Məhkəmə qərarları › İş №2(055)-1228/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1228/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1228/2024 04.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4700 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 qohumu, Cavabdeh2 isə X1 həyat yoldaşıdır. O, Saatlı rayonunda yaşadığı müddət ərzində cavabdehlərlə ailəliklə yaxın münasibətdə olmuşlar. Bir neçə dəfə maddi və mənəvi cəhətdən Cavabdeh1 köməklik göstərmişdir. Cavabdeh1 2023-cü ilin dekabr ayında maddi çətinliyi səbəbindən 2000 manat borc pul vermişdir. Bir neçə müddət sonra borclu olduğu məbləğdən 300 manat ödəməklə 1700 manat borcu qalmışdır. Sonradan Cavabdeh1 ondan 3000 manat əri Cavabdeh2 üçün borc pul lazım olduğunu, kredit götürərək yaxın günlərdə ödəyəcəyi barədə vəd vermişdir. Lakin Cavabdeh2 müəllimlərin tədrisinin davam etdirilməsi məqsədi ilə keçirilən sertifikasiya imtahanından keçid balını toplaya bilmədiyindən əmək müqaviləsinə xitam verilmiş, bu səbəbdən bank krediti götürə bilməməsini səbəbindən borclu olduğu məbləği qaytara bilməmişdir. Hazırda cavabdehlər ona 4700 manat borcludurlar. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf edərək izahatında göstərdi ki, onlar həqiqətən iddiaçıdan 5000 manat borc götürmüşlər. Həmin puldan 300 manat qaytarmışlar. Hazırda iddiaçıya 4700 manat borcları vardır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. İddiaçı əvvəlcə 2000 manat, daha sonra 3000 manat pul vəsaitini cavabdehlərə vermiş, cavabdehlər isə həmin pul məbləğini almışdır. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddi hüquq normasının mənasından da aydın olur ki, ümumi halda borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin bağlanmış hesab olunması üçün iddiaçının pulu cavabdehlərə verməsi kifayətdir ki, işin bu halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh2 məhkəmə baxışı zamanı iddiaçıdan 5000 manat borc aldığını etiraf etmişdir. Odur ki, cavabdehin iddianı etiraf etməsi iddiaçını irəli sürdüyü tələbinin əsasını sübut etmək vəzifəsindən azad edir. Beləliklə, tərəflər arasında şifahi formada borc müqaviləsi bağlanmış, cavabdehlər iddiaçıdan borc pul alaraq üzərinə onu qaytarmaq öhdəliyi götürsələr də, 300 manat qaytarmışlar, lakin qalan 4700 manat pulun qaytarılması barədə öhədəliklərini pozmaqla pulu qaytarmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, 4700 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 67 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 67 manat dövlət rüsumu cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4700 (dörd min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 67 (altımış yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar