mağazaya gələrək 3367 manat dəyərində cehiz mallarını iddiaçıdan nisyə almış və həmin ilin payızında pulunu qaytaracağını bildirmişdir. Cavabdehin aldığı malları şəxsən özü ayırıb yığmışdır. Hətta 2023-cü ildə iddiaçının tapşırığı əsasında malların pulunu almaq üçün cavabdehin yaşadığı ünvana getmiş, lakin cavabdeh evdə olmamışdır. Lakin cavabdehin sonradan borcunu qaytarıb-qaytarmaması barədə dəqiq məlumatı yoxdur. İddiaçının bildirdiyinə görə cavabdehin hazırda 2367 manat borcu qalmışdır. İşdə olan nisyə satılmış mallara görə ödənişlərin qeyd olunduğu dəftərdən çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 200 manat ödəniş edilmiş, 2367 manat borc qalmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını, şahidin ifadəsini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin yuxarıda göstərilən halları tərəflər arasında 2019-cu ildə nisyə alğı-satqı münasibətlərinin yaranmasını göstərir. İddia tələbinin əsaslılığına gəlincə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Cavabdeh məhkəmə baxışı zamanı verdiyi izahatında iddiaçıdan nisyə aldığı malların pulunu qaytardığını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin etirazının əsas dəlilinə münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə göstərdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlilləri tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Beləliklə də, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya 2367 manat borclu olması iddiaçının izahatı, iş materialları və şahidin ifadəsi ilə bir daha öz təsdiqini tapmışdır. Buradan da görünür ki, İddiaçı Cavabdeh 2367 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 2367 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı 43.70 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43.70 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2367 manat borc və 43.70 manat ödənilmiş dövlət rüsumu, cəmi 2410 (iki min dörd yüz on) manat 70 (yetmiş) qəpik pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-118/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 13 fevral 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq..... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2367 manat borc və 43.70 manat ödənilmiş dövlət rüsumu, cəmi 2410 (iki min dörd yüz on) manat 70 (yetmiş) qəpik pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-118/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-118/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver