Məhkəmə qərarları › İş №2(055)-120/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-120/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-120/2024 28.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3448 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Sabirabad rayon kolxoz bazarında özünə məxsus kənd təsərrüfatı mallarının satışı mağazası vardır. Saatlı rayon Yeni Novruzlu kənd sakini, əvvəllər tanıdığı Cavabdeh 2021ci ilin fevral ayında onun mağazasından bostan əkmək üçün 1014 kq, yəni 3448 manat dəyərində sellofan almış, pulunu isə əkindən sonra avqust ayınadək qaytaracığını demişdir. Kamran əvvəl də mağazasından mal aldığı üçün ona həmin malı nisyə verməyə etiraz etməmişdir. Lakin əkindən sonra Kamranın borcu qaytarmadığını görüb ondan 3448 manat borcunu tələb etməyə başlamışdır. Kamran müxtəlif bəhanələr gətirərək borcunu ona qaytarmamış, o da məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də Saatlı rayonu Yeni Novruzlu kənd sakini Cavabdeh 3448 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı həmçinin izahatında göstərdi ki, onun Sabirabad rayonu Bulaqlı kəndində mağazası olmuşdur, amma üç ildir ki, həmin mağaza işləmir. Onun guya cavabdehlə telefonla danışıb onu Bulaqlı kəndində olan mağazasına çağırması və orada cavabdehin 3448 manat borcundan 3000 manat qaytarması barədə göstərdikləri yalandır. O, Kamranla telefonla danışıb onu Bulaqlı kəndində olan mağazasına çağırmamış, nə də Kamran onunla orada görüşüb 3000 manat pulu ona verməmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2021-ci ilin fevral ayında İddiaçı mağazasından bostan əkmək üçün 3448 manat dəyərində sellofan almışdır və malın pulunu qarpız əkinindən sonra həmin ilin avqust ayında qaytarmalı olmuşdur. Lakin əkdiyi qarpız məhsulundan ziyana düşdüyü üçün borcunu dediyi vaxtda qaytara bilməmişdir. İddiaçı ondan borcunu tələb etməyə başlamış, o da səbirli olmasını, borcunu qaytaracağını demişdir. 2023-cü ilin sentyabr ayının axırı, oktyabr ayının əvvəlində borcundan qaytarmaq üçün iddiaçıya telefonla zəng etmiş, iddiaçı ona Sabirabad rayon Bulaqlı kəndində yerləşən mağazasında olduğunu, oraya gəlməsini, pulu verməsini demişdir. O da Sabirabad rayon Qasımbəyli kənd sakini, el arasında Nurlan adlandırdıqları, lakin əsl adı Əhəd olan Nurlan Əmiraslanovun maşını ilə oraya getmiş, Nurlan maşından düşməmiş, o özü maşından düşüb təxminən 20-30 metr aralıda 3448 manat borcundan 3000 manatı İddiaçı vermişdir. O, 3000 manat pulu iddiaçıya verəndə yanlarında heç kim olmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı bacısının yoldaşıdır, Cavabdeh isə mağazadan mal alan müştəri kimi tanımışdır. 2021-ci ilin fevral ayında Cavabdeh İddiaçı Sabirabad bazarında yerləşən kənd təsərrüfatı mağazasından sellofan almasını həmin mağazanın satıcısı kimi görmüşdür və həmin malların maşına yüklənməsinə köməklik edərək Kamrana təhvil verilməsində iştirak etmişdir. Lakin Kamranın o vaxt aldığı 3448 manat dəyərində malın pulunu qaytarmadığını Cəsarətdən eşitmişdir. 2023-cü ilin oktyabr ayına qədər həmin mağazada işləmişdir və Kamranın Cəsarətə olan 3448 manat borcunu qaytarmadığını dəqiq bilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Cavabdeh ilə qonşu kəndlərdə yaşayırlar. İddiaçını isə bircə dəfə kənardan görmüşdür. 2023-cü ilin sentyabr ayının axırlarında Kamran ona sellofan mağazasına borcu olduğunu, həmin borcdan 2000 manat özündən ödəyə biləcəyini bildirmiş, ondan kömək etməsini istəmiş və 1000 manat borc almışdır. O, öz maşını ilə Kamranla birgə Sabirabad rayonuna getmişlər, Sabirabad rayonunda mərkəzi xəstəxanadan bir qədər irəlidə yolun sol tərəfində yerləşən meyvə-tərəvəz mağazası ilə üzbəüz yolun sağ tərəfində yerləşən sellofan mağazasına tərəf getmişlər. O, mağazadan təxminən 40-50 metr aralıda maşını saxlamış və orada gözləmişdir. Kamran isə 3000 manat pulu götürüb gedərək iddiaçı ilə görüşmüşdür. O, İddiaçı ilk dəfə orada görmüş, lakin uzaqdan gördüyü üçün üzünü tam görməmiş, sadəcə uzun boylu bir adam olduğunu bilmişdir. Ona görə də Cəsarətin üzü onun yadında deyil. Kamran ona borclu olduğu mağazanın sahibinin adının Cəsarət olduğunu deməmiş, demişdirsə də, onun yadında qalmamışdır. Həmin vaxt cavabdeh iddiaçı ilə görüşdükdə onların arasında nə söhbət olduğunu bilməmiş, onlar 5-10 dəqiqə söhbət etdikdən sonra Kamran maşına qayıtmış və iddiaçı ilə razılaşdıqlarını demişdir. Kamran ona olan 1000 manat borcunu isə 2023-cü ilin dekabr ayında qaytarmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir İşin araşdırılan halları, iddiaçının və cavabdehin izahatları və şahidlərin ifadələri ilə müəyyən olundu ki, Cavabdeh 2021-ci ildə İddiaçı 3448 manat dəyərində olan sellofan örtük almış, həmin sellofan örtüyün pulunu həmin ilin avqust ayında verəcəyini bildirmişdir. Lakin bu vaxtadək iddiaçıya olan 3448 manat borcunu qaytarmamışdır. Cavabdeh iddiaçıdan 3448 manat müqabilində mal aldığını qəbul etsə də, iddianı qismən qəbul edərək iddiaçıya 3000 manat pulu ödədiyini, sadəcə 448 manat borclu qaldığını göstərmişdir. Cavabdeh 2023-cü ilin sentyabr ayının axırlarında iddiaçıya olan 3448 manat borcdan 3000 manat ödəniş etdiyini bildirsə də, məhkəməyə göstərdiklərini təsdiq edən, yəni həqiqətən də, onun iddiaçıya 3000 manat pul verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 isə Cavabdeh 2023-cü ilin sentyabr ayının axırlarında ondan 1000 manat borc almasını, cavabdehin özünün isə 2000 manat pulu olmasını və cavabdehin ondan aldığı 1000 manatla birgə 3000 manatı borclu olduğu şəxsə verəcəyini bildirdiyini göstərmiş, lakin Əhəd Əmiraslanov cavabdehin 3000 manat pulu İddiaçı verməsini görməmişdir. Buna görə də şahid X1 ifadəsi cavabdehin iddiaçıya 3000 manat pulu verməsini təsdiq edən sübut hesab edilə bilməz. Odur ki, Cavabdeh iddiaçıya 3448 manat borcdan 3000 manat ödəməsi və 448 manat borclu qalması halı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı isə Cavabdeh ona 3448 manat borcunun olmasını məhkəmə iclasında sübut edə bilmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 3448 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 3448 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 24 oktyabr 2023-cü il tarixli, 29 noyabr 2023-cü il tarixli mədaxil qəbzlərindən və 23 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 54,48 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54,48 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 3448 (üç min dörd yüz qırx səkkiz) manat alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54 (əlli dörd) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar